Məhkəmə qərarları › İş №2-1(103)-2901/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2901/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2901/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.2014-cü il təvəllüdlü X2 7E-001 saylı, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsinin, akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X2 soyadı Axundova, ata adı Natiq kimi göstərilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.2014-cü il təvəllüdlü X2 7E-001 nömrəli, xx.xx.2015-ci il tarixli doğumu haqqında akt qeydində dəyişiklik edilməsinin, Akt qeydində xx.xx.2014-cü il təvəllüdlü X2 soyadı Axundova, Ata adı Natiq kimi göstərilməsinin cavabdeh Bakı Şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2-1(112)-6279/2024 saylı qərardadı ilə Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-6279/2024 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-6279/2024 saylı, qərarından narazı qalan iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən, iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6279/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçı tərəfə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 05 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6279/2024 saylı qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 10 dekabr 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək qərardan şikayət vermənin son gününün xx.xx.2024-cü il tarixə düşdüyü, həmin tarixin həftənin bazar ertəsi olduğu, yaxın qohumunun yas mərasiminə görə Quba rayonuna getdiyindən həftə sonu və bazar ertəsi rayonda olduğu, xx.xx.2024-cü il tarixdə tərəfindən şikayət tərtib edildiyi, lakin sistemdə yaranmış xəta və internetin zəif olması nəticəsində apellyasiya şikayətinin verilməsinin mümkün olmaması, bu səbəbdən apelyasiya şikayətini xx.xx.2024cü il tarixdə verdiyini bildirərək apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməyinin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-4523/2024 saylı qərardadı ilə (hakimlər R.S.Səmədov (sədrlik edən), X.A.Cəmilova və E.Ə.Əliyev) iddiaçının nümayəndəsi və vəkili Vəkil1 prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Bakı İnzibati Məhkəməsinin e-05 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-6279/2024 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdlr. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... ərizədə göstərilən dəlillərlə bağlı (yəni yaxın qohumunun yas mərasiminə görə Quba rayonuna getməsi) qeyd olunmalıdır ki, həmin səbəb üzrlü sayıla bilməz, çünki iddiaçı özü də apellyasiya şikayəti verə bilərdi. Elektron məhkəmə sistemində yaranmış problemlə bağlı isə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də ərizədə qeyd edilənlər öz-özlüyündə müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-4523/2024 saylı qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 984/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-4523/2024 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-984/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini təmin etməyən apellyasiya instansiyası məhkəməsi isə iddiaçının ərizəsində göstərdiyi dəlillərə səthi yanaşaraq, həmin dəlillərin formal və əsassız olduğunu qeyd etməklə kifayətlənmiş, bununla bağlı öz mövqeyini yetərli və şübhələri aradan qaldıracaq şəkildə əsaslandırmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsində göstərdiyi halların müəyyən olunub-olunmaması istiqamətində lazımi araşdırma aparmalı, təsdiqini tapdığı təqdirdə isə müddətin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olub-olmaması baxımından həmin hallara hüquqi qiymət verməli idi”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-984/2025 saylı qərarında ifadə edilmiş mövqe ilə əlaqədar məhkəmə tərəfindən Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: “ ... İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət çərçivəsində verilməməsini apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş son gün - xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində texniki xətanın olması ilə əsaslandırır. Yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində texniki xətanın baş verib-verməməsi, 2-1(103)-2901/2025 saylı iş üzrə apellyasiya şikayətinin həmin gün yüklənməsində vətəndaşdan asılı olmayan hər hansı texniki maneənin olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Sizdən xahiş olunur”. Sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktubda aşağıdakılar qeyd olunmuşdur: “ ... Müraciətiniz üzrə aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə digər işlərlə bağlı apellyasiya şikayətlərinin daxil edilməsi faktı və xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin yüklənməsində vətəndaşdan asılı olmayan hər hansı texniki xətanın müşahidə olunmadığı müəyyən edilmişdir”. Eyni zamanda məhkəmə tərəfindən 30 iyun 2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: “ ... Odur ki, “yas mərasimi ilə bağlı rayonda olmanız və e-məhkəmə sistemində yaranmış xəta səbəbindən şikayətin yerləşdirilməsinin mümkünsüz olması” ilə bağlı sübutların araşdırılması məqsədilə məhkəməyə təqdim edilməsi Sizə təklif edilir”. Göstərilən sorğuya məhkəməyə hər hansı cavab daxil olmamış və müvafiq sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda tərəflər nə xx.xx.2025-ci il tarixdə, nə də ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, üçüncü şəxs Maraqlı şəxs ərizəyə etirazını elektron sistem vasitəsilə təqdim etsə də, iddiaçı tərəfindən iş ikinci dəfə apellyasiya instansiyası məhkəməsinin icraatında olan müddətdə hər hansı ərizə/müraciət/mülahizə məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İnzibati Prosessual Məcəllənin 24.1-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə qanunvericiliklə müəyyən olunmuş müddətin inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin yüklənməsində vətəndaşdan asılı olmayan hər hansı texniki xətanın müşahidə olunmamışdır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, "... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın". İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələrdə işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin “İnsan hüquqularının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışının tərkib hissəsinin olmasını qeyd etmişdir. Məhkəmə göstərmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə müddətindən asılı olmayaraq istənilən vaxt yenidən baxılması hüquqi müəyyənlik pinsipini və deməli, ədalətli məhkəmə baxışına olan hüququ pozur (X1rşı). Müəyyənlik insanın həyat fəaliyyətinin səmərəliliyinin əsas təminatlarından biridir. İnsanın məqsədi, məqsədə çatmaq üçün qarşısına qoyduğu vəzifələr, həmin vəzifələrin yerinə yetirilməsinin üsül və vasitələri, yolları müəyyən olduqda məqsədə nail olmaq çətinlik yaratmır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Hüquqi müəyyənlik prinsipi cəmiyyətdə nizam yaradır, cəmiyyət üzvləri üçün vahid davranış qaydalarını müəyyənləşdirir, sabitliyi, əmin-amanlığı təmin edən mühüm mexanizm kimi çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddətin bərpası barədə ərizəsində iddiaçının göstərdiyi dəlillər formal və əsassızdır. Ona görə də, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6279/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6279/2024 saylı qərarından iddiaçı (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar