Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2904/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5570/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3-8610/2024 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. 2006-cı ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Sonuncu müraciəti əsasında xx.xx.2023 tarixdə aparılmış yenidən hesablanma üzərindən müəyyən müddət keçdikdən sonra 2024-cii ilin iyun ayında pensiya ödənişi həyata keçirilməmiş və cavabdeh qurum tərəfindən 2024-cü ilin iyun ayında “Əmək pensiyaları haqqında Qanunun 37.3.1 -ci maddəsi əsasında yenidən hesablanmış pensiyanın məbləğinin azaldılması aparılmışdır. Buna əsas kimi cavabdeh qurum xx.xx.2022 tarixli, 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutub. Halbuki, cavabdeh qurum tərəfindən qanun səhv tətbiq edilir. Pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edir. Bununla qətiyyən razı deyildir, narazılığını belə əsaslandırır. Öz təşəbbüsü ilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən keçirilmiş inzibati icraat təzələnmişdir. Nəticədə cari ilin iyun ayında pensiyasının məbləğinin azaldılması aparılmışdır. Bununla bağlı, inzibati akt qəbul edilməsi haqqında ona məktub göndərilmişdir və sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasına daha az məbləğdə artım hesablanmışdır. Çünki sığorta kapitalı 72-dən daha böyük rəqəmə bölünmüşdür. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O, isə xx.xx.2017-cı ildən əvvəl 2006-cı ildə pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 av müəyyən edilib. Artırıla bilməz, axı bu həm də, pensiya təyin ediləndə aparılmış inzibati icraatın yenilənməsi deməkdir, hansı ki, vətəndaşın etimad hüququnu pozur. 144 ay yalnız 37.3.1-ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. 543 nömrəli qanun geriyə şamil edilsəydi bu halda ona pensiya təyin edilməsi də, yenidən aparılardı. Əgər 543 nömrəli qanunda yazılsa idi ki, xx.xx.2017 tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması hallarına şamil edilir, o halda cavabdeh haqlı olardı. Əks halda əgər 543 nömrəli qanunu geriyə şamil etsək alınan nəticə odur ki, 543 nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir ? Bununla bağlı 543 nömrəli qanunda göstəriş yoxdur. Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin qüvvədə olan ikinci cümləsi və qüvvədən düşmüş ikinci cümləsi eyni göstərişi nəzərdə tutur - pensiya ödənişi müddəti aylarının sayının artırılmasını, 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi 9-cu maddəyə əsasən pensiyaya çıxma zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edib, qüvvədə olan ikinci cümləsi isə Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan pensiyaçıların 37.3.1-ci maddəyə əsasən pensiyasının yenidən hesablanması zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edir. 20-ci maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edilir. Əgər cavabdehıin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin müddəaları xx.xx.2022-dən əvvəl 9-cu maddəyə əsasən pensiyaya çıxmış bütün pensiyaçıların pensiyasının xx.xx.2022-dən sonra 57.3.1-ci maddəyə görə yenidən hesablanması zamanı tətbiq edilməlidirsə, o halda hansı səbəbdən 627 nömrəli Qanunla keçid müddəalarında müəyyən edilir ki,"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin, 9-cu maddəyə əsasən pensiya təyin edilən hərbi və xüsusi rütbəli şəxslərin pensiya ödənişi müddəti aylarının sayı artırılıbsa, xx.xx.2023-dən etibarən qüvvəyə minmiş 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsinin mənası qalmır. “Əmək pensiyaları haqqında Qanunun 45ci maddəsinin xx.xx.2022 tarixdən qüvvədən düşmüş ikinci cümləsi ümumiyyətlə yenidən hesablanma ilə bağlı hər hansı göstəriş nəzərdə tutmur, həmin maddə pensiyaya çıxma yaşı əsasında hesablanma qaydası nəzərdə tutur, həmin maddədə məhz pensiyaya çıxma yaşı yazılıb. Həmin maddə pensiyaya çıxma zamanı tətbiq edilməli olan qaydanı nəzərdə tutur. Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "pensiyaya çıxma yaşı" yazılıb, xx.xx.2022 tarixdən ləğv edilmiş 17 nömrəli Qaydalarda 48-ci.49-cu misallarda isə "pensiyanın yenidən hesablanma yaşı" əsas götürülməklə yenidən hesablanma aparılıb. Pensiyaya çıxma yaşı deyil. 530 nömrəli qanunun keçid müddəaları isə onu nəzərdə tutur ki, ona xx.xx.2022 tarixdən əvvəl 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi əsasında pensiya təyin edilibsə həmin şəxslər xx.xx.2022 tarixdən sonra yəni, 45-ci maddənin ikinci cümləsi qanundan çıxarıldıqdan sonra, əvvəlki dövrlərdə təyin edilən pensiyanın məbləğinin yenidən hesablanmasını tələb edə bilməz, çünki məhz həmin maddənin qüvvədə olduğu vaxt o şəxslərə pensiya təyin edilib.
3. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3- 8610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı, İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2006-cı il tarixdə pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 152 aya (261616,32:152 ay (65 il – 58 il 4 ay = 80 ay + (144 ay - 72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 7912,62 manat məbləğində müəyyən olunması nəzərdə tutulub.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5570/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17-1/3- 8610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
9. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasına və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11.“İnzibati icraat haqqında” Azərbaycan Respublika Qanununun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
16. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-12-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
17. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçıya 2006-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/3-8610/2024 saylı qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və pensiya məbləği 7912,62 manat müəyyən edilmişdir.
18. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilmişdir.
19. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu verilmiş, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 Babayevə xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8610/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın təqdim edilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir.
20. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ xx.xx.2006-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur.
21. Belə olan halda kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi isə həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilər. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, Qanunun 29.2-ci maddəsi ləğv edilməsəydi belə Qanunun 37.3.1-ci maddəsinin 29.2-ci maddəsi ilə qarşılıqlı əlaqəsi mövcud deyildi. Əvvəla nəzərə alınmalıdır ki, Qanunun 29.1-ci maddəsi əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədardır, yəni əmək haqlarında statistik orta illik artım nəzərə alınmaqla dövlət tərəfindən şəxsin pensiya kapitalı ildə bir dəfə dövlət tərəfindən əvəzsiz olaraq artırılmasını nəzərdə tutur. Qanunun qüvvədən düşmüş 29.2-ci maddəsi isə 29.1-ci maddənin davamı olaraq Qanunun 20-ci maddəsində pensiyaları əmək haqqı nisbətində hesablanan (50-80%) peşələri göstərilmiş şəxslərin pensiya təminatı hüququnu əldə etdikdən sonra yeni iş yeri üzrə aldığı əmək haqqından formalaşmış kapitalının hesablanmasına aiddir. Belə ki, Qanunun 20-ci maddəsində göstərilmiş şəxlərin pensiya kapitalı Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə nəticəsində artırıldıqdan sonra dövlət tərəfindən həmin kateqoriyadan olan şəxslərin əmək haqlarına edilmiş artımların nəticəsi olaraq pensiya kapitalları 2 dəfə əsassız olaraq artır. Ədalətsiz artımın (əsassız varlanmanın) qarşını almaq niyyəti ilə 2019-cu ildə 29.2ci maddə Qanuna əlavə edilmişdir. Lakin hazırkı hal üzrə cavabdeh təşkilat heç bir əsas olmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən şəxsin öz əməyi ilə əldə etdiyi pensiya kapitalını yenidən hesablayarkən 29.2-ci maddənin tələblərinə istinad etməklə azaltmışdır. Hesab olunur ki, şəxsin pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi nəticəsində əldə etdiyi kapitalın yenidən hesablanmasını nəzərdə tutan 37.3.1-ci maddədən fərqli olaraq 29.1-ci maddədə nəzərdə tutulmuş artım (indeksləşdirmə) dövlət tərəfindən pensiya kapitalına əvəzsiz olaraq verilən ianə kimi qəbul olunmalıdır.
23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 24.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5570/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5570/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.