Məhkəmə qərarları › İş №2-1(103)-2905/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2905/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2905/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Mənzil Komissiyasının qərarının (protokolunun) ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Mənzil Komissiyasının qərarının (protokolunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8002/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, ev 16 ünvanında yerləşən, 26 nömrəli mənzilin 48 nömrəli order əsasında 24 iyun 1994-cü il tarixində ona verilməsi barədə Daxili Qoşunların Mənzil Komissiyasının qərarının (protokolunun) ona verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəli istefada olan zabitidir. 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti kimi Vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, iştirak etdiyi döyüşlərin birində mina partlayışından sonra yaralanmışdır və kontuziya da almışdır. Döyüş əməliyyatları zamanı qəhrəmanlıq göstərdiyinə görə (doqquz düşmən tankını şəxsən məhv etdiyinə və s. xidmətlərinə görə) Daxili Qoşunların Baş İdarəsi tərəfindən 24 iyun 1994-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, ev 16 ünvanında yerləşən sahəsi 28,88 kv metr olan 26 nömrəli mənzil ailə üzvləri qeydiyyata alınmaqla və 48 nömrəli order verilməklə ona təqdim olunmuşdur. Bir neçə dəfə Daxili Qoşunların Baş İdarəsinə rəsmi ərizə ilə müraciət edərək müvafıq sənədlərin təqdim olunmasında köməklik göstərilməsini xahiş etsə də həmin qurumun etinasızlığı ilə rastlaşmışdır. Sonuncu dəfə 30 aprel 2021-ci il tarixində X1 rəsmi ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, ev 16 ünvanında yerləşən, 26 nömrəli mənzilin 24 iyun 1994-cü il tarixində ona ayrılmasına dair Daxili Qoşunların Mənzil Komissiyasının Qərarının (Protokolunun) verilməsində köməklik göstərilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Sözegedən mənzilin ona verilməsini notarial qaydada təsdiq olunmuş 24 iyun 1994-cü il tarixli Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 48 nömrəli order və yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün verilmiş 08.07.1994-cü il tarixli arayış da təsdiqləyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8002/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında ona mənzilin ayrıldığı vaxtdan - 24.06.1994-cü ildən bu günədək 25 il müddətində pozulmuş hquqlarının bərpası ilə bağlı iddia qaldırmadığı göstərilmişdir. Məhkəmə həmin mənzildə bütün bu müddət ərzində məcburi köçkünlərin məskunlaşmasına və onların dövlət tərəfindən mənzillə təmin edilənədək məskunlaşdığı yerlərdən çıxarılmamalarına dair Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 №-li qərarına və Azərbaycan Respublikası Prezidentinin 298 №-li 1 iyul 2004-cü il tarixli Sərəncamına heç bir əhəmiyyət verməmişdir. Çünki, Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 №-li qərarının 4cü bəndində qeyd olunur ki, ''Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Qanunvericilikdə iddia müddətinin axımının nə vaxtdan başlanması dəqiqliklə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. O, bütün bu illər ərzində arxayın olmuşdur ki, əlində Daxili Qoşunların Baş İdarəsinin təqdim etdiyi rəsmi Order var və mənzil ona məxsusdur. Kimin ağlına gələrdi ki, 25 ildən sonra cavabdeh qurum vəzifəli şəxslərin imza və möhürü ilə təsdiq olunmuş rəsmi Orderindən imtina edəcək? Bu barədə yalnız 2020-ci ildə bilmiş, bununla bağlı şikayət qaydasında həmin quruma yazılı ərizə ilə müraciət etmiş, aldığı sonuncu cavabdan sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciıət etmiş, əgər cavabdeh qurum əvvəlki illərdə də verdiyi Orderdən imtina etsəydi, o zaman iddia qaldırardı. Belə olduğu tədqirdə sual olunur ki, o, hansı iddia müddətini ötürmüşdür? Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) X4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, hazırda həmin mənzildə Laçın rayonundan olan məcburi köçkünün yaşadığını, sözügedən məzili rəsmiləşdirmək istədiyini, orderin verilməsinə əsas olan Mənzil Məişət Komissiyasının qərarının verilməsini tələb etdiyini bildirmiş, bununla bağlı şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında idarədə xidməti orderlərin saxlanıldığını, sözügedən mənzilin Daxili Qoşunların balansında olmadığını, mənzilin verilməsi barədə Mənzil Məişət Komissiyasının qərarının omadığını bildirmiş, bununla bağlı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi tərəfindən verilmiş 48 saylı 24.06.1994-cü il tarixli orderin təsdiq edilmiş surətindən görünür ki, kapitan İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə (İddiaçı 1956 özü, Kazımova G.N. 1957 arvadı, Qasımov R.M. 1979 oğlu, Qasımova S.M. 1981 qızı, Qasımova C.M. 1989 qızı) ünvan 3 ünvanında 2 otaqlı mənzil ayrılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 13-18/1950 saylı 23.07.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 48 saylı 24.06.1994-cü il tarixli order və onun verilməsinə əsas olmuş sənədlər Daxili Qoşunların Baş İdarəsində mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi Maddi-Texniki Təminat İdarəsinin 49 saylı 27.09.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olmamışdır. Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinin 1/D-6/17-22 saylı 08.07.1994-cü il tarixli arayışdan görünür ki, həmin arayış kapitan İddiaçı yaşayış yeri üzrə ünvan 5 ünvanına qeydiyyata alınması üçün verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 592 saylı 28.07.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 ünvanında yerləşən doqquz mərtəbəli, 6 girişli yaşayış binası 1987-ci ildə istismara qəbul edilmiş və dövlət mənzil fonduna aid olmaqla həmin vaxtdan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********35 saylı 26.07.2021-ci il tarixli məktubundan göünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Hazırda iddiaçı sözügedən ünvanda olan mənzilin ona ayrılması barədə Mənzil Komissiyasının qərarının ona verilməsini tələb edir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 13-14/1748-1377Q saylı 04.06.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, DlN-in Daxili Qoşunlarında hərbi xidmətdə olarkən, həmçinin 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanması və kontuziya almasına dair arxiv sənədlərində məlumat olmadığından, Hərbi-həkim komissiyası onun barəsində qərar verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Eyni zamanda, İddiaçı 14 oktyabr 1992-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında mənzil növbəsində olması, mənzillə təmin olunması barədə bazada heç bir məlumatın aşkar olunmadığı bildirilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsinə istinad edərək iddiasının mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsasla iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı ona mənzil ayrılması barədə orderin verilməsi üçün əsas olmuş Mənzil Komissiyasının qərarının ona verilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının adına olan 48 saylı 24.06.1994-cü il tarixli orderin verilməsinə əsas olmuş sənədlərin Daxili Qoşunların Baş İdarəsində mövcud olmadığını bildirir. İşə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının adına olan 48 saylı 24.06.1994-cü il tarixli orderin verilməsinə əsas olmuş Mənzil Komissiyasının qərarının ona verilməsini tələb edərkən hüquqi marağının nədən ibarət olduğunu tam olaraq araşdırmamışdır. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ona vaxtilə orderlə verilmiş mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması, başqa sözlə həmin mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasının reallaşdırılmasına yönəlmişdir. Lakin iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının istinad etdiyi orderin mövcud olduğu, onun məhkəmə qaydasında ləğv edilmədiyi və ya etibarsız hesab olunmadığı halda iddiaçının hüquqi marağına uyğun iddia tələbinin qoyulması, hüquq marağının təmin edilməsinə yönəlmiş daha əlverişli və münasib iddia tələbinin irəli sürülməsi üçün iddiaçıya hüquqi yardım göstərilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə iddia müddətinin ötürülməsinə istinad edərək iddiasını qeyri-mümkün saymışdır. Halbuki, iddiaçının tələbi nə mübahisələndirmə, nə də məcburetmə haqqında iddia növünə aid olmayıb, inzibati orqan tərəfindən vaxtilə qəbul edilmiş qərarın (əgər Komissiyanın belə qərarı mövcud olmuşdusa) ona təqdim edilməsi ilə bağlı olmuşdur. Yəni, iddiaçı adı çəkilən Komissiyanın qəranının ona təqdim edilməsini tələb edir ki, bu da inzibati aktın nə mübahisələndirilməsi, nə də belə inzibati aktın qəbul edilməsinə (məcbur edilməsinə) yönəlmiş iddia kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının ona mənzil ayrılması ilə bağlı adına verilmiş orderin verilməsi üçün əsas olan Mənzil Komssiyasının qərarının təqdim edilməsi barədə tələbə iddia müddətinin tətbiqi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmadığı üçün birinci instansiya məhkəməsinin bu əsasla iddianı qeyri-mümkün sayması düzgün olmamışdır. Bir daha nəzərə alınması vacibdir ki, iddiaçının ona verilməsini tələb etdiyi Mənzil Komissiyasının qərarı (əgər belə qərar mövcuddursa) inzibati icraatın yekununa dair aktdır və inzibati aktın təqdim olunması ilə bağlı qanunvericilikdə hər hansı müddət müəyyən edilməmişdir. Digər tərəfdən, işə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının ona təqdim edilməsini tələb etdiyi qərarın ümumiyyətlə o dövrdə Mənzil Komissiyası tərəfindən qəbul edilib-edilmədiyini, belə qərarın mövcudluğunu, ayrılan mənzilin dövlət mənzil fonduna aid olduğu təqdirdə onun həmin dövrdə iddiaçıya ayrılmasının mümkün olubolmadığını, mümkün olmadığı təqdirdə iddiaçıda olan mənzilə dair orderin hansı əsasla ona verildiyini, necə əldə edildiyini də araşdırmamışdır. Bununla da işə baxmış birinci instansiya məhkəməsi iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının adına olan orderin verilməsi üçün əsas olmuş sənədlərdən Mənzil Komissiyasının qərarının ümumiyyətlə mövcud olub-olmadığı, mövcud olduğu təqdirdə həmin qərarın qüvvədə olub-olmadığı, hazırda iddiaçıya surətinin verilməsinin mümkünlüyü məsələləri yuxarıda qeyd olunan məsələlərlə birlikdə aydınlaşdırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 28.09.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8002/2021 saylı 28 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar