Məhkəmə qərarları › İş №2-1(103)-2906/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2906/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2906/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Üçüncü şəxs X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 3-cü şəxsin cəlb edilməsindən imtina edilməsi və məhkəmə qərarının icrasında dönüş edilməsi barədə 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadlarından iddiaçı və 3-cü şəxs X.Sadıxov tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Lakin apellyasiya şikayətlərinin məzmunu oxşar, şikayətdə mübahisələndirilən məhkəmə aktının tarix və nömrələri eyni olduğundan məhkəmə İPM-in 13-cü maddəsinə əsasən qeyri-müəyyənliyin dəqiqləşdirilməsi üçün iddiaçı və 3-cü şəxsə məktub göndərmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin məhkəmə qərarının icrasında dönüş edilməsi barədə 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Beləliklə, İddiaçı Bakı İnzibati Məhkəməsinin məhkəmə qərarının icrasında dönüş edilməsi barədə 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadından apellyasiya şikayəti verdiyi dəqiqləşdirilmiş və şikayət mümkün sayılmışdır. Məhkəmə Kollegiyası İddiaçı Bakı İnzibati Məhkəməsinin məhkəmə qərarının icrasında dönüş edilməsi barədə 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadından apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,78 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati mübahisəyə 7 mart 2014-cü il tarixdə mahiyyəti üzrə baxılmış və məhkəmənin həmin tarixli (2-1(82)-1336/2014 saylı) qərarı ilə iddia təmin edilərək, İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.800 kv.m (0,78 ha) torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İPM-in 75.4-cü maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 7 mart 2014-cü il tarixli qərarı, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qanuni qüvvəyə minmişdir. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizəçilər X11, X5 və X2 onların həmin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması barədə birgə ərizəsi daxil olmuşdur. İPM-in 28-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərardadı ilə iş üzrə 7 mart 2014-cü il tarixli məhkəmə qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və ərizəçilər X11, X5 və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə (2-1(82)-13/2017 saylı) 18 avqust 2017-ci il tarixli qərardadı ilə İPM-in 55.3, 55.5-ci maddələrinə əsaslanaraq iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir.Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. 5 noyabr 2021-ci il tarixdə üçüncü şəxs X11 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ərizəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1336/2014 saylı iş üzrə 27 mart 2014-cü il tarixli qərarının ləğv olunduğunu bildirərək onun icrasına dönüşün təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-13/2017 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxsin “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” ərizəsi təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarının icrasına dönüş edilərək, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qəraqdadından narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1199/2022 saylı 3 mart 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-13/2017 saylı 25 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 mart 2014-cü il tarixli qərarın icrasında dönüş edərkən ətraflı araşdırma aparmamış, həmin dönüşün icrasını əngəlləyən halların mövcud olub-olmamasını aydınlaşdırmamışdır. İş materialları, o cümlədən cavabdehin apellyasiya şikayəti ilə müəyyən olunur ki, məhkəmənin qeyd olunan qərarı əsasında iddiaçı X14 0,7722 kv.m torpaq sahəsinə mülkiyyət hüquqları 26 aprel 2014-cü il tarixdə reyestrdə qeydiyyata alındıqdan sonra o, 30 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin 0,20 ha hissəsini X1, 18 iyul 2014-cü il tarixdə torpaq sahəsinin həmin 0,20 hissəsi sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Eyni zamanda, 18 iyul 2014-cü il tarixdə də, qalan 0,5722 ha torpaq sahəsinə İddiaçı adlna reyestrdə qeydiyyat aparılmışdır. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 8(005)-1306/2018 saylı mülki iş üzrə məhkəmənin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı qalan 0,5722 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, ən azından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qərardadı ilə mübahisəli torpaq sahəsinin 0,5722 ha ölçüdə olan hissəsinin üzərinə həbs qoyulması 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı iş üzrə 27 mart 2014-cü il tarixli qərarının icrasına dönüş olunmasını imkansız edir. Çünki, həmin torpaq üzərində mövcud olan həbs qeydi, reyestrdə hər hansı bir əməliyyatın, o cümlədən icrada dönüş qeydinin aparılmasının qarşısını alır. Torpağın satıldığı digər 0,20 ha hissəsinə gəldikdə isə, həmin hissədə xeyrinə qeydiyyat aparılan şəxs (X15) hazırkı işin iştirakçısı olmayan kənar bir şəxsdir. Birinci instansiya məhkəməsi tərəfindən isə, icrada dönüş barədə ərizəyə baxılarkən həmin sənədlər məhkəmə tədqiqatının predmetini təşkil etməmiş, işdə iştirak edən bütün şəxslərin iştirakı təmin olunmaqla hərtərəfli araşdırma aparılmamış, torpaq sahəsinə dair reyestrdə məhdudiyyətlərin olub-olmamasına aydınlıq gətirilməmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzbati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmə tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə sorğu məktubu ünvanlanaraq, həmin məhkəmənin icraatında olmuş müvafiq mülki iş üzrə 8(005)-1306/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qərardadın qüvvədə olub-olmaması, ondan şikayət verilib-verilməməsi barədə məlumatların bildirilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş 20 fevral 2023-cü il tarixli cavab məktubunda bildirilir ki, həmin məhkəmənin 8(005)-1306/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, X22 prospekti, ev 23/25, 69 nömrəli mənzil və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,5722 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Məhkəmənin 8(005)-1306/2018 saylı 10 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,5722 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülmüşdür.Bakı Apellyasiya Məhkəməsinin 8(103)-42/2023 saylı 9 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1306/2018 saylı 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 9 fevral 2023-cü il tarixli həmin qərardad qanuni qüvvəsini almışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadı ilə üçüncü şəxsin “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” ərizəsi qismən təmin edilmiş. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarının icrasına qismən dönüş edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, X24 qəsəbəsidə 20 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin RX ******* sariyalı Çıxarışı və texniki sənədləri onun adınadır (Əlavə olunur). Torpaq sahəsi tərəfimdən hasara alınmış və darvaza qoyulmuşdur. Bir neçə gün əvvəl torpaq sahəsində olarkən orada kənar şəxslərin ev tikdiyini görmüş və bu barədə Xəzər rayon polis idarəsinə şikayət etmişdir. Məlum oldu ki, onun hazırkı iş üzrə iddiaçı həmçinin onun qardaşı X12 ona məxsus torpaq sahəsini bələdiyyə ilə birlikdə kənar şəxslərə satmışdır. Həmin şəxslər torpaq sahəsini Əbülfəzdən və Binə Bələdiyyəsindən aldığını və ondan torpaq sahəsinə gəlməməyi tələb etmişdir. O,əlində qanuni sənədlərinin olduğunu bildirsə də o, həmin sənədlərin ləğv olunduğunu və ona apellyasiya məhkəməsinin qərarının olduğunu bildirmiş və məktubun surətini təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiysının 14 oktyabr 2016-cı il tarixli 2-l(103)-1637/16 saylı qərarına əsasən onun qardaşı X3 verdiyi iddia tələbi əsasında ona İddiaçı tərəfindən satılmış torpaq sahəsinə dair Binə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 121 saylı sərəncamı etibarsız hesab edilmişdir.Qeyd edir ki, qardaşının məhkəməyə təqdim etdiyi sənədlər də saxtadır, ona sovxoz tərəfindən torpaq sahəsi verilməmişdir, belə ki o sovxozda işləməmişdir. Onun əlindəki sərəncam isə tamamilə başqa yerə aid qanunsuz verilmiş bir sənəd ola bilər. Hazırda öz hüquqlarını müdafiə etmək üçün ona Bakı Apellyasiya Məhkəməsinin inzibati- iqtisadi Kollegiysının 14 oktyabr 2016-cı il tarixli 2-l(103)-1637/16 saylı qərarı təqdim edilməsi barədə müraciət olunmuş və qərarın inzibati məhkəmədə olduğu rəsmi məktubla bildirilmişdir (əlavə olunur). Belə ki, məhkəmə hazırkı qərarı çıxararkən onu üçüncü şəxs kimi işə cəlb etməyərək onun hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir ki, bu da həmin qərarınn ləğvi üçün əsasdır. Əlavə olunmuş çıxarış və texiniki sənədlərdən həmçinin alqı -satqı müqaviləsindən görünür ki, ona satılmış 20 sot torpaq sahəsi ləğv olunmuş Binə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 121 saylı sərəncamının əsasən İddiaçı verilmiş 2 sotun 20 sotuna aiddir və bir başa onun manfelərinə təsir edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddiaçının apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər şəxslər məhkəmə iclasına gəlməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı qərardadı “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Resöublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəaları tətbiq oluna bilər. MPM-in 236-1.1-ci maddəsinə görə icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. MPM-in 236-1.2-ci maddəsinə görə məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. MPM-in 236-1.3-cü maddəsinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1336/2014 saylı iş üzrə 7 mart 2014-cü il tarixli qərarı ləğv olunması həmin qərarın icrasına dönüş olunmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.722 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğvini şərtləndirir. Nəzərə alınmalıdır ki, məhkəmənin 7 mart 2014-cü il tarixli qərarı ilə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair reyestrdən çıxarış alındıqdan sonra 30 iyun 2014-cü il tarixli müvafiq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,20 ha hissəsi X3 adına 18 iyul 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Sözügedən 30 iyun 2014-cü il tarixli müqavilə və onun əsasında aparılmış 18 iyul 2014-cü il tarixli qeydiyyat qüvvədədir. Bundan başqa, 0,20 ha torpaq sahəsi ilə bağlı adına qeydiyyat aparılmış X15 hazırkı iş üzrə ilkin icraata (iş üzrə icraata xitam verilənədək) cəlb olunmamışdır. Onun cəlbi əsasında məhkəmə aktının ləğv olunması və icraatın təzələnməsi İPM-də nəzərdə tutulduğu kimi həmin aktın yekun məhkəmə qərarı kimi çıxş etdiyi halda mümkün ola bilərdi, lakin qərarla hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu təqdirdə. Məlumdur ki, iş üzrə qərar deyil, icraata xitam verilməsi barədə qərardad qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, hazırkı ərizəyə baxılması ilə əlaqədar iclasda iddiaçını təmsil edən nümayəndə (vəkil) müvafiq ərizə təqdim edərək X9 da təmsil etdiyi bildirmiş və həmin şəxsin üçüncü şəxs qismində icraata cəlbini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan səbəblərdən adıçəkilən şəxsin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbini təmin etməmişdir. Qərar qəbul olunan zaman X6 qanunla qorunan maraqlarına toxunmamışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq, belə nəticəyə gəlir ki, 30 iyun 2014-cü il tarixli alqı-satqı müqaviıəsi və onun əsasında X7 adına aparılmış 18 iyul 2014-cü il tarixli qeydiyyat qüvvədə olduğundan və mübahisələndirilmədiyindən, sözügedən müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,20 ha hissəsinə münasibətdə “icraya dönüş” aparılması mümkün deyil. 7 mart 2014-cü il tarixli məhkəmə qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış 0,5722 ha torpaq sahəsinə gəldikdə isə, məhkəmə qeud edir ki, həmin torpaq sahəsinin üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1306/2018 saylı 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə qoyulmuş həbs adıçəkilən məhkəmənin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə götürülmüşdür və qeyd olunan qərardad qanuni qüvvəsindədir. Bu isə o deməkdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv olunmuş 7 mart 2014-cü il tarixli qərarı əsasında müvafiq torpaq sahəsinə dair aparılmış qeydiyyatın 0,5722 ha hissəsinə münasibətdə icraya dönüş olunmasının qarşısını alan hər hansı hal yoxdur. Odur ki, həmin 0,5722 ha torpaq sahəsinə aid hissədə məhkəmə qərarına dönüş olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən iddiaçıın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır və həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Şikayətin iddiaçıya satılmış 20 sot torpaq sahəsi ləğv olunmuş Binə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 121 saylı sərəncamına əsasən İddiaçı verilmiş 2 sotun 20 sotuna aid olması, Bakı Apellyasiya Məhkəməsinin inzibati- iqtisadi Kollegiysının 14 oktyabr 2016-cı il tarixli 2-l(103)-1637/16 saylı qərarının iddiaçının maraqlarını pozması ilə bağlı dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin özündə də qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiysının 14 oktyabr 2016-cı il tarixli 2l(103)-1637/16 saylı qərarına əsasən onun qardaşı X3 verdiyi iddia tələbi əsasında ona İddiaçı tərəfindən satılmış torpaq sahəsinə dair Binə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 121 saylı sərəncamı etibarsız hesab edilmişdir. Odur ki, həmin dəlil Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)- 13/2017 saylı “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” qərardadının ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)- 13/2017 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(82)-13/2017 saylı “məhkəmə qərarının icrasına dönüş edilməsi barədə” qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar