Məhkəmə qərarları › İş №2-1(103)-2907/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2907/2019

19.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2907/2019 19.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun və onun vəkili X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1089/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR ƏƏSMN DSMF Suraxanı rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb, sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu 16.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1089/2019 nömrəli iş üzrə 05.03.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qərar mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən ləğv edilməlidir. Məhkəmə isə, iddiaçının həmin xahişini nəzərə almış və tərəflərin bərabərliyini pozaraq, düzgün olmayan qənaətə gəlmişdir. Halbuki, iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarın 9.1 maddəsinə əsasən 57 yaşına çatdıqda ona güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1233/2019 nömrəli iş üzrə 12.06.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05.03.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2955/2019 nömrəli iş üzrə 23.10.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003-cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 11.01.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “Xüsusi şərtlərlə təyinat İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın iş üzrə 21.11.2019-cu il tarixli qərardadı ilə cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi, AR ƏƏSMN DSMF Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. 16.03.1959-cu il təvəllüdlü iddiaçı 01.09.1974- 20.07.1976-cı il tarixləri arasında təhsil almış, 23.07.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, 25.10.1978-14.12.1980ci il tarixləri arasında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş, 03.03.1982-ci il tarixdən Bakı Metropolitenində təmir üzrə çilingər peşəsinə qəbul edilmiş, 09.06.1982-ci il tarixdən 3-cü dərəcəli çilingər elektrik peşəsinə keçirilmiş, 01.07.1982-ci il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsinə hərəkət qatarlarının maşinist köməkçisi peşəsinə keçirilmiş, 24.02.1986-cı il tarixdən Nərimanov elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsində çalışmış, 12.07.2014-cü il tarixdən Depolar üzrə iş departamentinin istismar sahəsinə hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmiş, 01.11.2017-ci il tarixdən isə Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin istismar sahəsində hərəkət qatarlarının maşinisti peşəsinə keçirilmişdir və hal-hazırda da həmin peşədə işləyir. İddiaçı ona güzəştli şərtlərləəmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun 12.10.2018-ci il tarixli 18/5806 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinəəsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. Tələb olunan güzəştli iş stajı olmadığından güzəştli şərtlərləəmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ali Məhkəmənin iş üzrə 23.10.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsinin “21.4. Dəmiryolu nəqliyyatı.” bəndini düzgün olaraq tətbiq etmişdir, çünki elektrik qatarlarından həm dəmir yolunda, həm də metropolitendə istifadə olunur. Həmin bənddə “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” güzəştli şərtlərlə yaşa görəəmək pensiyası almaq hüququna malikdir. İddiaçı çalışdığı həmin peşələr “Siyahı”da göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. Göründüyü kimi qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4-cü bölmədə nəzərdə tutsa da, 21.5-ci bölmədə nəzərdə tutmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin “Siyahı”nın 21.4cü bölməsində göstərilən peşə növlərinə uyğun gələn peşələr hesab edilməli olması nəticəsinə gəlsə də, istinad etdiyi 21.4-cü bölmə üzrə peşədə çalışanlara iddiaçını aid etmək əsaslarını məhkəmə müəyyən etməmişdir. Belə ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliten”i bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4-cü bölmədə nəzərdə tutsa da, 21.5-ci bölmədə nəzərdə tutmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1089/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınıb, sosial sığorta stajına daxil edilməklə 57 yaşının tamam olduğu 16.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar