Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2908/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X29 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X14 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3126/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsliyyətə cəlb edilməsi haqqında **********4449 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********3593 saylı və xx.xx.2024-cü il tarixli **********4449 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Daxili Qoşunlarda xidmət etmişdir. Hal-hazırda təqaüdçüdür. Fərdi fəaliyyətlə, yəni Manqal (Dönərxana) fəaliyyəti ilə məşğul olmaq üçün 2024-cü ilin iyun ayının təxminən 24-də Babək adlı şəxs Xəzər rayonu Binə qəsəbəsi Ülvi Şadlıq sarayının yanında obyekti ona göstərmiş və bildirmişdir ki, istəsə bu obyekti istifadə edə bilər. Aralarında hər hansı bir müqavilə, yəni icarə müqaviləsi bağlanılmadı. Səbəb də o idi ki, o, vergi uçotundan keçdikdən sonra müqavilə bağlanmalı idi. Babək obyekti ona göstərəndən sonra qaynını ora gətirib təmizik işlərinin aparılmasını xahiş etmişdir. İddiaçı özünə Asan Xidmətdə ********** saylı VÖEN açmışdır. Həmin günün səhəri Vergilər Nazirliyinin tabeçiliyində olan Heydər Əliyev prospektində yerləşən Vergilərin qeydiyyatı uçotu idarəsinə müraciət edərək qeydiyyata alınmağını xahiş etmiş, ona bildirmişlər ki, qeyd olunan obyekt başqasının istifadəsində olmaqla qeydiyyatında olduğu üçün onun adına sənədləşdirə bilmirlər. İddiaçı həmin şəxsin kim olmasını və şəxsiyyətini müəyyənləşdirmək üçün Babəkə zəng etmiş, o, iddiaçıya bildirmişdir ki, onun haqqında məlumatlar onda yoxdur. İddiaçı uzun müddət hərbidə xidmət etdiyi zaman bir çox xəstəliklərdən əziyyət çəkir. Həmin vaxt xəstələndiyi üçün qaynına demişdir ki, yerin adına olan şəxsi tapa bilmədiyi üçün o, həmin yeri işlədə bilməz və sahibinə təhvil vermək lazımdır. Danışdığı günü, yəni xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları çəkilişlə həmin obyektə gələrək obyekti guya qanunsuz istifadə etməyini, kassa aparatının olmamağını, 5 nəfəri qanunsuz işlətməyini qeyd etməklə protokol tərtib etmişlər. İddiaçı Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd olunan obyekt 2-3 gün istifadəsində olub. Həmin vaxtda yalnız təmir-təmizlik işləri aparmışdır. Qeyd olunan obyekti öz adına qeydiyyata ala bilmədiyi üçün və xəstələndiyi üçün istifadə etməkdən imtina etmişdir. Yazılan protokolun əsassız olduğunu bildirməklə ləğvini xahiş etmişdir. Onun çoxsaylı ərizələr və telegram verməyinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə ünvanına qeyd etdiyi təşkilatdan qərar daxil olmuşdur. Həmin qərarda onun 5 nəfəri müqaviləsiz işlətdiyinə görə 10.000 manat cərimə və kassa aparatı olmadığı üçün 1000 manat cərimə olunmağı göstərilməklə, 11000 manat pulun xx.xx.2024-cu il tarixə qədər ödənilməsi tələb edilmişdır. Ona qarşı edilən bu haqsızlığa görə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3126/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixi **********3593 nömrəli və xx.xx.2024cü il tarixli **********4449 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsinin “X34nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0774 nömrəli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ülvin şadlıq sarayının yanında yerləşən “Nömrə 1 Manqal” adlı obyektdə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:30-da həyata keçirilmiş X34 tədbiri zamanı ictimai iaşə xidmətinə görə ödənilmiş 3,2 manat məbləğin nəzarət-kassa aparatının yaddaşına mədaxil olunmadığı, araşdırma zamanı obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı müəyyən edilərək, X34 tədbirinin nəticəsinin xx.xx.2024-cü il tarixli DVX seriyalı 039382 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Tərtib olunmuş akt və materiallara baxılmada iştiraka dəvət edilmə barədə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********106000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da oxunmuşdur. Bundan əlavə, vergi orqanının xx.xx.2024-cü il tarixli **********858500 nömrəli məktubu ilə vergi ödəyicinin X34 tədbirinin nəticəsinə baxılması üçün xx.xx.2024cü il tarixə dəvət edildiyi, həmin məktubla elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da tanış olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********585000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə saat 21:52-də oxunmuşdur. Bundan əlavə qeyd olunan obyektdə keçirilmiş X34 tədbiri zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 000867 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X34nin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Nəzarət tədbiri zamanı aktda adları qeyd olunmuş şəxslərdən 4 nəfəri izahat verərək fərdi sahibkar İddiaçı tərəfindən işə qəbul olunduqlarını, lakin onlarla əmək müqaviləsinin bağlanmadığını, yəni əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədiyini, 1 nəfər isə izahat verməkdən imtina etdiyini, telefon vasitəsi ilə İddiaçıla əlaqə yaradılarkən rayonda olduğundan yoxlamada iştirak edə bilməyəcəyini, nümayəndəsinin gəlib iştirak edəcəyini, yoxlama başlayandan 25-30 dəqiqədən sonra özünü İddiaçı oğlu kimi təqdim edən X3 yaxınlaşdığını, atasının xəstə olduğunu söylərək X34 tədbirində iştirak edə bilməyəcəyini, özünün isə səlahiyyətli nümayəndə olması ilə bağlı etibarnamənin olmadığını bildirdiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş İdarənin xx.xx.2024-cü il tarixli **********153400 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da oxunmuşdur. Həmçinin vergi orqanının xx.xx.2024-cü il tarixli **********382900 nömrəli məktubu ilə vergi ödəyicinin X34 tədbirinin nəticəsinə baxılması üçün xx.xx.2024-cü il tarixə dəvət edildiyi, həmin məktubla elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:29-da tanış olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4449 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli **********519700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə saat 21:55-də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin qərarlardan xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********915600 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 19 sentyabr 2024-cü il tarixli **********860600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. X10 vergi orqanına təqdim etdyi xx.xx.2024cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən N1 Manqal kafesində paketçi dönərçi vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, aylıq əmək haqqının 350 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən dönərçi Turalı, xadimə Cəmiləni, aşbaz köməkçi Ürfan, kassir Badullanı tanıdığını bildirmişdir. X17 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən aşbaz vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, aylıq əmək haqqının 450 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən X37, X15 və X8 tanıdığını bildirmişdir. X4 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən xadimə vəzifəsinə İddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini, gündəlik əmək haqqının 10 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən aşbaz Ürfanı, dönərçi Turalı, paketçi Ceyhunu tanıdığını bildirmişdir. X23 vergi orqanına təqdim etdyi xx.xx.2024-cü il tarixli etirafedici izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə cəlb edildiyini, onunla nə əmək, nə də xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 40 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən X25, X15 və X8 tanıdığını bildirmişdir. İddiaçının vergi orqanına ünvanladlığı xx.xx.2024-cü il tarixli **********444300 nömrəli məktubda qeyd olunan obyektdə 2 gündür işlədiyini, səhhəti ilə bağlı poblemi olduğunu, həkimdə olan zaman yoxlama keçirildiyini, akt tərtib edildiyini, hazırda obyektin bağlı olduğunu bildirərək, həmin obyektdə fəaliyyət göstərməsini etiraf etmişdir. İnzibati araşdırma zamanı fərdi sahibkar İddiaçı oğlu X3 (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi, həmin obyekti xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında vətəndaş X16 aylıq icarə haqqı 300,0 manat olmaqla icarəyə götürdüyü, obyektdə xx.xx.2024-cü il tarixdə NKA quraşdırıldığı müəyyən edilmişdir. Həmçinin İddiaçı fəaliyyət göstərdiyi obyektdə dönərçi kimi işləyən X21 nəzarət tədbirindən sonra xx.xx.2024-cü il tarixdə X9 tərəfindən aşbaz kimi işə qəbul olunduğu müəyyən edilmişdir. OVN tədbirinin həyata keçirildiyi tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ülvi şadlıq sarayının yanında yerləşən “Nömrə 1 Manqal” adlı obyektdə İddiaçı sahibkarlıq fəaliyyəti göstərməsi onun özü tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli **********444300 nömrəli məktubla da, işçilərin izahatları ilə də sübut olunur. Hansı ki, həmin məktubda 2 gündür ki, obyektdə fəaliyyət göstərdiyini etiraf etmişdir. Eyni zamanda qeyd olunan hal məhkəmə prosesində də İddiaçı tərəfindən etiraf olunmuşdur. Həmin obyektin X6 adına uçota alınması halına münasibətdə isə bildirilir ki, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən də aydın olduğu kimi OVN tədbirinin həyata keçirildiyi təsərrüfat subyekti (obyekti) xx.xx.2022-ci il tarixdə sonuncunun adına uçota alınsa da xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən obyektin fəaliyyəti dayandırılmışdır. Eyni zamanda həmin obyektdə olan nəzarət kassa-aparatı isə X6 xx.xx.2023-cü il tarixli **********385200 nömrəli ərizəsinə əsasən uçotdan çıxarılmışdır. X1 xx.xx.2023-cü il tarixli **********510300 nömrəli ərizəsinə əsasən sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Yuxarıda qeyd olunan məlumatlardan da göründüyü kimi OVN tədbiri zamanı X12 həmin obyektdə sahibkarlıq fəaliyyəti göstərməmişdir. Qeyd olunan halların hər biri məhkəmə prosesində bildirilsə də, İddiaçı obyektdə fəaliyyət göstərməsi video görüntü də daxil olmaqla iş üzrə bütün sübutlarla birlikdə təsdiqlənsə də məhkəmə obyektin İddiaçı adına uçota alınmamasını əsas götürərək tamamilə əsassız bir qərar çıxarmışdır. Qeyd olunmalıdır ki, M.Umudvar tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin vergi orqanında müvafiq qaydada uçota alınmaması faktı, onun digər kassa aparatının qanunvericiliyə uyğun olaraq qeydiyyata alınmaması, habelə əmək münasibətlərinin rəsmiləşdirilmədən işçi qüvvəsindən istifadə edilməsi hallarına görə vergi qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi məsuliyyətdən azadolma üçün əsas hesab edilə bilməz. Məhkəmənin X34nin məhz vergi ödəyicilərinə aid ərazilərdə (obyektlərdə) keçirilməsinin mümkün olması, vergi ödəyicisi tərəfindən uçota alınmamış obyektdə fəaliyyət göstərildiyi halda onda OVN tədbirinin keçirilməsinin qanunsuz olması barədə fikri tamamilə əsassızdır. OVN tədbiri zamanı İddiaçı obyektdə olmaması səbəbindən vergi ödəyicisi barəsində təyin olunmuş X34 tədbiri və aşkar edilmiş vergi hüquq pozuntuları barədə vergi ödəyicisini məlumatlandırmaq, habelə OVN-ə dair sənədlərlə (xx.xx.2024-cü il tarixli **********0774 nömrəli “X34nin həyata keçirilməsi haqqında” Qərar, xx.xx.2024-cü il tarixli KY242122754 yoxlama kodlu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, Baş idarənin xx.xx.2024-cü il tarixli **********0790 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar və Baş idarənin xx.xx.2024-cü il tarixli **********0788 nömrəli “X34nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə) tanış etmək üçün vergi ödəyicisini obyektə dəvət etmək məqsədi ilə vergi ödəyicisinə aid vergi uçot-baza məlumatlarında mövcud olan ***-***-**-** mobil telefon nömrəsinə vergi orqanının əməkdaşları tərəfindən zəng edilmiş və nəticədə telefon danışığı zamanı özünü vergi ödəyicisi İddiaçı kimi təqdim etmiş şəxsə yuxarıda qeyd olunan məsələlər barədə məlumat verilmiş və ondan özünün və ya olduğu təqdirdə səlahiyyətli nümayəndəsinin obyektə gəlməsi xahiş edilmişdir. Fərdi sahibkar İddiaçı toyşənliyi ilə əlaqədar şəhər xaricində (rayonda) olduğunu və bu səbəbdən də obyektə gələ bilməyəcəyini, lakin nümayəndəsinin obyektə gələcəyini bildirmişdir. Bunun müqabilində həmin şəxsə vergi ödəyicisinin müvafiq hüquq və vəzifələri barədə məlumat verilmiş və keçirilmiş OVN tədbirinin nəticəsi üzrə 2 (iki) nüsxədən ibarət tərtib olunacaq aktlarla vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin tanış ediləcəyi və aktlarda imza edildikdən sonra həmin aktların bir nüsxəsinin səlahiyyətli nümayəndəyə təqdim edilməsinin mümkün olduğu bildirilmişdir. Həmçinin telefon danışığı zamanı İddiaçı səlahiyyətli nümayəndə tərəfindən aktların qəbul edilməsindən imtina ediləcəyi təqdirdə aktların bir nüsxəsinin prosedur qaydalara uyğun olaraq poçt vasitəsilə vergi ödəyicisinin hüquqi ünvanına göndəriləcəyi bildirilmişdir. Təqribən 25-30 dəqiqədən sonra obyektdə bir neçə fiziki şəxs gəlmiş və özünü X2 təqdim edərək fərdi sahibkar İddiaçı oğlu olduğunu, İddiaçı səhhətində yaranmış problemlə bağlı obyektə gələ bilməyəcəyini və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi çıxış etmək üçün etibarnaməsinin mövcud olmadığını bildirmişdir. Qeyd olunanların hər biri məhkəməyə təqdim oldunmuş video görüntüdə və vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixdə saat 18:30-da vergi orqanının əməkdaşları tərəfindən keçirilən X34 tədbiri zamanı 1 ədəd lavaşda toyuq dönər və bir ədəd ayrana görə ümumilikdə 3,20 manat nağd pul vəsaitinin ödənildiyi, lakin ödənişin müqabilində ödənişi təsdiq edən kassa çekinin təqdim olunmadığı müşahidə olunmuşdur. Aparılan araşdırma zamanı obyektdə kassa aparatı quraşdırılmadan pul hesablaşmalarının aparılması faktı müəyyən edilmişdir. Məhkəmə qərarından da göründüyü kimi obyektdə kassa aparatı quraşdırılmadan fəaliyyət göstərilməsi halı video görüntüdə müştəri tərəfindən mal alınması ilə də birbaşa sübut olunur. Video görüntüdə müştəri tərəfindən mal alınması obyektin fəaliyyət göstərməsini də birbaşa sübut edən faktdır. Məhkəmənin “bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3.2 manatın ödənildiyi halda həmin məbləğin nəzarət kassa aparatına vurulmamasını qeyd etsə də video görüntüdə həmin hallar öz təsdiqini tapmır” qeydinə münasibətdə bildirilir ki, həmin əməliyyatın həyata keçirildiyi zaman video çəkilişin aparılması mümkünsüzdür. Çünki bu halda vergi ödəyicisi tərəfindən çəkilişin aparılmasından məlumatlı olunduğundan qeyd olunan pozuntu halının aşkarlanması mümkünsüz olardı. İndiki halda nağd pul hesablaşmalarının pozulması faktı video görüntü ilə digər bir mal alışı ilə də sübut olunmasına baxmayaraq, məhkəmənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli qərarın ləğv edilməsi qənaətinə gəldiyi qərar tamamilə əsassızdır. Video görüntülərdən də aydın olduğu kimi vergi orqanının əməkdaşları tərəfindən fiziki şəxslərə suallar verilmiş və sualların cavabları verildikdən sonra yalnız yazılmasında onlara köməklik edilmişdir. İzahat verən 4 işçinin hər biri öz iradəsilə izahatı yazmış və imzası ilə təsdiq etmişdir. İzahat verməkdən imtina edən X18 isə video görüntüdən də göründüyü kimi OVN tədbiri zamanı gələn müştəriyə satışı həyata keçirmiş və işçi kimi fəaliyyəti video ilə də sübut olunmuşdur. Video görüntüdən də göründüyü kimi işçilərin hər biri uniformada olmuşdur. Çəkiliş zamanı xadimə X7 mətbəxdə qabları yuması da öz əksini tapmışdır. OVN tədbiri zamanı müştəri tərəfindən malın alınması özlüyündə obyektin fəaliyyətini kifayət qədər sübut edir və məhkəmənin yemək yeyən hər hansı müştərinin olmaması səbəbindən obyektin fəaliyyət göstərməməsi barədə gəldiyi yekun fikir tamamilə əsassızdır. Günümüz reallığında fəaliyyətdə olan ictimai iaşə obyektlərində müştərilərin olmadığı kifayət qədər saatlar olur. Bu hal onların fəaliyyət göstərmədiyi anlamına gəlmir. Obyekt açılıb fəaliyyət göstərməsə idi, işçilər də rəsmi iş geyimində olmazdı. İşçilərin rəsmi iş geyimində olması belə onların fəaliyyətdə olmasını kifayət qədər sübut edir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb olunması halı iş üzrə bütün sübutlarla öz təsdiqini tapsa da məhkəmə tamamilə əsassız qərar çıxarmışdır. Beləliklə, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********3593 nömrəli və xx.xx.2024-cü il tarixli **********4449 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları qanunvericiliyinin tələblərinə riayət edilməklə qəbul edilmiş və onların ləğv olunmasına heç bir əsas olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı cari fəaliyyətinin X34 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. Vergi orqanının keçirdiyi X34 tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə KY242122754 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. İş materiallarında olan cavabdehin “X34nin həyata keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli **********0774 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, BİNƏ ŞTQ, Ülvi şadlıq sarayının yanında yerləşən İddiaçı (VÖEN **********) məxsus “№1 Manqal” dönərxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X34nin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X34nin nəticəsi haqqında” seriya DVX № 000867, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı (VÖEN **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Ülvi şadlıq sarayının yanında yerləşən “№1 Manqal” dönərxanada X34 həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:55-də təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərinə və təqdim olunmuş yazılı izahatlara əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə aşbaz, dönərçi, paketçi, xadimə və kassir kimi cəlb olunmuş 5 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfəri işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təkilf olunmuşdur. Vergi ödəyicisi İddiaçı obyektdə olmaması səbəbindən tərtib edilmiş aktla onu tanış etmək, aktda imza etmək və bir nüsxəsini təhvil almaq üçün həmin aktı vergi ödəyicisinə təqdim etmək mümkün olmamışdır. Qeyd olunan akta əlavənin surətindən görünür ki, xx.xx.2024cü il tarixdə İddiaçı məxsus №1 Manqal adlı obyektdə aparılmış vergi nəzarəti nəticəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslər siyahısında X21, X33, X11, X37, X19 qeyd edilmişdir. İş materiallarında olan cavabdehin “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı 039382 nömrəli aktdan görünür ki, İddiaçı məxsus olan № 1 Manqal dönərxanada fərdi sahibkar İddiaçı iştirakı olmadan əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X34 həyata keçirilmiş, obyektdə əhali ilə pul hesablaşmalarının aparılmasında X22raşdırılmadığı müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:30-da vergi orqanının nümayəndələri tərəfindən keçirilən X34 zamanı bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3,2 manat nağd pul vəsaitinin ödənildiyi, lakin ödənişin müqabilində ödənişi təsdiq edən kassa çekinin təqdim olunmadığı müşahidə edilmişdir. Aparılan araşdırma zamanı obyektdə nəzarət kassa aparatı quraşdırılmadan pul hesablaşmalarının aparılması faktı vergi orqanı nümayəndələri tərəfindən müəyyən edilmişdir. Qeyd olunan səbəbdən vergi uçotundan yayındırılmış məbləği bərpa etmək mümkün olmamışdır. Nəzarət kitabçası və ya hər hansı rəsmi sənəd təqdim olunmadığından bu barədə məlumat əldə etmək mümkün olmamışdır. Nəticədə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş və nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilməsi tövsiyə olunmuşdur. Vergi ödəyicisi obyektdə olmadığından tərtib edilmiş aktla onu tanış etmək, aktı imzalatmaq və bir nüsxəsini ona təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixi **********4449 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 10.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********860600 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı X34 tədbirinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2024-cü il tarixli DVX seriyalı 039382 nömrəli və xx.xx.2024-cü il tarixli DVX seriyalı 000867 nömrəli aktlar əsasında Dövlət Vergi Xidməti Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli və xx.xx.2024-cü il tarixi **********4449 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X34ni keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə ... borcludur. 50.1. X34 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 50.4. X34 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X34ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin “X34nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0774 nömrəli qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, BİNƏ ŞTQ, Ülvi şadlıq sarayının yanında yerləşən “№1 Manqal” dönərxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X34 keçirilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3593 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, eyni zamanda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixi **********4449 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin həmin qərarlarını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən X34 tədbiri keçirilərkən iddiaçının və ya onun nümayəndəsinin iştirakı təmin edilməmiş, X34nin keçirilməsi haqqında vergi orqanının əsaslandırılmış qərarı iddiaçıya təqdim edilməmişdir. Halbuki X34 barəsində belə bir tədbirin keçirildiyi vergi ödəyicisinin və ya onun nümayəndəsinin iştirakı ilə keçirilməli, X34nin keçirilməsi haqqında qərar ona təqdim edilməli, keçirilən yoxlama hərəkətlərində onun iştirakı təmin edilməli, müvafiq izahatlar, aktlar və sair sənədlər onun iştirakı ilə tərtib olunmalı, bir nüsxəsi ona təqdim edilməlidir. Həmçinin X34 yoxlaması iddiaçının adına açmış, yoxlamaların reyestrindən çıxarışı da iddiaçının adına olan VÖEN üzrə qeydiyyatdan keçirmişdir. Həm yoxlamanın keçirilməsi barədə qərarda, həm də reyestrdən çıxarışda iddiaçının yoxlanılan təsərrüfat obyektinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ (Ülvi şadlıq evinin yanı) Manqal №1 adlı dönərxana kimi qeyd edilmişdir. Halbuki yoxlamanın keçirildiyi adıçəkilən ünvan yoxlama keçirilən xx.xx.2024-cü il tarixdə İddiaçı adına olmamış, yoxlanılan təsərrüfat obyekti iddiaçının adına nə yoxlamadan öncə, nə də yoxlamadan sonra qeydiyyatdan keçməmişdir. X34 məhz vergi ödəyicilərinə aid ərazilərdə (obyektlərdə) vergi orqanı tərəfindən yerində və cari vaxtda yoxlamanın həyata keçirilməsini nəzərdə tutur. X34nin həyata keçirildiyi obyekt isə yoxlama zamanı sonuncu dəfə digər vergi ödəyicisinin adına qeydiyyata alınmış, obyektdə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmış nəzarət kassa aparatı həmin vergi ödəyicisinin adına olmuşdur. Lakin cavabdeh İddiaçı məxsus olmayan, onun adına qeydiyyata alınmamış təsərrüfat obyektində operativ yoxlama keçirmiş, yoxlanılan obyektin digər şəxsin adına təsərrüfat obyekti olaraq qeydiyyatda olmasını bildiyi halda həmin obyektdə iddiaçının adına operativ yoxlama keçirməsinin hüquqi əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə yoxlama nəticəsində bir ədəd lavaşda toyuq dönərə və bir ədəd ayrana görə ümumilikdə 3,2 manat nağd pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Cavabdeh tərəfindən təqdim olunmuş yoxlama günü obyektdə aparılmış videogörüntüdə həmin hallar öz təsdiqini tapmır. Cavabdeh apellyasiya şikayətində bunu onunla izah etməyə çalışmışdır ki, həmin əməliyyatın həyata keçirildiyi zaman video çəkilişin aparılması mümkünsüzdür, çünki bu halda vergi ödəyicisi tərəfindən çəkilişin aparılmasından məlumatlı olunduğundan qeyd olunan pozuntu halının aşkarlanması mümkünsüz olardı. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi bildirilən 5 nəfərdən 4-nün izahatı alınmışdır. Lakin izahatı alınmış şəxslər öz yazılı izahatlarında yeni işə qəbul olunduqlarını bildirmiş, yoxlamanın aparıldığı və izahatların alındığı müddət ərzində videogörüntüdə ümumiyyətlə obyektdə müştərilərin olduğu, işçilərin hər birinin öz vəzifə bölgüsü üzrə bilavasitə əmək funksiyalarını icra etdikləri, müştəri xidməti göstərdikləri müəyyən olunmamışdır. İddiaçı qeyd olunan obyekt üzrə vergi uçotuna alınmamış, nəzarət kassa aparatı belə onun adına qeydiyyatda olmamışdır. Bu isə iddiaçının həmin obyekt üzrə hələ fəaliyyətə başlamadığını, həmin obyekt üzrə vergi ödəyicisi kimi hər hansı fəaliyyətinin olmadığını göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu hal iddiaçının iddiasında obyekti yenicə istifadəsinə götürmək niyyətində olduğu, bununla əlaqədar həmin vaxtda obyektdə təmizlik işləri apardığı, bilavasitə ictimai iaşə xidməti göstərmədiyi barədə verdiyi izahatla da üst-üstə düşür. Eləcə də iddiaçının adına vergi uçotuna alınmamış obyektdə, onun bilavasitə iştirakı olmadan aparılmış yoxlama zamanı yoxlamanın keçirildiyi bütün müddət ərzində 1 nəfər belə müştərinin obyektdə olmadığı və xidmət göstərilmədiyi halda izahatı alınmış şəxslərin yalnız işçi geyimində olmaları hələ onların bilavasitə əmək funksiyalarının icrasına cəlb edildikləri qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X34 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3126/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2908/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2908/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver