Məhkəmə qərarları › İş №2-1(103)-2909/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2909/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2909/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi üzərində İddiaçı Məhəmədəli oğlunun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919//2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, onun hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 34.1.2-ci maddəsinə əsasən həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan hazırki iş üzrə ərizəni baxılmamış saxlamamışdır. Həmçinin faktiki və hüquqi hallar onun xeyrinə dəyişmişdir. Bununla bağlı yeni sübutlar aşkar edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə son qoyulması və “Şabandağ” bağçılıq-bostançılıq təsərrüfatı tərəfindən ona verilmiş torpaq sahəsinin rəsmiləşdirilərək qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmış və 2- 1(81)-780/2015 saylı 08.05.2015-ci il tarixli qərarla iddia rədd edilmişdir. Sözügedən qərar iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmiş və bununla da qanuni qüvvəsini almışdır. Bununla bağlı hazırki işə birinci instansiya qaydasında baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçının hazırki işdə qoyduğu tələblər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən qoyduğu tələblərlə eynilik təşkil edir və həmin tələb üzrə məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddiaya yenidən mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Həmin nəticə ilə məhkəmə kollegiyası razılaşır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. (8.1.) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. (8.2.) Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3.)” Hazırki işdə iddiaçı tərəfindən eyni cavabdehə qarşı eyni predmetlə bağlı yenidən iddia qaldırılarkən iddianın mümkünlük şərtlərinə əməl olunması halı müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi “oxşar işlə bağlı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən başqa vətəndaşın xeyrinə qərar qəbul edilməsi, faktiki və hüquqi halların iddiaçının xeyrinə dəyişməsi, yeni sübutların aşkar edilməsi və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə ərizəni səlahiyyətli inzibati orqanın baxılmamış saxlamalı olduğu halda bunu etməməsi” barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlə bağlı məhkəmələr tərəfindən başqa vətəndaşın xeyrinə qərar qəbul edilməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımadığı üçün bu hal iş üzrə faktiki və hüquqi halların iddiaçının xeyrinə dəyişməsi və yeni sübutların aşkar edilməsi kimi qəbul edilmir və bu, iş üzrə verilmiş iddiaya yenidən mahiyyəti üzrə baxılmasını mümkün etmir. Başqa yeni sübutların əldə edilməsi, mövcudluğu faktı isə iddiaçı tərəfindən əsaslandırılmamışdır. O ki qaldı “iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə ərizənin səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanılmalı olmasına”, məhkəmə kollegiyası hesab edir ki, mövcud məsələ ilə bağlı cavabdeh inzibati orqanın iddiaçıya mahiyyəti üzrə imtina verməsi, yəni müraciətini baxılmamış saxlamaması yenə də hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsas vermir. İddiaçının “hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” barədə tələbi isə əsas tələbə əlavə tələb olduğundan Kollegiya əsas tələbin qeyri-mümkün sayılmasını nəzərə alaraq bu tələbin də qeyri-mümkün sayılması qənaətinə gəlir. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5919/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5919/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar