Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2909/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2943/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi, həmçinin ödənilməmiş pensiya məbləğinin birdəfəlik verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş, 1982-ci ildə M.Əzizbəyov adına X9 Ordenli Azərbaycan Neft və X1 fakültəsini “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə bitirmişdir. xx.xx.1983-cü ildə “BaşKolxozSovxozTikinti” idarəsində mühəndisenergetik vəzifəsinə təyin olunmuş, xx.xx.1984-cü il tarixdə ştat cədvəlinə əsasən vəzifəsi baş mühəndis-energetik olmuşdur. xx.xx.1985-ci ildə enerqo-mexaniki şöbəyə rəis, xx.xx.1990-cı ildə mexaniki sexin rəisi təyin edilmiş və xx.xx.1991-ci ildə həmin vəzifədən öz ərizəsinə əsasən azad olunmuşdur. Sonra xx.xx.1991-xx.xx.1992-ci illərdə Neftmaştikinti trestində mexanik işləmiş, bundan sonra xx.xx.2009-cu il tarixədək müxtəlif təşkilatlarda mühəndis-energetik, slesar-elektrik, çilingər-elektrik, elektromexanik və sair vəzifələrdə çalışmış, xx.xx.2009-cu il tarixdə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində Gədəbəy Kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçisi vəzifəsinə təyin olunmuşdur və hazırda da həmin vəzifəni yerinə yetirir. İddiaçının çalışdığı vəzifə siyahıda nəzərdə tutulan vəzifədir. Lakin şirkətdə baş energertik ştatı mövcud olmadığından və vəzifə bölgüsü zamanı xarici təcrübəyə istinad edildiyindən bu vəzifə üzrə öhdəliklər elektrik işləri üzrə nəzarətçiyə (supervayzer) həvalə edilmişdir. Bu baxımdan siyahıda göstərilən vəzifənin adı ilə hərfi cəhətdən üst-üstə düşmür. Amma həmin vəzifə siyahının 1.1.1-ci bəndində qeyd edilmiş baş energetik vəzifəsi ilə həm iş yerinə, həm iş şəraitinə və xüsusiyyətinə, həm də şirkətin iş sahəsinə, ağır və zərərliliyinə görə tam üst-üstə düşür, yəni eynidir. Məhz bu səbəbdən iddiaçıya iş yerindən güzəştli staj barədə arayış da verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli arayışına əsasən, iddiaçı həmin şirkətin Gədəbəy kontaktı sahəsində xx.xx.2008-ci il tarixdən (əmr 38-k) xx.xx.2009-cu il tarixədək mühəndis-elektrik vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən (əmr 101-k) halhazıradək (xx.xx.2021) elektrik işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Həmin arayışda qeyd olunmuşdur ki, elektrik işləri üzrə nəzarətçi vəzifəsini icra edən şəxsin gördüyü işin xarakteri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. İddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin sözügedən Qərarında qeyd olunmamışdır. H.M.Hüseynov iddia etdiyi vəzifə üzrə təsnifatı düzgün qeyd etməmişdir. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 5 ay 12 gün (xx.xx.2008- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2943/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtinaya və etirazauyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. İddiaçının işlədiyi peşə NK müvafiq qərarında qeyd olunmamışdır. İddiaçının iddia etdiyi vəzifə üzrə təsnifatı düzgün qeyd etməmişdir. Eyni zamanda məhkəmə sorğusuna əsasən "xxxx" QSC tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda vəzifələr üzrə dəqiqləşdirmələrin aparılmasının və müvafiq rəyin təqdim olunmasının "xxxx" QSC-nin fəaliyyət istiqamətinə aid olmadığı qeyd olunmuşdur. Həmçinin həmin məktuba qoşma olaraq əlavə olunmuş vəzifə təlimatlarında əsas vəzifələr, bilməli olduğu təlimatlar və tələblər arasında ziddiyyətlər mövcuddur. Belə olan halda iddiaçının güzəştli iş stajının kifayət qədər olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsinin qərarı əsassız olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya pensiya təyini üçün tələb olunan digər şərtlər ödənilsə də, iddiaçının güzəştli iş stajı 01 il 04 ay 12 gün təşkil edir. Nəticədə iddiaçının pensiya təyin olunması üçün staj müddəti yetərli deyildir və həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icmal məktubuna əsasən iddiaçının işlədiyi vəzifə siyahıda göstərilən vəzifə ilə uyğunluq təşkil etməlidir, lakin uyğunluq təşkil etmir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun gəlmədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona xx.xx.1960-cı il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. - 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur).
İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır.
İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, onun 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçının ümumi stajının 25 ildən çox olması işin mübahisəsiz halıdır.
Belə ki, iş materiallarına əlavə edilmiş ИВ seriyalı 029571 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildə M.Əzizbəyov adına X9 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, xx.xx.1982-ci ildə İnstitutun “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ИТ-İ №0699291 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “BaşKolxozSovxozTikinti” idarəsinə mühəndis-energetik vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə böyük mühəndis energetik vəzifəsinə, xx.xx.1985-ci il tarixdə energetik-mexaniki şöbənin rəisi vəzifəsinə, xx.xx.1990-cı il tarixdə mexaniki sexin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə “Neftmaştikinti” İdarəsində mexanik, xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Şahinbağ mexanikiləşdirilmiş daş karxanasında mexanik, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə “İzmir” kiçik müəssisəsində direktor, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərdə “Santexquraşdırma” İdarəsində mühəndis energetik, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə “Azalavia” şirkətində çilingər-elektrik, xx.xx.1999xx.xx.2004-cü il tarixlərdə “Azal” şirkətində çilingər-elektrik vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2004-cü ildə “X6” BM X4 Xidməti sahəsinin yerüstü avadanlıqlara xidmət üzrə elektromexanik vəzifəsinə qəbul olunmuş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Gədəbəy Kontrakt sahəsində mühəndis-elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə Şirkətin Gədəbəy kontrakt sahəsinin elektrik işləri üzrə nəzarətçi vəzifəsinə keçirilmişdir, hazırda həmin vəzifədə işləyir. İddiaçıya məxsus təhsil barədə sənəd və əmək kitabçasından göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 42 il 3 ay 9 gün ümumi iş stajı olmuşdur.
İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisəsiz halıdır.
Cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halını mübahisələndirməmiş, işdə olan iddiaçıya dair sığortaolunanın hesabı haqqında məlumatlardan isə iddiaçının pensiya kapitalının 2006-2022-ci illər üzrə cəmi 162326,38 manat olması müəyyən edilmişdir.
İşin mübahisəli halı iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə bağlıdır.
Belə ki, cavabdeh inzibati orqan öz imtinasını, apellyasiya şikayətinin dəlillərini iddiaçının "xxxx" şirkətinin Gədəbəy kontaktı sahəsində xx.xx.2009-cu il tarixdən halhazıradək işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmaması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: - "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 48 nömrəli həmin arayışdan görünür ki, İddiaçı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətinin Gədəbəy kontaktı sahəsində xx.xx.2008-ci il tarixdən (əmr 38-k) xx.xx.2009-cu il tarixədək mühəndis-elektrik vəzifəsində işləmişdir, xx.xx.2009cu il tarixdən (əmr 101-k) hal-hazıradək (xx.xx.2021) elekrtik işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Göstərilən peşələr (vəzifələr) AR Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.Dağmədən işlərinin 1.1.1 bəndinin (Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtrarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər) “c” yarımbəndinin (şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri) 4-cü sətrində göstərilən “baş energetiklər” vəzifələrinə aiddir və həmin vəzifələrdə çalışan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Elekrtik işləri üzrə nəzarətçi vəzifəsini icra edən şəxsin gördüyü işin xarakteri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmış baş energetik vəzifələrini icra edən şəxslərin gördüyü işlərin xarakteri ilə eynidir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki: Əmək şəraiti zərərli olan işdə işləməsi ilə bağlı qısaldılmış iş vaxtının tətbiq edilməsi, əlavə məzuniyyətin verilməsi: İddiaçı aidiyyəti üzrə müqaviləsində də göstərildiyi kimi qısaldılmış iş saatı tətbiq edilmiş və qanuna müvafiq olaraq əlavə məzuniyyətlər və ödənişlər olunmuşdur. Müəssisənin özünün fəaliyyətinin nədən ibarət olunması barədə: Azərbaycan İnterneyşnl Mayninq Kompam Limited Şirkəti, 1997-ci ildən R. V. İnvestment Qrup Services və Azərbaycan Hökuməti arasında imzalanmış Gədəbəy, Qoşa, Ordubad Qrupu, Söyüdlü, Qızılbulaq və X5 X2, İşlənməsi və X7 Haqqında (bundan sonra “HPBS”) sazişə əsasən fəaliyyət göstərən əməliyyat şirkətidir. Şirkət 15 ilə yaxındır ki Gədəbəy, Tovuz və Ordubad ərazisində qızıl yataqlarının kəşfiyyatını davam etdirir və 2009-cu ildən etibarən Gədəbəydə qızıl, gümüş və mis kimi əlvan metalların hasilatını həyata keçirir. HPBS üzrə Azərbaycan Dövlətinin hasilatdakı payı müəyyən edilmiş prosedurlara uyğun olaraq Azərbaycan Hökumətinə təhvil verilməkdədir. Energetiklə baş energetik vəzifəsinin əmək funksiyasındakı fərqin nədən ibarət olması: Energetikdən fərqli olaraq baş energetik təkcə enerji sisteminin işləkliyini təmin edən cari məsələlərin həlli ilə deyil, həm də onun inkişafı, yenidən qurulması və modelləşdirilməsi perspektivlərinin planlaşdırılması ilə məşğul olur, həmçinin planladığı inkişaf modeli üzrə hər bir energetikin vəzifə bölgüsünü təyin edir və onların işlərinə nəzarət edir. İddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsinin hansı əsasla energetik deyil, məhz baş energetik vəzifəsinə uyğun gəlməsi barədə: İddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsi ona görə baş energetik vəzifəsinə uyğun gəlir ki, şöbədə gündəlik iş planının tərtib edilməsi, həmin iş planı üzrə tabeçiliyində olan elektriklər və digər heyət arasında iş bölgüsünün edilməsi, tabeçiliyində olan eletrik və digər heyətin illik məzuniyyət qrafikinin tərtib edilməsi və sair kimi öhdəlikləri vardır. İşəgötürən iddiaçının işlədiyi elektrik işləri üzrə nəzarətçi vəzifəsinin hansı əsasla baş energetik vəzifəsinə uyğun gəlməsini ətraflı izah etmiş, elektrik işləri üzrə nəzarətçinin vəzifə təlimatını təqdim etmişdir. Həmin təlimata əsasən Elektrik departamentinin bütün işçiləri bilavasitə Elektrik işləri üzrə nəzarətçiyə tabedirlər. Təlimata əsasən Elektrik işləri üzrə nəzarətçi elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək və sair vəzifələr daşıyır. “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası”nda baş energetikin vəzifələri müəyyən edilmiş və göstərilmişdir ki, baş energetik tikinti təşkilatının tikinti obyektlərinin, yardımçı və xidmət təsərrüfatlarının enerji təchizatını təmin edir. Energetika avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir. Enerji sexlərinin və təsərrüfatının, kommunikasiyaların təmiri qrafiklərinin, istehsal və istehsalat bölmələri tərəfindən elektrik enerjisinə, yanacağa, buxara, qaza, suya, sıxılmış havaya tələbatını, yanacaq və enerjinin bütün növlərinin sərfi normalarını, həmçinin avadanlıqların, materialların, enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır. Enerji ehtiyatlarının sərfi normasının aşağı salınması, enerji qurğularının daha davamlı və təhlükəsiz işinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə imkan yaradan yeni texnikanın tətbiqi üzrə tədbirlərin işlənməsini təmin edir və sair. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, elektrik işləri üzrə nəzarətçinin vəzifə funksiyaları baş energetikin vəzifə funksiyalarına uyğun gəlməsi təkcə işəgötürənin arayışı ilə deyil, həm də bu sahədəki vəzifə təlimatlarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1. Dağ-mədən işləri - 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması - 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər - b) yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri; c) şaxtaların, şaxtaidarə hüquqlu şaxtaların, mədənlərin və mədən axtarışlarının rəhbərləri - baş mühəndislər; baş mexaniklər; baş energetiklər - direktorlar, rəislər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Bununla da, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli stajla bağlı təqdim etdiyi arayış mötəbər sənəd hesab edilir, cavabdeh hər hansı bir əsas olmadan sadəcə formal olaraq ad (söz) uyğunsuzluğu baxımından həmin arayışı qəbul etməyərək iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2020-ci il tarixə 12 il 6 aydan artıq (mühəndis-elektrik (mübahisəsiz dövr) və elektrik işləri üzrə nəzarətçi (mübahisəli dövr) vəzifələrində işlədiyi 12 il 7 ay 25 gün) güzəştli iş stajına malik olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2943/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2943/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə