Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2909/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6999/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın dayandırılması barədə xx.xx.2021-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdən DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna görə də xx.xx.2020-ci ilə kimi 15038,36 manat məbləğində pensiya almışdır. Həmin pensiya təyinatı xx.xx.2020-ci ildə dayandırılmışdır. Bu, onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi Qaradağ Rayon Məhkəməsinin ona dair 04 aprel 2014-cü il tarixli 2(002)-773/2014 saylı qətnaməsində xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir-tikinti idarəsində qaynaqçı işlədiyi” qeyd edilmişdir. Lakin işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2014-cü il tarixdən DSMF-nin Qaradağ Rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qənaətinə görə ona verilən pensiya qanunsuz olduğundan aldığı 15038,36 manat artıq pul vəsaitinin könüllü şəkildə qaytarılması barədə xx.xx.2021-ci il tarixdə ona müraciət edilmişdir. Qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçının razılığı ilə şərtləndirilir. Lakin bu barədə onun razılığı olmamışdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8112/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1316/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə cavabdehə ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Eyni zamanda bildirilir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı inzibati orqana rəsmi müraciəti olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6999/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş Qaradağ Rayon Məhkəməsinin 4 aprel 2014-cü il tarixli 2(002)-773/2014 nömrəli qətnaməsində xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli Şəhər Kolxoz təmir-tikinti İdarəsi”ndə qaynaqçı işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ümumilikdə 15038,36 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Həmçinin, Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8112/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1316/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə cavabdehə ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Qaradağ rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” Qərarla iddiaçıya təyin edilmiş pensiya ödənişləri dayandırılmışdır. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 15038,36 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8112/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1228/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8112/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1228/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...tərəfimizdən Sizə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8112/2021 nömrəli qərarı ilə iddiamız təmin edilməmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1316/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin sözügedən məhkəmə qərarı ilə Sizə ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmayıb”. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş pensiya ödənişlərini xx.xx.2021-ci il tarixdən dayandırmış, iddiaçıya 01 aprel 2014 - 30 noyabr 2020-ci illər arasındakı dövr ərzində ümumilikdə ödənilmiş 15038,36 manat pul məğləğinin ödənilməsi barədə məhkəmədə iddia qaldırsa da, cavabdehin iddiası təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “... qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı iş üzrə isə belə razılığın olması müəyyən edilməmişdir. Həmçinin, inzibati orqan tərəfindən cavabdehə pensiya təyin edilməsi 23 iyun 2014cü il tarixli inzibati akt əsasında həyata keçirilmiş, həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması məhkəmə araşdırmaları nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrdə işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsinə dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati aktın ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz”. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almamış, iddiaçıya pensiya təyin edilməsi barədə qərar qüvvədə olduğu halda, həmin qərarını ləğv və ya etibarsız etmədən iddiaçıya verilməli olan pensiya ödənişlərini dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda iddiaçıya pensiya təyin edilməsi barədə qərar ləğv edilmədiyindən və ya etibarsız hesab edilmədiyindən, cavabdeh iddiaçıya verilməli olan pensiya ödənişlərini verməlidir. Cavabdeh iddiaçıya vaxtı ilə pensiya təyinatının düzgün aparılmadığını iddia edirsə, inzibati icraat qaydalarına əməl edərək iddiaçının da iştirakını təmin etməli və inzibati icraatın yekununda iddiaçıya pensiya təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması və ya ləğv edilməsinə dair qərar qəbul etməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlili olan sözügedən məhkəmə qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə məhkəmə aktları ilə qiymət verildiyindən cavabdeh iddiaçıya ödəmədiyi pensiya ödənişlərini bərpa etməli idi. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqi müəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, hazırkı işin hallarından göründüyü kimi cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə almamaqla bir tərəfdən Azərbaycan Dövləti adından çıxarılmış və qanuni qüvvəsini almış qərarların hüquqi qüvvəsinə saymamazlıq göstərməklə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir, digər tərəfdən isə vətəndaşın ən mühüm konstitusion hüquqlarından olan sosial təminat hüququnu məhdudlaşdırır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh iddiaçının pensiyasını dayandırması əsası kimi o hala istinad edir ki, iddiaçıya vaxtilə pensiya təyin edilərkən təqdim etdiyi Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli 2(002)-773/2014 saylı qətnaməsində xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir-tikinti idarəsində qaynaqçı işlədiyi” qeyd edilmişdir. Lakin işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyildir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, həm əl ilə qaynaq aparan elektrik qaynaqçıları, həmçinin qaz qaynaqçıları güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında təsbit edilmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsində iddiaçının xx.xx.1973-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Füzuli şəhər kolxoz təmir-tikinti idarəsində əl ilə qaynaq aparan qaynaqçı yoxsa, qaz qaynaqçısı olmasının göstərilməməsi ona vaxtı ilə pensiya təyinatının düzgün aparılmaması qənaətinə gəlməyə əsas vermir. Çünki qeyd edildiyi kimi qaynaçının hər iki növü güzəştli peşə kimi nəzərdə tutulmuşdur. Başqa növ qaynaqçı peşəsinin olması və bu peşənin güzəştli sayılmaması barədə cavabdehin formal və əsaslandırılmayan mülahizələri iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 35-ci bölmə - qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları; Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6999/2024 nömrəli, 13 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2909/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2909/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver