Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2909/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: “X2” MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(112)-2127/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə “X2” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 66282/2024 nömrəli qərarın ləğv edilməsi” formasında icraata qabul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 02 iyul 2024-cü il tarixli № **********341700 qərarla iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında aparılmış əməliyyatlar üzrə 30600,0 manat və 42480,0 manat (ümumilikdə 73.080 manat) əvəzləşdirilmiş ƏDV ləğv edilmişdir. Buna səbəb iddiaçı ilə “X2” MMC arasında olan əməliyyatın riskli olması göstərilmişdir. Hansı ki, elə həmin qərarda əsas 22 may 2024-cü il tarixində iddiaçıya **********747400 saylı uyğunsuzluq məktubu göndərilmişdir. İddiaçı cavabdeh tərəfindən tətbiq edilmiş qərar ilə razılaşmayaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən buna heç bir reaksiya verilməmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya (VÖEN **********) 2024-cü il aprel ayı üçün ƏDV üzrə 73.080 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 539150 nömrəli, EBDZ seriyalı 251024 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ümumilikdə 73.080 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 73.080 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********747400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 73.080 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********403500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(112)-2127/2025 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-66282/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, "xxxx" MMC-yə (VÖEN **********) 2024-cü il aprel ayı üçün ƏDV üzrə 73.080 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 539150 nömrəli, EBDZ seriyalı 251024 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ümumilikdə 73.080 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 73.080 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********747400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 73.080 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********403500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də mülki hüquq münasibətlərinə daxil ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh nəinki həmin halı, həmçinin də iddiaçının əməliyyatları apardığı vergi ödəyicisinin riskli vergi ödəyicisi qrupuna aid edilməsinin əməliyyatlardan sonrakı tarixdə qəbul edilmiş qərarla olmasına, iddiaçının həmin müəssisənin riskli vergi ödəyicisi siyahısında olmasına dair xəbərdarlıq edilməməsinə də əhəmiyyət verməmişdir. Beləliklə də, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, əməliyyatın riskli ola bilməsi barədə İnternet Vergi idarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı da həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adı qeyd olunan vergi ödəyicisi məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmişdir və bu barədə yuxarıda qeyd olunan müvafiq qərarlar qəbul edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qeyd olunanlardan göründüyü kimi adı göstərilən “X2” MMC-nin apardığı əməliyyatlar qeyd olunan meyarlara tam uyğun olduğundan riskli əməliyyatlar hesab edilmişdir və məntiqi ardıcıllığa uyğun olaraq bu riskli əməliyyatları aparan vergi ödəyicisi həmin Meyarların 2-ci bəndində qeyd edilən əsaslara görə riskli vergi ödəyicisi hesab olunmuşdur. Məhkəmə gəldiyi nəticəni tam şəkildə araşdırmadan ilkin olaraq iddianın təmin edilmə əsası kimi yalnız yuxarıdakıları göstərmişdir. Əslində, birinci instansiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməlidir. Qeyd edilən hal üzrə iddiaçı və müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir. Belə ki, NK 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarının 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: • bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; • aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; • idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); • vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; • vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; • bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; • bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; • beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Qərarın 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: • vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; • vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Həmçinin, iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda konkret hansı əməliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Habelə, məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır. Hesab edirlər ki, işə baxan məhkəmə iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və Ali Məhkəmənin yuxarıda qeyd olunan təcrübəsini araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyul 2024-cü il tarixli, **********341700 nömrəli qərardan görünür ki, 2024-cü ilin aprel ayı üzrə ƏDV üzrə 73.080 manat vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: “ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 539150 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 30600.0 manat ƏDV məbləğinin iddiaçının tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30600.0 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 251024 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 42480.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün ləqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 42480.0 manat kənarlaşma yaranmışdır.” xx.xx.2024-cü il tarixli xidməti müqaviləsinə əsasən bu müqavilə ilə "xxxx" MMC İddiaçı MMC-yə Azərbaycan Respublikasında qaz bazarının iştirakçıları arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və qərarlarını qəbulunu optimallaşdırmaq üçün nəzərdə tutulmuş İnformasiya Sistemi üçün istifadəçi interfeysinin işlənib hazırlanması və qeyd edilən vaxtadək təhvil verməlidir. İddiaçı MMC təhvil verilən işlərə (göstərilən xidmətlərə) görə bu müqavilədə göstərilən müddətdə və qaydada nəzərdə tutulmuş dəyəri ödəyir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli GCG04 nömrəli müqavilədə nəzərdə tutulmuş işlər (istifadəçi interfeysinin işlənib hazırlanması) "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2024-cü il tarixli GCG04 nömrəli müqavilədə nəzərdə tutulmuş işlər (xarici sistemlərlə inteqrasiya) "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. EBDZ 251024 nömrəli elektron qaimə-fakturaya əsasən həmin elektron qaiməfaktura xx.xx.2024-cü il tarixli xidməti müqavilə əsasında göstərilən xidmətlərə görə tərtib olunmuşdur. EBDZ 539150 nömrəli elektron qaimə-fakturaya əsasən həmin elektron qaiməfaktura xx.xx.2024-cü il tarixli xidməti müqavilə əsasında göstərilən xidmətlərə görə tərtib olunmuşdur. İşin halları ilə müəyyən olunur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyul 2024-cü il tarixli, **********341700 nömrəli qərardan görünür ki, 2024-cü ilin aprel ayı üzrə ƏDV vergisi üzrə 73.080 manat vergi məbləği hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, elektron qaimə-fakturalar üzrə ümumilikdə 73.080 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 73.080 manat kənarlaşma yaranması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxs arasında münasibətlər yarandığı və əməliyyat aparıldığı zaman adıçəkilən şəxs riskli vergi ödəyicisi hesab olunmamışdır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının adıçəkilən hüquqi şəxs ilə müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı dövrdə o, riskli vergi ödəyicisi hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxsin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyicisi olmasının ehtimal edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4 Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. 4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir. 4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli xidməti müqaviləsi imzalanmış və müqavilə üzrə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və yoxlama zamanı "xxxx" MMC riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısında olmamasını sübut edir. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qərar qəbul edilmişdir. Halbuki, bu əməliyyatlar edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməmişdir. "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********623800 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instanisiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2-1(112)-2127/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2909/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2909/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver