Məhkəmə qərarları › İş №2-1(103)-291/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-291/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-291/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsinə (bundan sonra mətndə - DSMF XŞTİ) qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə və əlavələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən güzəştli əsalarla əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də əsassız olaraq müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dəniz Yolları Məktəbində hərbi yönlü təhsil aldığı və həqiqi hərbi xidmət keçdiyini nəzərə almamışdır. Əlavə olaraq bu barədə AzərbaycanRespublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 74 №-li «Arayış»ı da nəzərə almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh inzibati orqan iddiaya dair yazılı «Etiraz» təqdi etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iş materiallarına əmək kitabçası və AR X11 QSC tərəfindən verilmiş arayışı əlavə etmişdir. Arayışda qeyd edilir ki, iddiaçı «matros», «kapitanın 3-cü, 2-ci və baş köməkçisi» vəzifələrində çalışmışdır. Qeyd edək ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların demək olar ki, əksəriyyəti xarici dildə göstərilmişdir. 1991-ci ildə qəbul edilmiş qanuna əsasən, həmin tarixdən bəri ölkədə Azərbaycan dilində yazının latın qrafikalı əlifba ilə aparılması müəyyən olunsa da, iddiaçının əmək kitabçası adı ilə təqdim etdiyi sənədə məlumatların 1997-ci il tarixinədək müddətdə xarici dil olan rus dilində daxil edildiyini, çətinliklə də olsa, görmək mümkündür. Halbuki, bu peşələrin və vəzifələrin adları terminoloji ifadələr olduğu üçün onların rəsmi şəkildə təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə ehtiyac vardır. Yəni nə məhkəmə, nə də iddiaçı həmin peşə, vəzifə adlarını öz mülahizəsinə və ümumi dil biliklərinə əsaslanaraq tərcümə edə bilməz. Rəsmi şəkildə tərcümə olmadan bu sənəd mötəbər sübut deyildir və işin hallarını təsdiq edən dəlil kimi nəzərə alına bilməz. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi ilə bağlı iddiası əsassızdır: 1) İddiaçınin işlədiyi, arayışda qeyd edilən peşələr nə AR NK-nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısında, (bundan sonra Yeni Siyahı) nə də NK-nın xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahıların (bundan sonra Əvvəlki Siyahı) heç birində yoxdur. Belə ki, X9 qeyd edildiyi kimi «Nəqliyyat» adlanan bölməsində və Əvvəlki Siyahının eyni adlı bölməsində qeyd olunmuş, peşələrin və müxtəlif vəzifələrinin arasında iddiaçının qeyd etdiyi «matros», «kapitanın 3cü, 2-ci, baş köməkçisi» vəzifələrinin heç biri qeyd olunmamışdır. Bu peşələrin adları Siyahıda göstərilmədiyi üçün iddiaçının onlarda çalışdığı müddət xüsusi sığorta stajına əlavə oluna bilməz. Bununla əlaqədar məhkəmə təcrübəsi də vardır ki, güzəştli sərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur: AR Ali məhkəməsinin X2 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2- 1(102)-283/2019 saylı qərarından çıxarış: «Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər». Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. 2) «Vətəndaşların pensiya təminatı» haqqında AR qanununa əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. «Əmək pensiyaları haqqında» qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı» haqqında AR qanununun 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq, AR NK-nin xx.xx.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının sənədlərindən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixinədək ümumi staj müddəti 25 ildən az təşkil edir. Həmçinin, iddiaçı xx.xx.1962-ci il doğumlu olduğundan x xxxxxx 2006-cı il tarixində onun 43 yaşı var idi. Bu isə o deməkdir ki, həmin vaxt iddiaçı güzəştli pensiya yaşını da tamamlamamışdı. Buna görə də, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı bundan sonra məhkəməyə təqdim etdiyi «iddia ərizəsi əlavə»də qeyd etmişdir ki, «cavabdehin iddiaya qarşı etiraz məktubu ilə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki, qarşı tərəfin dəniz terminləri haqqında tam müfəssəl bilgisi yox-dur. Mənim əmək kitabçamda və işlədiyim «Azərbaycan Xəzər Dəniz Gəmiçi-liyi» X6 tərəfindən verilmiş Arayışda qeyd olunan «mat-ros», «kapitanın 3cü, 2-ci və baş köməkçisi» vəzifələri üzən heyətə aiddir və üzən heyət dedikdə gəmidə vəzifəsindən asılı olmayaraq bütün gəmidə işləyən-lərə aid olunur. O cümlədən də AR NKnin 2007-ci il 23 yanvar tarixli, 12 nömrə-li qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısinda Nəqliy-yat bölməsinin b) bəndində üzən heyət göstərilmişdir, yəni: dəniz, çay donan-masının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akva-toriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhər-ətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla). Əmək kitabçasında qeyd olunan məlumatların xarici dildə (rus dilində) qeyd olunması məndən asılı deyildir və DSMF-nin XŞTİ pensiya təyinatına görə sənədləri qəbul etdikdə ancaq əmək kitabçasının əsli və notariusda təsdiq olunmuş surəti tələb olunmuşdur, hər-hansı tərcümə barədə tələb edilməmişdir. «Əmək pensiyaları haqqında» qanunun 9-cu maddəsi (Güzəştli şərtlərlə pensiyası hüququ olan digər şəxslər) 9.8 bəndinə əsasən xx xxxxxx 2006-cı il tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staji olan şəxslərə pensiyalar yaşa görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, yəni 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək kitabçamda və AXDG-nin verdiyi arayışda göstərildiyi kimi mənim gəmiçi-liyin üzücü heyətində güzəştli iş stajım 28 il 04 ay 23 gün təşkil edir, bu da qa-nunda qeyd olunmuş 12 il 6 aydan çoxdur və güzəştli çərtlərlə yaşa görə əmək pensiya hüququ verir. x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 26 il 3 ay təşkil edir, bu iş stajının 3 il 4 ayını Bakı Dəniz Yolları Məktəbində təhsil aldığım dövrdə həqiqi hərbi xidmət keçmişəm. Bu məktəb tam qapalı dövlət təminatlı hərbi yönümlü məktəb olub. Əlavə olaraq həqiqi hərbi xidmət keçdiyim barədə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Ni-zami rayon idarəsindən arayış da təqdim olunmuşdur. Hərbi xidmət müddəti AR «Əmək pensiyaları haqqında» qanunun 21ci maddəsinin 21.2.11-ci bən-dinə əsasən sığorta stajına daxil edilir». 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 57 yaşından güzəştli əsaslarla əmək pensiyasının təyin olunması öhdəliyinin DSMF XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən son iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X3 iddiaya qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməməsi, qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiya şikayətini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini, qanuni və əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan, AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ucar rayonu, Qəziyan kəndində anadan olmuş, yaşıyış yeri Bakı şəhəri, İ.Məmmədov küç., ev 3, mənzil 18-dir. İş materiallarında olan, surəti notariat qaydasında təsdiq olunan, İddiaçı adına tərtib olunmuş İT-İ seriyalı ******* saylı «Əmək Kitabçası»ndan və VU seriyalı 072346 saylı «Hərbi Bilet»dən, eləcə də AzərbaycanRespublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 74 №-li «Arayış»ından müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982ci ilə qədər Bakı Dəniz Yolları Məktəbində təhsil almış və həmin dövr həqiqi hərbi xidmət dövrü kimi də qəbul olunmuşdur. İş materiallarında olan, İddiaçı adına tərtib olunmuş ******* saylı «Əmək Kitabçası»ndan həmçinin müəyyən olunur ki, İddiaçı 1979-1982-ci illərdə Bakı Dənizçilik Məktəbində təhsil almışdır, xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi və kapitan vəzifələrində işləmişdir. İş materiallarında olan, «Azərbaycan X11» QSC X1 AM03/02-444 №-li xx.xx.2019cu il tarixli Arayışında qeyd olunmuşdur ki, «Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Dövlət X5 üzüçü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 28 il 04 ay 23 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» 21.2 bəndinin «b» yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21-iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-ci yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cii il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət X13 X10 yenidən təşkili yolu ilə «Azərbaycan X11» X6 (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir». İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 072346 nömrəli Hərbi Biletə uyğun olaraq verilmiş xx.xx.2019-cu il tarixli 74 nömrəli Arayışına əsasən İddiaçı 01.09.79-cu il tarixdən xx.xx.1982-ci il tarixədək Bakı Dəniz Yolları Məktəbində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh DSMF XŞTİ iddiaçının müraciətinə verilən xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: «Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarıxinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək sta olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan tarixdən qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununu 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaş tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin x xxxxxx 2006-cı il tarixinədək iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.» İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olduğundan təmin edilməsi qənaətinə gələrkən aşağıdakı hüquqi əsaslara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının sənədlərindən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixinədək ümumi staj müddəti 25 ildən az təşkil edir. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin «Azərbaycan X11» QSC X1 xx.xx.2019-cu il tarixli Arayışından göründüyü kimi xx xxxxxx 2006-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 03 ay 05 gün) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin «v» yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarından görünür ki, cavabdeh orqan yazılı etirazında bildirmişdir ki, iddiaçı xx.xx.1962-ci il doğumlu olduğundan x xxxxxx 2006-cı il tarixində onun 43 yaşı var idi. Bu isə o deməkdir ki, həmin vaxt iddiaçı güzəştli pensiya yaşını da tamamlamamışdı. Məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.9cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə də razılaşır ki, iddiaçının işlədiyi vəzifələr, yəni kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi, köməkçisi vəzifələri gəmi heyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»nin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Siyahının «XXVİİİ. Nəqliyyat» bölməsində «3. Dəniz və çay donanması- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)» (kod 23003010) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının «21.Nəqliyyat» bölməsində «21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)» nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifələrin heç biri (kapitanın 3cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi və kapitan) qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir. Göstərilənləri nəzərə alan birinci instansiya məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələr (kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitan) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və istinad olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar düzgün olaraq bu qənaətə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar