Məhkəmə qərarları › İş №2-1(103)-291/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-291/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-291/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Talıbova (Qəniyeva) Rəvanə Qurban qızının, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3530/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X16 ilə X4 arasında bağlanmış 15097 saylı xx.xx.1967-ci il tarixli Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 0.25 hektar sahəsi olan 1671 saylı bağ sahəsi (sonradan 1671/1531 saylı bağ) xx.xx.1973-cü ilədək sonuncunun icarəsinə verilmişdir. Bakı şəhər X1 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X3 ünvanlanmış 1333 saylı xx.xx.1974-cü il tarixli məktubla bildirilmişdir ki, 1671/1531 saylı bağ sahəsinin icarəyə verilməsi ilə bağlı tərəflər arasında bağlanmış 15097 saylı xx.xx.1967-ci il tarixli müqavilənin müddəti bitmişdir və müddətin uzadılmaması səbəbindən bağ sahəsinin geri qaytarılması xahiş edilmişdir. Lakin işin faktiki hallarına görə, iddiaçının mərhum atasına məxsusluğuna dair arayış verilməsini tələb etdiyi bag sahəsi 1970-ci illərdən indiyə kimi iddiaçının ailəsinin faktiki sahibliyi və istifadəsində olmuşdur. AZ-İİ seriyalı 169125 saylı 06 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 aprel 1996-cı il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: İcraatda olan, xx.xx.1939-cu il təvəllüdlü və xx.xx.1996-cı il tarixdə vəfat etmiş, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37 mənzil 138-də qeydiyyatda olmuş X2 vərəsəlik işi ilə əlaqədar olaraq İddiaçı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1671 saylı bağ ünvanında yerləşən 0,25 ha torpaq sahəsi X2 adınadır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1671 saylı bağ ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon Kürdaxanı Bələdiyyəsi tərəfindən verilmiş 349 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə atası X4 rəhmətə gedəndən sonra X5 və İstismarı Birliyi tərəfindən verilmiş 15097 nömrəli müqavilə əsasında Ləhiş bağ massivində yerləşən 1671 saylı bağ sahəsinin vergi ödəyicisidir və bağ hal-hazırda onun istifadəsindədir. Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış 897 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İcraatda olan, xx.xx.1939-cu il təvəllüdlü və xx.xx.1996-cı il tarixdə ölmüş, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37 mənzil 138-də qeydiyyatda olmuş X2 222/2021 saylı vərəsəlik işi ilə əlaqədar olaraq bildirilir ki, onun miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə onun vərəsəsi qızı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi X2 adınadır. ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı təkrar verilməsi xahiş edilmişdir. İddiaçı sözügedən bağ sahəsinin rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi Bağlar Təsərrüfatının İdarəsi tərəfindən verilmiş 15097 saylı xx.xx.1974-cü il tarixli müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən “1671” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “bağ sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, keçmiş Bakı şəhər X14 İcrayyə Komitəsinin X16 ilə bağlanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında iddiaçının mərhum atası X3 ayrılaraq verilmiş 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531) 0,25 ha ölçülü bağ sahəsi vərəsəlik hüququ ilə iddiaçıya məxsusdur və hal-hazırda iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçının atası xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən atasının vəfatından sonra miras bağ sahəsi faktiki olaraq qəbul edilmişdir. Həmçinin bağ sahəsi ilə bağlı sənədlər, o cümlədən 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə də iddiaçıya miras qalmışdır. Həmin sənədin əsli halhazırda iddiaçıdadır. İddiaçı 2021-ci il tarixdə miras işinin açılması və miras qoyulmuş sözügedən əmlakla bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçının müraciəti əsasında Bakı şəhəri 9 saylı saylı Notariat ofisində iddiaçının atasının adına vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı yeganə varis hesab olunmuşdur. Vərəsəlik işi açıldıqdan sonra notariat ofisi xx.xx.2021-ci il tarixdə cavabdehə məktub ünvanlayıb vərəsəlik işinin rəsmiləşdirilməsi üçün iddiaçının mərhum atasının adına çıxarışın verilməsini məqsədəuyğun hesab etmişdir. İddiaçı notariat orqanının verdiyi arayışa və digər hüquqi sənədlərə əsaslanaraq sözügedən əmlakla bağlı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də, idarə iddiaçıya çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunu Bağlar Təsərrüfatının İdarəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 15097 nömrəli müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən 1671 nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əsaslandırmışdır. 2021-ci ilin avqust ayında iddiaçı cavabdehə müraciət edərək atasına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1671/1531 saylı bağ sahəsinin sənədlərinə dair məlumat və surətinin verilməsini xahiş etsə də, idarənin arxivində həmin bağ sahəsinin icarəyə verilməsinə dair mərhum X2 adına 15097 nömrəli müqavilənin aşkar olunmadığı ifadə edilmişdir. İmtinanın dəlillərinin əsassız olduğunu bildirərək 2021-ci ilin sentyabr ayında iddiaçı təkrar cavabdeh inzibati orqana müraciət edib iddiaçının mərhum atasının mülkiyyət hüququnun qeydiyyata alınmasını, bağ sahəsi ilə bağlı çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli imtina məktubu ilə cavabdeh orqan hüququn qeydiyyatından imtina etmiş və ilkin imtina məktubunda qeyd edilən çatışmazlıqların aradan qaldırılmadığını bildirmişdir. Cavabdeh orqan iddiaçının faktiki və hüquqi dəlillərinə münasibət bildirməmiş, buna etiraz edə və etirazını əsaslandıran dəlilləri ifadə edə bilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Sözügedən bag sahəsi 1970-ci illərdən indiyə kimi iddiaçının ailəsinin qanuni və faktiki sahibliyində, istifadəsindədir. Eyni zamanda orada iddiaçının ailəsinin tikilisi də vardır və bağ sahəsini icarə müqaviləsi əsasında əldə etdikləri vaxtdan indiyə kimi bu tikili də iddiaçının ailəsinin istifadəsində olmuşdur. Həmin tikilinin mövcudluğu icarə müqaviləsində də əks olunmuşdur. Belə ki, icarə müqaviləsinin 1-ci bəndində göstərilir ki, icarə obyekti Ləhiş qəsəbəsindəki 0,25 ha sahəsi olan bağ və sahəsi 14,00 kv.m olan yaşayış sahəsi olan otaqdan ibarət tikilidir. Bağ sahəsində tikilinin olması, sahəsi 14,00 kv.m olan evin kirayəyə götürülməsi icarə müqaviləsinin 10-cu maddəsində kiril qrafikası ilə yazılmış orijinal yazıda da öz əksini tapmışdır. Bağ sahəsindən iddiaçının qanuni əsaslarla istifadə etməsi, müqavilənin qüvvədə olması, bağ sahəsinin Ləhişdə yerləşməsi, bağ sahəsinin sonrakı nömrəsinin 1671/1531 olması Bağlar Təsərrüfatı İdarəsinin iddiaçının atasına ünvanladığı xx.xx.1974-cü il tarixli məktubla öz təsdiqini tapmışdır. Bağ sahəsinin sonrakı nömrəsinin hansı səbəblərdən dəyişdirilməsi iddiaçıya məlum deyil. Bundan əlavə bağ sahəsinin yerləşdiyi Ləhiş bağ massivinin inzibati ərazi vahidi üzrə aid olduğu Kürdəxanı bələdiyyəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 349 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdə atası X4 rəhmətə gedəndən sonra X5 və İstismarı Birliyi tərəfindən verilmiş 15097 nömrəli müqavilə əsasında Ləhiş bağ massivində yerləşən 1671 saylı bağ sahəsinin vergi ödəyicisidir və bağ hal-hazırda iddiaçının istifadəsindədir. Qeyd olunan bağ sahəsi iddiaçının qanuni istifadəsində olduğu halda, aparılmış sənədləşmə işlərində bağ nömrələrinin qarışması, bir bağa iki nömrə verilməsi, bağ sahələrinin nömrələrinin dəyişməsi iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Həmin bağ sahəsi ilə bağlı iddiaçının oradan istifadəsinin qanuniliyini təsdiq edən sənəd olan qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunvericilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçının hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda sözügedən bağ sahəsi ilə bağlı iddiaçının hüquqları tanınmalı və qeydiyyata alınmalı idi, əgər uyğunsuzluqlar müəyyən edilsə, bu, cavabdeh tərəfindən aradan qaldırılmalı idi. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, İdarəyə təqdim olunan Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 15097 saylı xx.xx.1967-ci il tarixli müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən 1671 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 9-cu maddələrinə istinad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3530/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X16 ilə X4 arasında imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında X3 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edlərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Talıbova (Qəniyeva) Rəvanə Quban qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanmasına baxmayaraq 3-cü şəxs məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs X8 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “bağ sahəsinə mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “15097 saylı xx.xx.1974-cü il tarixli müqavilənin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən “1671” nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “15097 saylı xx.xx.1974-cü il tarixli müqavilənin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən “1671” nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı olmuşdur. Cavabdeh orqanın imtinasının dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və məlum olmuşdur ki, iddiaçının mərhum atasına məxsus hesab edilməsinə dair arayış verilməsini tələb etdiyi 1671 saylı bağ sahəsi əvvəlcə xx.xx.1967-ci ildə bağlanmış müqaviləyə əsasən 1671 saylı, sonradan isə 1671/1531 saylı bağ sahəsi adlandırılmışdır. Belə ki, bu fakt Bakı şəhər X1 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X3 ünvanlanmış 1333 saylı xx.xx.1974-cü il tarixli məktubla da təsdiq olunur. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********83 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri bir tərəfdən qonşu bağın hasarıdır. Digər tərəfdən döngə nöqtələri mişar daşları ilə təyin edilib, ara sərhədləri ilə şərti olaraq ayrılmışdır. İdarənin elektron kadastr məlumatlarına əsasən sorğuda 2-ci şəxs qismində qeyd olunan digər şəxs X8 özəl “1671” saylı bağ sahəsi ilə koordinatlara əsasən göstərilən “1671/1531” saylı bağ sahəsi arasında 400,0 m məsafə vardır. Sözügedən bağ sahələrinin naturada üst-üstə düşmə halı müşahidə edilməmişdir (sxem məktuba əlavə edilmişdir). Həmin məktuba əlavə edilmiş Bakı şəhər Soveti İcrayyə Komitəsinin X16 ilə X4 arasında imzalanmış 15097 saylı 22 sentyabr 1967-ci il tarixli “Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”nin surətindən görünür ki, Ləhiş qəsəbəsində 0,25 hektar sahəsi olan 1671 nömrəli bağ (14,0 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikilisi ilə birlikdə) X2 istifadəsinə verilmişdir (həmin müqavilənin notarial qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının mərhum atasına ayrılmış bağ sahəsinə aid sənədlərin əslləri tələb olunmuş və təqdim edilmiş sənədlərin əsllərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X16 ilə X4 arasında 15097 saylı xx.xx.1967-ci il tarixli müqavilə bağlanmış və 1671 saylı bağ sahəsi xx.xx.1973-cü ilədək sonuncunun icarəsinə verilmişdir. Lakin sonradan Bakı şəhər X1 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsinin 1333 saylı xx.xx.1974-cü il tarixli məktubundan görünür ki, iddiaçının mərhum atasının istifadəsində olan bağ sahəsinin nömrəsi 1671/1531 saylı bağ sahəsi kimi qeyd edilmişdir. Aparılan araşdırmalar zamanı da məlum oldu ki, cavabdeh inzibati orqanın imtinasının əsası kimi istinad etdiyi başqa şəxsin mülkiyyətində olan 1671 saylı bağ sahəsi ilə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi 1671/1531 saylı bağ sahəsi tamamilə başqabaşqa yerlərdə yerləşirlər, aralarında cavabdeh qurumun mütəxəssisi tərəfindən verilmiş rəyə əsasən 400 m məsafə vardır. Beləliklə, iddiaçının mərhum atasına məxsusluğuna dair arayış verilməsini tələb etdiyi 1671/1531 saylı bag sahəsinin 1970ci illərdən indiyə kimi iddiaçının ailəsinin faktiki sahibliyi və istifadəsində olduğu müəyyən olunur. O ki qaldı iddiaçının mərhum atasına ayrılmış bağ torpaq sahəsinə dair sənədlər arasında (müqavilələr və 1333 saylı xx.xx.1974-cü il tarixli məktub arasında) ziddiyyətlərə, həmin ziddiyyətlər nə o dövrdə iddiaçının atasının, nə də hazırda iddiaçının özünün təqsiri üzündən yaranmamış, həmin sənədlərin arxivdə aşkarlanmaması isə torpaq ayıran orqan tərəfindən həmin sənədlərin arxivə təhvil verilməməsi səbəbindən olmuşdur ki, bu da həmin orqanın öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Qeyd olunan pozuntulara görə məsuliyyət isə hazırda iddiaçının üzərinə qoyula bilməz və buna görə də həmin hallara görə iddiaçının qanuni və əsaslı olan tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı sayıla bilməz. Odur ki, cavabdehin qeyd olunan dəlilləri iddiaçının tələbinin təmin olunmasından imtina etmək üçün qanunla nəzərdə tutulan əsasları əhatə etmədiyi üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi olan iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinin iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının 1671/1531 saylı bağ sahəsi ilə bağlı təmin etsə də, məhkəmə qərarının sonunda həmin bağın nömrəsi ilə bağlı “1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli)” göstərilmişdir. Nəzərə alınır ki, təmin olunan tələb 1671/1531 saylı bağ sahəsi ilə bağlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar iddiaçının mərhum atasına məxsusluğuna dair arayış verilən bağın nömrəsi “1671/1531 saylı” göstərilməklə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3530/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3530/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı iddiaçının mərhum atasına məxsusluğuna dair arayış verilən bağın nömrəsi “1671/1531 saylı” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar