Məhkəmə qərarları › İş №2-1(103)-291/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-291/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-291/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Günəş Yusif qızının, iddiaçının, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2383/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdərə rayonu Umudlu kənd tam orta məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək kitabxanaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xx.xx.1977-xx.xx.2005-ci illərdə Ağdərə rayonu Umudlu kənd orta məktəbinə kitabxanaçı işləmiş, xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 saylı Bakı “DOST” Mərkəzi vasitəsilə cavabdehə müraciət etmiş, lakin sonuncu **********6 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edərək onun əmək kitabçasının surətinə əsasən sığorta stajı 23 il 5 gün təşkil edir. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Umudlu kənd orta məktəbinin xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan arxiv sənədləri X4 filialına təhvil verilmədiyindən (71 saylı xx.xx.2022-ci il tarixli akta əsasən) qeyd olunan dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır (xx.xx.1996-cı il tarixdən texniki işçilərin əmək haqqı kənd icra nümayəndəliyi tərəfindən ödənildiyinə görə). xx.xx.2006-cı il tarixdən xx.xx.2018cı il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının sürətinə əsasən xx.xx.1992-xx.xx.2005-ci il tarixlərdə 13 il 8 gün mübahisələndirilməyən sığorta stajı, eyni zamanda 10787,52 manat pensiya kapitalı vardır ki, bu da pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Əmək kitabçasının doldurulma qaydası pozulduğundan və dublikat olduğu qeyd edilmədiyi üçün iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Umudlu kənd orta məktəbində 14 il 4 ay 6 gün əmək fəaliyyəti dövrü, eləcə də xx.xx.1992-xx.xx.1992-ci tarixlərdə 10 ay əmək haqqı almadığı dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, məsələnin obyektiv araşdırılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Tərtər rayon Dövlət Arxivinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinə sorğular ünvanlandırılmış, lakin hər hansı məlumat əldə edilə bilməmişdir. Qeyd olunanlar baxımından, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq işdəki sübutları səhv qiymətləndirərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı və onun nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası, işdə iştirak edən tərəfləri və şahid qismində təqdim olunmuş şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, xx.xx.1977xx.xx.1992-ci il tarixədək Umudlu kənd orta məktəbində 14 il 4 ay 6 gün əmək fəaliyyəti dövrünün, eləcə də, xx.xx.1992-xx.xx.1992-ci illər üzrə 10 ay əmək haqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur ki, belə olan halda da 25 il sığorğta stajı toplanmadığından onun pensiya hüququ yaranmır. Sözügedən Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, mübahisələndirilən dövrdə iddiaçının işlədiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); -iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir (b.3) İddiaçının iş materiallarına əlavə olunmuş, 0049 saylı xx.xx.1992-ci il tarixli (qeydiyyat nömrəsi 49) diplomuna əsasən müəyyən olunur ki, o, 1990-1992-cı illərdə ikiillik “Kitabşünaslıq və biblioqrafiya” kursunda oxumuş və tam kursu müvəffəqiyyətlə bitirmiş və imtahan komissiyasının xx.xx.1992-ci il tarixli qərarı ilə ona “kitabxanaçı-biblioqraf” ixtisası verilmişdir. Eyni zamanda, onun işdə olan ******* №-li əmək kitabçasının surətinin qeydlərinə əsasən müəyyən olunur ki, xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, yəni, 28 il 2 ay 14 gün Umudlu kənd tam orta məktəbində işləmişdir. Lakin konkret halda, cavabdeh tərəfindən mübahisələndirilməyən siğorta stajı kimi onun xx.xx.1992- xx.xx.2005-ci illər üzrə 13 il 8 gün əmək fəaliyyəti dövrləri qəbul edilir. xx.xx.1977-xx.xx.1992-ci illərdə (14 il 4 ay 6 gün) və xx.xx.1992-xx.xx.1992-ci il (10 ay) tarixədək (ümumilikdə 15 il 2 ay 6 gün) olan dövr üzrə əmək fəaliyyəti isə arxiv materilları aşkar edilmədyi əsas tutularaq onun sığorta stajı kimi qəbul edilməsindən imtina olunur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrün iddiaçının sığorta stajına daxil edilməməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş 3-29- 38/2-143/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının Umudlu kənd tam orta məktəbi üzrə 12/8 saylı xx.xx.1993-cü il tarixli, 20 saylı xx.xx.1994- cü il tarixli, 33 saylı xx.xx.1995-ci il tarixli, 40 saylı xx.xx.1996-cı il tarixli, 19/3 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1997-ci il tarixli, 23 saylı xx.xx.1998-ci il tarixli, 28/2 saylı xx.xx.1998-ci il tarixli, 34 saylı xx.xx.1998-ci il tarixli, 56/2 saylı xx.xx.1998-ci il tarixli, 25 saylı xx.xx.1999cu il tarixli, 26 saylı xx.xx.1999-cu il tarixli, xx.xx.2005-ci il tarixli 58 saylı əmrlərin çıxarışlarıda qeyd olunan dövrlərdə Umudlu kənd məktəbində fəaliyyəti xx.xx.2005-ci il tarixdə dayandırılana qədər işlədiyi öz təsdiqini tapmış, ona məxsus 1996-2000-ci illər ərzində olan əmək haqqı cədvəlləri İİ Qarabağ müharibəsi zamanı yarasız vəziyyətə düşməsi nəticəsində həmin dövr üzrə məlumatları əldə etmək mümkün olmadığı qeyd olunmuşdur. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçının əmək kitabçasının cavabdeh tərəfindən mübahisələndirilən qeydlərinin həqiqliyini müəyyən olunması üçün məhkəmənin təklifi nəzərə alınmaqla, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Umudlu kənd məktəbinin sabiq direktoru X1 şahid ifadəsində aşağıdıkıları bildirmişdir: -Əzizova (Qasımova) İfadə Sabir qızını Umudlu kəndindən tanıyır, hətta ona dərs də demiş, onun şagirdi olub. 1977-ci ilin avqust ayında məktəb kitabxanasına kitabxanaçı kimi qəbul etmiş, kənd 1992-ci ildə işğal olunmuş, işğaldan sonra bir müddət Xocalı şəhərinə baxmışlar, Xocalı işğal olunandan bir müddət sonra onların rayonu Tərtərə verilmiş, rayon statusu ləğv olunandan sonra isə 1992-cü ilin oktyabrın 10-dan Ağdərəyə verilib və hal-hazıradək elə Tərtər rayonunun tərkibində olmuşdur. Adı Tərtər rayonu Umudlu kəndi gedir. Şahid Z.Zeynalov ona verilən sualları cavablandırarkən isə bildirmişdir ki, 2020-ci ilə qədər direktor olmuş, İfadə (iddiaçı) işdən çıxanda da direktor olmuşdur. Şəhərin özündə məktəbin fəaliyyətini bərpa etmişlər, bu günə qədər də məktəb işləyir. Təsdiq edir ki, 1977ci ilin avqust ayından İfadə 2005-ci ilə qədər onların məktəbində kitabxana müdiri işləyib. Kitabxanaçı kimi qəbul olub ilk öncə, sonra siniflərin, kitabların sayından asılı olaraq ştat dəyişib, müdir keçib. Beləliklə də, məhkəmə kollegiyası, iddiaçının əmək kitabçası, onun öz izahatı və şahid ifadəsinə əsasən əldə olunan məlumatlar bir-birini həmin dövrün ağır məqamlarını ehtiva etməklə, məntiqi ardıcıllıqla tamamlaması baxımından, mübahisələndirilən 1977-1992-ci illərdə onun Umudlu kənd məktəbinin kitabxanasında çalışmasına inandırıcı yanaşır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavadeh tərəfindən iddiaçının keçmiş SSRİ dövrünə düşən xx.xx.1977 - xx.xx.1992-ci illəri üzrə əmək fəaliyyəti dövrünün şübhə altına alınması əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması onun qanunla qorunan pensiya təminatı hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi faktlar nöşteyi nəzərindən mahiyyətcə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2383/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2383/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar