Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-291/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X20 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli qərarının ləğv edilməsi və "xxxx" MMC-nin (VÖEN:**********) 4000 manat məbləğində, 1000 manat məbləğində, cəmi 5000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmadan azad olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə 21 oktyabr 2023-cü il tarixli **********448900 saylı qərarı ilə "xxxx" MMC-nin keçirilmiş vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə vermiş olduğu xx.xx.2023-cü il tarixli şikayət təmin edilmədən saxlanmışdır. Eyni zamanda 12 saylı Ərazi Vergi Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********143949 nömrəli qərarı əsasında Sahibkarlıq sahəsində aparılan yoxlmaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231929740 nömrəli çıxarış üzrə “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********3955 nömrəli sənədə əsasən İddiaçı MMC-də yoxlama başlanmışdır. xx.xx.2023-cü il tarixdə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən İddiaçı MMC-nə (VÖEN: **********1) məxsus olan obyektdə (Ünvan: AZE2003 Gəncə şəhəri Atatürk 239 Obyektdin adı: Mağaza **********-23003 Fəaliyətin növü: X3 satışı) nağd pul hesablamalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasi Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsini yoxlamaq qərara alınmışdır. Yoxlamanın nəticələri Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il taixdə Akt və protokol tərtib edilərək rəsmiləşdirilmişdir. Akta görə vergi xidmətinin əməkdaşları İddiaçı MMC-nin (VÖEN:**********) səlahiyətli nümayəndəsinin Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən mağazada olmadığı səbəb göstərilərək xx.xx.2023-cü il tarixdə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı rəsmi qaydada İddiaçı MMC-yə təqdim edilmədi. Buna baxmayaraq, qərar üzrə vergi əməkdaşları yoxlamanı davam etdirmişlər. Bu zaman yoxlama aparanlar tərəfindən pul hesablaşmalarının aparılması zamanı İddiaçı MMC-nin (VÖEN:**********) iki nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmaları aşkar edilmişdir. Eyni zamanda sərbəst şəkildə tərtib edilən aktda göstərilir ki, İddiaçı MMC-nin nümayəndəsinin olmadığı səbəb göstərilərək Aktı imzalamalı olan İddiaçı MMC-nin imzası olmadan akt tərtib edilmişdir. Aktın təsviri və nəticə hissəsindən fərqli olaraq İddiaçı MMC-nin nümayəndəsi Rəhimli N.S-in Aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Akt tərtib edilərkən İddiaçı MMC-nin Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən, mağazanın yerləşdiyi qeyri-yaşayış sahəsi bilərəkdən X16 tərəfindən dəqiq göstərilməmişdir. Həmin qeyriyaşayış sahəsində 3 təsərrüfat subyektinin fəaliyyət göstərməsi bilərəkdən əks etdirilməmişdir. Nəticədə İddiaçı MMC-yə aid olmayan satış yerləri X16 tərəfindən yoxlanılmış, İddiaçı MMC ilə əmək münasibətlərində olmayan şəxslərin əmək müqvilələri yoxlanılmış, İddiaçı MMC tərəfindən Əmək Məcəlləsinin 44-cü maddəsinin pozulması hallarına dair əsassız sənədləşmə aparılmışdır. Belə ki, Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən təsərüffat subyekti xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən “Aqromol MMC-dən (VÖEN:**********) icarəyə götürülmüşdür. Öz növbəsində X13 xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. X16 əmək münasibətlərində olmayan şəxslərin əmək müqvilələri yoxlanılması zamanı X7 işçisinin İddiaçı MMC-yə aid olmayan kassaya yaxınlaşaraq əməliyyat aparmasını kameraya çəkib onu İddiaçı MMC-nin əməkdaşı kimi rəsmiləşdirmişlər. Beləliklə, süni şəkildə Əmək Məcəlləsinin 44-cü maddəsinin pozulması hallarına dair əsassız sənədləşmə aparılmışdır. X12 topladıqları yanlış məlumatlar əsasında İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Dövlət vergi müfəttişliyi tərəfindən İddiaçı MMC-nin (VÖEN:**********) fəaliyyət göstərdiyi ərazi düzgün müəyyən edilməyərək, başqa, yəni sahibkar fiziki şəxs X7 işçilərinin ona aid edilməsi müəyyən edilmişdir. Belə ki, X16 tərəfindən izahatları alınmış, əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyi rəsmiləşdirilən X13 əslində obyekti İddiaçı MMC-yə icarəyə verəndir. X13 xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə (VÖEN;**********) icarəyə vermişdir. X7 xx.xx.2023-cü il tarixli izahatında göstərilir ki, onun işlədiyi yer “Azərin” hədiyyələr mağazasıdır. İddiaçı MMC-nin fəaliyyət göstərdiyi mağaza 1-ci mərtəbədə yerləşir. ”Azərin” hədiyyələr mağazasının ona heç bir aidiyyəti yoxdur. X2 və X8 İddiaçı MMC-in işçiləri kimi tanınması tam əsassızdır. Bekə ki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən X17 tərəfindən icarəyə götürülmüşdür. Nəzarət qaydasına alınmış bir dəst uşaq paltarı X14 məxsus mağazadan alınmışdır. X17 vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərdiyi üçün vergi orqanı əməkdaşları X8 İddiaçı MMC-nin fəaliyyət göstərdiyi mağazaya keçərək vəzifə səlahiyyətlərini aşaraq, İddiaçı MMC-nin NKA-na vuraraq “X” hesabatı çıxarmışlar. Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən 340 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə (VÖEN: **********) icarəyə vermişdir. X7 xx.xx.2023-cü il tarixli izahatında göstərilir ki, onun işlədiyi yer “Azərin” hədiyyələr mağazasıdır. İddiaçı MMC-nin fəaliyyət göstərdiyi mağaza 1-ci mərtəbədə yerləşir. “Azərin” hədiyyələr mağazasının oraya heç bir aidiyyəti yoxdur. X7 izahatı tam əsassızdır. X4 X17 tərəfindən icarəyə götürülmüş mağazada işləyir, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi mağazada çalışmır. İzahat vergi orqanı əməkdaşları tərəfindən doldurulub. X21 izahatı oxumadan imza etdiyini bildirir. İddiaçı Gəncə şəhəri, Atatürk 239 ünvanda fəaliyyətə başladığı vaxtdan bu günə qədər fəaliyyət kodu almış və nəzarət kassa aparatı quraşdırmış, işçiləri əmək müqaviləsi və əmrlə portala daxil edərək rəsmiləşdirmişdir. Qanunzuz toplanmış sübutlar və sənədlər əsasında cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Eyni zamanda şikayət edilən xx.xx.2023-cü il tarixli qərarı ilə 4000 manata məbləğində pulun dərhal dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Bundan başqa, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli başqa qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə hesablaşmaların aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli iki qərarı ilə İddiaçı MMC 5000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3954/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3539 saylı qərarın ləğv edilməsi və İddiaçı MMC-nin 4000 manat məbləğində, 1000 manat məbləğində olmaqla, cəmi 5000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmadan azad olunması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin xx.xx.2023-cü il tarixli **********3539 saylı və **********3541 saylı qərarları ləğv edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını əsassız və qanunsuz hesab edir. Birinci instansiya məhkəməsi qərarının əsası kimi operativ vergi nəzarətinin keçirilməsi haqqında qaydalara əsasən hüquqi şəxsin rəhbəri və ya səlahiyyətli nümayəndəsinin bilavasitə iştirakının təmin edilməməsi ilə göstərir. Lakin “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə akt tərtib olunur. Həmçinin, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir və 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Göründüyü kimi, qanunvericiliyin tələbi operativ vergi nəzarətinin iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi nəzərdə tutulmamışdır. Operativ vergi nəzarəti zamanı aktın imzalanmaması, səlahiyyətli nümayəndənin yoxlamaya gəlməməsi, aşkarlanmış qanun pozuntusu barədə aktın tərtib olunmamasına əsas ola bilməz. Bundan başqa məhkəmə qərarında işə cəlb edilən şəxlərin konkret hansı işlə məşğul olması, həmin iş yerinin əsas yaxud əlavə iş yeri olması ilə bağlı aktda hər hansı qeydlərin aparılmadığı qeyd edilmişdir. Qanunvericiliyin tələbi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Odur ki, məhkəmənin qeyd olunan halların araşdırılmasının heç bir əhəmiyyəti yoxdur. Həmçinin izahat verən şəxslərin əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsini etiraf etməməsi də qanunvericiliyin tələblərinin pozulmaması kimi qəbul edilə bilməz. İşçi sahibkarı maliyyə sanksiyasından qorumaq məqsədi ilə bilavasitə etiraf və ya qeyrimüəyyən izahatların verilməsi araşdırılmamış və iddia təmin edilmişdir. Bundan əlavə məhkəmə qərarında iddiaçının icarəsinə, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən Gəncə şəhəri Atatürk prospekti 239 ünvanında yerləşən 170 kv.m olan qeyriyaşayış sahəsini X14 icarəyə verdiyi qeyd edilmişdir. Lakin iş üzrə araşdırmalar nəticəsində eyni zamanda vergi əməkdaşları izahatlarında aktlar tərtib edilərkən C.Cəfərovun işçi kimi qəbul olunmasına səbəb özünün verdiyi yazılı izahatı, T.Kərimlinin isə həm verdiyi yazılı izahat, həm də "xxxx" MMC-yə məxsus olan kassanın yerləşdiyi masanın arxasında oturaraq satış etməsi olması, X15 isə ümumiyyətlə tanımadıqlarını, yoxlama zamanı obyektdə belə bir şəxsin olmadığını bildirmişlər. Həmçinin həmin şəxsin vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdı aşkarlanmamışdır. Yoxlama zamanı obyektdə kassadan istifadə edilmədiyinin müşahidə olunduğunu, müşahidə zamanı dəfələrlə satış edildiyini, kassadan istifadə edilmədiyi, yoxlamanın günün ikinci yarısında olmasına baxmayaraq, NKA-nın bərpa çekinin gün ərzində vurulmuş ilk çek olduğunu, aşkar olunmuş işçilərdən T.Kərimlinin "xxxx" MMC-nin kassa masasının arxasında oturaraq satış etdiyini, təqdim etdiyi yazılı izahatında "xxxx" MMC-nin işçisi N.Rəhimlinin dostu olduğunu və müxtəlif vaxtlarda obyektə gələrək ona satış edilməsinə kömək etdiyini, digər işçi C.Cəfərovun isə araşdırmaya təqdim etdiyi yazılı izahatında "xxxx" MMC-nin işçisi olduğunu etiraf etdiyini, hər iki işçinin N.Rəhimlini rəhbər kimi tanıdığını, Gəncə şəhərində "xxxx" MMC-nin başqa səlahiyyətli nümayəndəsinin olmadığını, "xxxx" MMC-nin sözügedən obyekti icarəyə götürdüyünü, "xxxx" MMC-yə subicarəyə verdiyini, baza məlumatları araşdırılan zaman "xxxx" MMC-nin icarəyə götürdüyü obyekti "xxxx" MMCdən başqa heç bir vergi ödəyicisinə subicarəyə vermədiyi, yoxlama zamanı "xxxx" MMCnin işçisi N.Rəhimliyə dəfələrlə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə yoxlama tədbirinin keçirilməsi barədə məlumat verilməsi və əlaqə yaratmasının bildirildiyini, N.Rəhimlinin yoxlama tədbiri boyunca bunun mümkün olmadığını söylədiyini, şifahi olaraq bu obyektdə bütün səlahiyyətlərin özündə olduğunu, obyektdə hər hansı digər bir vergi ödəyicisinin işləmədiyini, həm 1-ci mərtəbə, həm də 2-ci mərtəbənin tam olaraq "xxxx" MMC-nin istifadəsində olduğunu, yoxlama zamanı obyektdə başqa hər hansı vergi ödəyicisinin fəaliyyət göstərməsi barədə məlumatın verilmədiyini bildirmişlər. Göründüyü kimi iddiaçı vergidən yayınma sxemi quraraq obyektə tək bir kassa aparatı olduğu halda həmin obyektə başqa vergi ödəyicisinin də fəaliyyət göstərməsini göstərməyə çalışaraq vergidən yayınmışdır. Həmçinin iş materiallarında kassa bərpa çeki "xxxx" MMC-yə aid olduğu halda iş üzrə qeyd olunan məsələ məhkəmə araşdırılmasından kanar qalmışdır. İş üzrə məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən “X3 satışı” mağazasında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 (iki) nəfər fiziki şəxsin (X13 və X18) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, vergi ödəyicisi və səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyi üçün aktın imzalanması və bir nüsxəsinin qəbul edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Nəzarət tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər izahat təqdim edərək obyektdə işlədiklərini etiraf etmişlər. Bu barədə sərbəst akt tərtib edilmişdir. Hər iki işçi təqdim etdiyi yazılı izahatında "xxxx" MMC-nin işçisi olduğunu etiraf etdiyini, hər iki işçinin Nürəddin Rəhimlini rəhbər kimi tanıdığını, Gəncə şəhərində "xxxx" MMC-nin başqa səlahiyyətli nümayəndəsinin olmadığını bildirmişrlər. Bundan başqa “Azərin hədiyyələr” mağazası iddiaçının fəaliyyət göstərdiyi mağazada yalnız "xxxx" MMC-nin fəaliyyət göstərdiyi, obyektdə cəmiyyətdən başqa vergi ödəyicilərinin fəaliyyət göstərməsi ilə bağlı sübutların olmadığı və qeyd olunanları obyektin mülkiyyətçisi C.Cəfərovun da təsdiq etdiyi müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin sözügedən obyekti icarəyə götürdüyünü, "xxxx" MMC-yə subicarəyə verdiyini, baza məlumatları araşdırılan zaman "xxxx" MMC-nin icarəyə götürdüyü obyekti "xxxx" MMC-dən başqa heç bir vergi ödəyicisinə subicarəyə vermədiyi müəyyən edilmişdir. Bundan əlavə, yoxlama zamanı obyektdə kassadan istifadə edilmədiyinin müşahidə olunduğunu, müşahidə zamanı dəfələrlə satış edildiyini, kassadan istifadə edilmədiyi, yoxlamanın günün ikinci yarısında olmasına baxmayaraq, NKA-nın bərpa çekinin gün ərzində vurulmuş ilk çek olduğunu, aşkar olunmuş işçilərdən T.Kərimlinin "xxxx" MMC-nin kassa masasının arxasında oturaraq satış etdiyi operativ vergi nəzarətini keçirmiş əməkdaşlar tərəfindən aşkar edilmişdir. İddiaçının inzibati şikayətində və izahatında göstərilənlər araşdırma zamanı sübuta yetirilməmiş və bununla bağlı heç bir əsaslandırıcı sənəd araşdırmaya təqdim edilməmişdir. Əksinə C.Cəfərov və T.Kərimli həm operativ vergi nəzarəti tədbiri zamanı, həm də C.Cəfərov araşdırma zamanı izahat təqdim edərək Cəmiyyətin işçiləri olduqlarını etraf etmiş, Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən obyektin mülkiyyətçisi C.Cəfərov təsərrüfat subyektində yalnız "xxxx" MMC-nin icarə müqaviləsi əsasında işlədiyini, həmin obyektdə başqa vergi ödəyicilərinin fəaliyyət göstərmədiklərini bildirmişdir. Qeyd etmək lazımdır ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində operativ vergi nəzarəti ilə bağlı mövcud olmuş mübahisə üzrə inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1908/2023 nömrəli qərarında). Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı:AZ5000, Sumqayıt şəhəri, Çerkassı, ev.64, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023 tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********3541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı: AZ5000, Sumqayıt şəhəri, Çerkassı, ev.64, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə ... borcludur. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyəti “sair ərzaq məhsullarının pərakəndə satışından, əlavə fəaliyyəti “X3 satışından ibarətdir. Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3949 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Atatürk 239 ünvanda yerləşən “X3 satışı” mağazasında operativ vergi nəzarəti tədbiri keçirilmiş və nəzarət zamanı 2 (iki) nəfər fiziki şəxsin (X13 və X18) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bu hal xx.xx.2023cü il tarixli DVX seriyalı 001849 nömrəli aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3539 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 15:50-də həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 dəst uşaq paltarı üçün ödənilmiş 8,9 manat pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi müəyyən edilmiş, yayındırılmış məbləğin saat 15:57-də 1914 nömrəli çeklə nəzarət kassaya bərpa edilmiş, bu hal xx.xx.2023-cü il tarixli DVX seriyalı 022429 nömrəli aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3541 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli **********3539 nömrəli və **********3541 nömrəli qərarlarının ləğvini mübahisələndirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli DVX seriyalı 001849 nömrəli akta əlavə edilmiş "xxxx" MMC-yə məxsus mağazada aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 02 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur: 1. X13; 2. X19. Məhkəmə kollegiyası qeyd edir ki, X13 və X18 izahatlarında qeyd olunan mağazada satıcı işlədiklərini, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin hələ təqdim olunmadığını bildirmişlər. Hər iki şəxs yazılı izahatında "xxxx" MMCnin işçisi olduğunu etiraf etdiyini, hər iki işçinin Nürəddin Rəhimlini rəhbər kimi tanıdığını, Gəncə şəhərində "xxxx" MMC-nin başqa səlahiyyətli nümayəndəsinin olmadığını bildirmişlər. X10 "xxxx" MMC-nin kassa masasının arxasında oturaraq satış etdiyi də operativ vergi nəzarəti zamanı müəyyən edilmişdir. Bundan başqa, C.Cəfərov təsərrüfat subyektində yalnız "xxxx" MMC-nin icarə müqaviləsi əsasında işlədiyini, həmin obyektdə başqa vergi ödəyicilərinin fəaliyyət göstərmədiyini bildirmişdir. Həmin mağazada yalnız iddiaçı "xxxx" MMC-nin fəaliyyət göstərdiyi öz təsdiqini tapmış, obyektdə ondan başqa vergi ödəyicilərinin fəaliyyət göstərməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bu halın müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Bundan başqa, həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış mal üçün ödənilmiş pulun müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi müəyyən edilmişdir. Yoxlama zamanı obyektdə kassadan istifadə edilmədiyi müşahidə edilmiş, yoxlamanın günün ikinci yarısında olmasına baxmayaraq, NKA-nın bərpa çekinin gün ərzində vurulmuş ilk çek olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş kassa çeklərindən də görünür ki, nəzarət-kassa aparatı iddiaçı "xxxx" MMC-nin adına qeydiyyatdadır. Aşkar olunmuş işçilərdən X10 "xxxx" MMC-nin kassa masasının arxasında oturaraq satış etdiyi operativ vergi nəzarəti zamanı müəyyən edilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı barəsində qəbul edilmiş qərarların əsassız olduğunu bildirsə də, bununla əlaqədar hər hansı sübutu və ya sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3954/2024 nömrəli, 27 may 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-291/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-291/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver