Məhkəmə qərarları › İş №2-1(103)-2910/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2910/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2910/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “əmrin ləğvi və sair tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin 25 oktyabr 2022-ci il tarixli, 97/k nömrəli “əmək müqavilələrinin ləğv edilməsi barədə” əmrin ləğv olunması, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsində analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ona ödənilməsi, həmçinin cəmi 2600 manat mükafat pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddianın əsaslarına görə 15 oktyabr 2010-cu il tarixdən 31 iyul 2011-ci il tarixədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyat servis Departamenti”nin Beynəlxalq əlaqəlar, daşımaların təşkili, avtovağzallarla iş və monitorinq xidmətinin beynəlxalq əlaqələr və daşımaların təşkili şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. 2011-ci ildə X5 Xidməti yaradılmış və 17 yanvar 2012- ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək dövlət qulluqçusu kimi Xidmətin Daşımaların tənzimlənməsi şöbəsi Beynəlxalq əməkdaşlıq və daşımalar sektorunun məsləhətçisi, daha sonra da həmin şöbənin Beynəlaxalq daşımalar üzrə əməkdaşlıq sektorunun məsləhətçisi vəzifəsində işləmişdir, 1ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə kimi yüksəlmişdir. Xidmətini qüsursuz aparmışdır.“Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli,1463 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında X4 Xidmətinin və br sıra dgər qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Lakin 2021-ci il tarixdə X5 Xidməti tərəfindən dövlət qulluqçularına xidmətdə fərqlənməyə görə 2 dəfə 650 manat pul verilsə də, cəmi 1300 manat pul heç bir səbəb (intizam tənbehi -xəbərdarlıq, töhmət) olmadan ona verilməmişdir. Həmçinin 2022-ci il tarixində bayramlarla əlaqədar “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsanamənin tələblərinə əsasən 2 dəfə cəmi 1300 manat mükafat verilməli olduğu halda, həmin mükafatlar heç bir səbəb göstərilmədən verilməmişdir. Bülletendə olduğu müddət ərzində ona veril pulun 20%-i kəsilmiş, 2 il zabit kimi hərbi xidmətdə olması da hesablanmamışdır. Həmin Fərmanın 3.2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Azərbaycan Respublikasının Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən digər nəqliyyat təşkilatları faktiki olaraq X5 Xidmətinə birləşib və onun hüquqi varisi kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi çıxış edir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsssızdır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidmətinin rəisi Anar Rzayev 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu verərək iddiaçının dövlət orqanının ləğv edilməsi əsası ilə elə həmin tarixdə də dövlət qulluğuna xitam veriləcəyini bildirmişdir və həmin tarixdə də, yəni 25 oktyabr 2022-ci il tarixdə 97/k nömrəli əmr tərtib edərək dövlət orqanının ləğvi əsası ilə onu qanunsuz olaraq işdən çıxarmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda iddia tələbinin mümkün sayılmaması xahiş edilmiş və bunu onunla əsaslandırmışdır ki, nazirliyin tabeliyində olan müəssisələr barədə eyni gündə iki fərman, 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. İddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə həmin əmrin ona verilməsindən 85 gün sonra, yanı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 29 yanvar yanvar 2018-ci il tarixdə ona 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İnzibati orqanların əvvəlki təsnifatına görə X6 Xidmati inzibati orqan olmudur.X7 Xidmati tərefindan qabul edilan dövlət qulluğuna xitam verilməsi barədə 25 oktyabr 2022-ci il tarixli amr inzibati aktdrr. İddiaçı hazırda dövlət qulluqçularının ehtiyyat kadrlarının Siyahısındadır.Hüquqi nəticə etibarı ilə əvvəllar sahəlar üzrə bir neça quruma aid olan səlahiyyətləri hazırda Agentliyin şəxsində vahid bir qurumda cəmlənmişdir. Bu baxımdan, Agentlik yeni struktura ve səlahiyyətlərə malik olan publik hüquqi şəxs olsa da, onun həyata keçirdiyi bir sıra səlahiyyətlər və bu səlahiyyətlərə uygun olaraq təsdiq edilmiş ştatlar həmin Fərmanda göstərilmiş qurumların, o cümlədən, X5 Xidmətinin malik oldugu bir sıra səlahiyyətləri ve həmin səlahiyyatlərə uyğun olan ştatlar ilə eynilik təşkil edir. Hər bir halda, X5 Xidməti fəaliyyet göstərdiyi sahəyə uygun olaraq aidiyyati səlahiyyətlərə malik olmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin də məhz, bu və bir sıra digər qurumların əsasında yaradılması və həmin səlahiyyətlərin (tam və ya hər hansı hissədə, daha təkmil formada va yüksək keyfiyyətdə) bundan sonra məhz Agentlik tərəfindən həyata keçirilməsini, yeni Agentliyin tam anlamda eyni istiqamətlər üzrə fəaliyyət göstərməsini özünde ehtiva edir. Fərmana əsasan bu qurumların əmlakının Agentliyin balansına keçməsi də bu hall bir daha təsdiq edir. Bu da öz növbəsinda məhz Agentliyin cavabdehin hüquqi varisi olmasını təsdiq edir. Ona göra da məhz iddia Agentliyə qarşı qaldırılıb. Amma bu heç də o anlama gəlməməlidir ki, iddia ərizəsinə rayon məhkəməsində baxılmalıdır. Əksinə, dövlət qulluqçusu olduğu üçün va işdən çıxarılma əmrini dövlət orqanı olmuş inzibati orqan – X5 Xidməti qəbul etdiyi üçün və inzibati orqan tərəfindən qəbul edilən işdən azad olma əmri inzibati akt hesab olunduğu üçün hazırki işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Qərardadda gösterilən nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı dövlət qulluqçusu, işdən azad edən orqan dövlet orqanı, inzibati orqan olmuşdur, dövlət orqanı tərəfindən qəbul olunan əmr inzibati aktdır. İşə rayon məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi vəkil S.Əliyev isə cavabdehin publik hüquq şəxs statusunda olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını formal baxımdan əsaslandırmalıdır ki, inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsi nəzərdə tutur ki, məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edərkən qərardadında qeyd etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədyi dövlət orqanı ləğv edildiyindən, onun dövlət qulluğuna xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpası mümkünsüzdür. Çünki, onun qulluğuna xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğvi iddiaçının əvvəl işlədiyi X4 Xidmətinin Daşımaların tənzimlənməsi şöbəsinin Beynəlxalq daşımalar üzrə əməkdaşlıq sektorunun məsləhətçisi vəzifəsinə bərpası deməkdir ki, hazırda nə belə bir dövlət orqanı, nə də onun strukturunda belə bir vəzifə mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı halda hüquqlarının müdafiəsi ləğv olunmuş X4 Xidmətinin əsasında yaradılmış Azərbaycan X2 analoji vəzifəyə bərpa edilməsi yolu ilə mümkündür, hansı ki, belə bir iddia tələbinə isə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Beləliklə, hazırkı vəziyyətdə iddiaçının hüquqlarının mümkün müdafiə üsulu olan Azərbaycan X2 analoji vəzifəyə təyin edilmə barədə iddiası predmet baxımından əmək hüquq münasibətlərindən yarandığından və hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə hesab olunmadığından məhkəmə belə qənaətə gəlir ki, bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qiymət verilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyindən göründüyü kimi, məhkəmə, iddiaçının əvvəl işlədiyi adıçəkilən Xidmətin ləğv edildiyini və artıq mövcud olmadığını əsas gətirərək hesab etmişdir ki, iddiaçı öz istəyinə cavabdeh X2 analoji vəzifəyə bərpa edilməsi yolu ilə nail ola bilər ki, bu da predmet baxımından, əmək münasibətlərindən yarandığından, hüquqi xarakterinə görə inzibati mübahisə hesab olunmur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezdentinin“Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli 1463 saylı Fərmanının 1-ci hissəsindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti və onun tabeliyində olan müəssisələr ləğv olunmamış, həmin Xidmətin və onun tabeliyində olan müəssisələrin əsasında, nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Göründüyü kimi, burada ləğv olunma baş verməmiş, çevrilmə nəticəsində əvvəlki hüquqi şəxs X4 Xidməti və onun müəssisələri əsasında digər hüquqi şəxs - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ yaradılmışdır (Həm həmin Xidmətin, həm də Agentliyin rəhbəri “Anar Rzayev”dir). Azərbaycan Respublikası Prezdentinin 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; ...; Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.1.2. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; ..., 3.1.38. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; ...; 3.1.44. Agentliyin struktur bölmələrinin fəaliyyətinə nəzarət etmək, onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək; ...; 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır: ...; 3.2.7. Agentliyin əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; 3.2.14. müvafiq sahədə səlahiyyətləri daxilində yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək; Həmin Nizamnamənin 4.11-ci maddəsinə əsasən idarə Heyətinin sədri: 4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir; 4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir; ...; 4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir; Göründüyü kimi, X4 Xidməti və onun müəssisələri əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ, müvafiq icra hakimiyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsinə müvafiq ümumi (publik) hüquq sahəsinə aid olan məsələləri nizama salmaq, onları həll etmək məqsədilə əmr və sərəncamlar vermək və s. kimi səlahiyyətlərə malikdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci madddəsinə əsasən isə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh orqan, iddiaçının hazırkı iddia tələbi üzrə cavab verməli olan inzibati orqandır. Belə olan halda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, işə əlavə olunmuş oxşar iş üzrə Ali Məhkəmənin təcrübəsinə dair məhkəmə qərarına da diqqət yetirməmiş, hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılmasının mümkünsüzlüyü qənaətinə gəlməklə, işin hallarına uyğun olmayan və prosessual qanunvericilyin tələblərinin pozulması ilə qərardad qəbul etmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin qərardadda göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini və mahiyyəti üzrə işə baxılmasının mümkün olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5842/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar