Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2910/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8627/2024 saylı 20 may 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 161 № li Sərəncamının onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yeləşən evin yerləşdiyi 600 kv.m torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının 23 iyun 2017ci il tarixli 267 nömrəli Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş və rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 3.6-cı bəndinə əsasən rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməlidirlər. MMC-nin rəhbərliyi ilə qarşılıqlı razılaşmaya gəlmək mümkün olmamışdır. MMC onların xüsusi mülkiyyət hüquqi ilə məxsus olan ünvan 3 ünvanda yerləşən evlərinin sökülməsi, həmin evdən çıxarılmaları və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin, məhkəmənin qəbul etdiyi qətnamə ilə MMCnin iddia tələbi əsassız olduğundan rədd edildi. Göstərilən sərəncam onların evlərinin yerləşdiyi torpaq sahəsi barədə də qüvvədə olduğundan onlar, evlərinin və evlərin yerləşdiyi torpaq sahəsi barədə hər hansı bir hərəkət edə bilmirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan "xxxx" MMC ünvan 4 ünvanda xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair sərəncam verilə bilməz və göstərilən sərəncam hissəvi olaraq (Bakı şəhəri, Nərimanov ryonu, Təbriz küçəsi 32 nömrəli evin yerləşdiyi 600 kv.metr torpaq sahəsinə aid hissədə) ləğv edilməlidir. Bununla əlaqədar Bakı şəhəri Cavabdeh başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamının ünvan 3 ünvanda bizə xüsusi mülkiyyət hüququ ilə məxsus olan evin yerləşdiyi 600 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə Pretenziya (Xəbərdarlıq) ilə 21 fevral 2024-cü il tarixdə Bakı şəhəri Cavabdehə müraciət ediblər. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 01 mart 2024-cü il tarixli 5-14/2-m-51- 032/24 saylı cavab məktubu (həmin 29 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir) ilə sərəncamın hissəvi ləğvindən imtina edilmişdir. İmtinada göstərilir ki, ərizədə toxunulan xüsusatlarla əlaqəli hüquq münasibətlərinə çox saylı məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eləcə də mübahisə predmeti üzrə digər şəxslərin hüquq və mənafelərinin pozulmaması baxımından Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 161 nömrəli Sərəncamının tam və ya hissəsi ləğv edilməsi yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8627/2024 saylı 20 may 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə müvafiq qərardadda iddiaçıların cavabdehin Sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş olduqlarını qeyd etmişdir. Belə ki, mübahisələndirilən Sərəncam xx.xx.2019-cu il tarixlidir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə iddiaçı tərəf ümumiyyətlə müddəti ötürmədiyini iddia etdiyindən iddiaçı tərəflə prosessual müddətin bərpası ilə bağlı hüquqi yardım müzakirə edilməmişdir. Məhkəmə iddiaçı tərəflə prosessual müddətin bərpası ilə bağlı hüquqi yardımı müzakirə etmədiyini bildirmişdir. Amma buna baxmayaraq, məhkəmə iddiaçı tərəfin ümumiyyətlə müddəti ötürmədiyini iddia etdiyini qeyd etmişdir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə müvafiq qərardadda iddiaçıların iddia tələbində xüsusi mülkiyyətlərində olan 600 kv.metr torpaq sahəsinə aid hissədə cavabdehin Sərəncamını ləğv edilməsini xahiş etdiklərini, lakin iş materiallarından mübahisəli ünvanda İddiaçı2 ümumi sahəsi sahəsi 75.5 kv.metr olan mənzil, İddiaçı1 isə ümumi sahəsi 70.5 kv.metr olan mənzil mülkiyyətində olduğunu, lakin iddiaçılar 600 kv.metr torpaq sahəsinin onların xüsusi mülkiyyətində olmasına dair sübut təqdim etmədiyini və bu səbəbdən 600 kv.m torpaq sahəsinə aid hissədə cavabdeh Sərəncamını mübahisələndirmək üçün subyektiv hüquq daşıyıcısı olmadıqları qeyd edilmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, məhkəmə qəbul etmiş qərədadda mübahisəli ünvanda İddiaçı2 ümumi sahəsi sahəsi 75.5 kv.metr olan mənzil, İddiaçı1 isə ümumi sahəsi 70.5 kv.metr olan mənzil mülkiyyətində olduğunu qeyd edir. Belə olduğu halda iddiaçıların müvafiq qərarı mübahisələndirmək üçün subyektiv hüququ olur. İş materiallarından göründüyü kimi, tərəflər arasında uzun müddət məhkəmə mübahisələri olmuşdur və müvafiq icra orqanı bu üzrə iddiaçıya mülkiyyətində və faktiki istifadəsində olan sahələrə görə kompensasiya ödəmək niyyətində olmuşdur. Qeyd olunan kompensasiyanın məbləği əhəmiyyətli dərəcədə az olduğundan müvafiq icra hakimiyyətinin iddiası təmin edilməmişdir. Hazırki iş üzrə iddiaçı bundan sonra müvafiq icra hakimiyyətinin qərarını qismən ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Başqa sözlə iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etmişdir. İş materiallarından göründüyü kimi müvafiq icra hakimiyyəti mübahisələndirilən sahəyə münasibətdə qanunsuz inzibati akt qəbul etmiş və bu səbəbdən hazırki iş üzrə iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozmuşdur. Məhkəmə iddiaçılar tərəfindən verilmiş iddianı mümkünsüz saymaqla, müvafiq icra hakimiyyətinin qanunsuz vermiş olduğu Sərəncamını iddiaçıların arzuladıqları məqsədlərə çatmalarını mümkünsüz edəcəkdir. Qeyd olunanlara əsasən hesab edilir ki, məhkəmə iddia qaldırmış şəxslərin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyini və iddiaçılar tərəfindən müvafiq icra hakimiyyətinin qanunsuz sərəncamını gələcəkdə mübahisələndirmək imkanlarının olmamasını nəzərə alaraq iddianı mümkün saymalı idi. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə ccavabdeh Bakı şəhəri Cavabdehinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı tələbi “cavabdehin xx.xx.2019-cu il tarixli, 161 № li Sərəncamının onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yeləşən evin yerləşdiyi 600 kv.m torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “iddiaçıların cavabdehin Sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi”nə istinad edərək hazırki iddia tələbini mümkün saymamışdır. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov Rrayon İcra Hakimiyyəti başçısının 23 iyun 2017-ci il tarixli 267 nömrəli Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Hazırki işdə iddiaçıların tələbi “həmin sərəncamın onlara xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda yeləşən evin yerləşdiyi 600 kv.m torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın qismən ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilməklə, tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyin təklif edilməsini, həmin tələbə birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün yuxarıda göstərilən meyarlarla mümkünlüyünün yoxlanılmalı olduğunu nəzərə alaraq hesab edir ki, inzibati iş yeni tələbin (“sərəncamın etibarsızlığı” tələbinin) irəli sürülüb, ona baxılmasının mümkünlüyünün yoxlanılması, mümkün olduğu təqdirdə ona mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəməsinin bu qərardadında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq müvafiq qərar (və ya qərardad) qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi e-2-1(112)-8627/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e e-2-1(112)-8627/2024 saylı, 20 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-2910/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2910/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver