Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2910/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Səmədov Rəşid Əfraim oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya xx.xx.2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, e-2-1(112)-2690/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2690/2025 saylı qərardadı ilə İddiaçı tələbi “İddiaçı xx.xx.2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının xx.xx.2021ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. Hazırda 62 yaşı tamam olub. 21 avqust 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və bu günə qədər davam edir. Belə ki, o, xx.xx.1981-ci tarixdən xx.xx.2000-ci il tarixə qədər Bakı Komvol Kombinatında aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1981- Burcu sexində burcu avadanlıqlarına burcu şagirdi operatoru qəbul olunmuşdur;(Əmr №13.xx.xx.1981); xx.xx.1981-Burcu avadanlığının operatoruna 3-cü dərəcə verilmiş (Əmr №123.xx.xx.1981); xx.xx.1982-Burcu avadanlığının operatoruna 4-cü dərəcə verilmiş (Əmr №41. xx.xx.1982); xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müəssisədən verilmiş xx.xx.2024-cü il tarixli “Güzəştli arayışa” əsasən müəyyən olunur ki, “İbişova X1 burcu sexində işləyərkən təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmuş zərərli işə görə əmək haqqına əlavə olunmuş, o cümlədən, əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Həmin dövrlərdə işlədiyi müəssisədə burcu avadanlıqlarının operatoru işləmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın təsdiq edilməsi barədə 12 saylı qərarı ilə Toxuculuq istehsalat; adlanan paraqraf 32-ci bölməsinin 7-ci bəndinin burucu avadanlıqlarının peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır”. İddiaçı zərərli iş stajı 15 il 4 gün təşkil edir. Beləliklə, o, ümumi və zərərli sahədə olan xüsusi iş stajını nəzərə alaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin ona ünvanladığı xx.xx.2024-cü tarixli məktubda qeyd edilir ki, “ … “Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin sizə dair 13 fevral 2023-cü il tarixli 08 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burcu şagirdi və burcu vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan burcu avadanlıqalarının operatoru vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq guzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın peşaların, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) tasdiq etdiyı siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sıgorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğından az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 dak yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa göra əmək pensiyası huququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı Qararı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın toxuculuq istehsalatı bölməsində (32) burucu avadanlıqların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 08 saylı arayışında onun xx.xx.1981-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burucu şagirdi və burucu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş sıyahıda nəzərdə tutulan burucu avadanlıqlarının operatorları vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaların 22.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya huququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi). İşin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxanda qeyd olunanları ümumiləşdirdikdə iddiaçının xx.xx.1981-xx.xx.2000-ci il tarixlərdə "burucu şagirdi" və "burucu" vəzifələri Siyahıda nəzərdə tutulan "burucu avadanlıqların operatorları" vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2690/2025 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək İddiaçı 52 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Bununla bağlı olaraq iddiaçı Bakı İnzibati Məhkəməsinə tələbinin təmin olunması üçün müraciət etmişdir. Məhkəmə icraatının gedişatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddiaçıya 57 yaşdan deyil, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması xahiş edilmişdir. Lakin iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək 20 il ümumi, 10 il güzəştli staj tələb olunur. Lakin iddiaçının ümumi stajı inzibati orqan tərəfindən 15 il 8 ay 18 gün kimi qəbul edilir. İddiaçının güzəştli iş stajı isə tamamilə mübahisələndirilir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında pambıq zavodunda işlədiyi dövr ərzində vəzifəsi “burucu şagirdi” və “burucu” kimi qeyd olmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın toxuculuq istehsalatı bölməsində “burucu avadanlıqların operatorları” vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçının işlədiyi vəzifə ilə Siyahıda nəzərdə tutulan vəzifə bir-birinə uyğun gəlmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus 25 iyul 1979-cu il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.1981-cu ildə Bakı Komvol Kombinatına burucu şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə ona burucuya 4-cü dərəcə verilmiş, xx.xx.2000ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Kor və zəifgörən uşaqlar üçün Respublika internat orta məktəbinə xadimə işinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə Bərimanov rayon MKİB 53 saylı briqadasına küçə süpürgəçisi işinə qəbul edilmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 15 nömrəli güzəşt arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Bakı-Komvol Kombinatında işləmişdir: xx.xx.1981-ci il tarixdə burucu sexinə burucu avadanlıqlarına burucu şagirdi operatoru qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdə burucu avadanlığının operatoruna 3-cü dərəcə verilmişdir. xx.xx.1982-ci il tairxdə burucu avadanlığının operatoruna 4-cü dərəcə verilmişdir. xx.xx.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı Səti qızı kombinatda burucu sexində işləyərkən təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmuş zərərli işə görə əmək haqqına əlavə olunmuş o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Həmin dövrlərdə işlədiyi burucu avadanlıqlarının operatoru işləmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sayı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın təsdiq edilmiş barədə 12 saylı qərarı ilə Toxuculuq istehsalatı adlanan paraqraf 32-ci bölməsinin səhifə 199. Səh. 200. 7-ci bəndinin burucu avadanlıqlarının peşəsi üzrə güzəştli şərilərlə pensiya hüququ yaranmışdır. İddiaçı zərərli iş stajı 15 il 4 gün təşkil edir - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 88 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Şəfi qızı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı-Komvol Kombinatında (hazırda "xxxx" ASC) müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı Şəfi qızının işlədiyi dövrlərdə hər ay əmək haqqısı tam şəkildə ödənilmişdir. Əmək haqqının ödənilməsini əks edirən əmək haqqı cədvəlləri 2015-ci ildən Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə təhvil verildiyinə görə hazırkı cavab məktubuna qoşulması imkan xaricindədir. - Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2144/2024 saylı məktubunda göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1981-ci il tarixli, 13 saylı əmrlə xx.xx.1981-ci il tarixdən burucu şagirdi kimi işə qəbul olunması, xx.xx.2000-ci il tarixli, 2/KŞ saylı əmrlə xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, burucu sexinin 1981, 1982, 1986, 1990, 1991, 1992, 1993-cü illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin arxiv sənədlərinin burucu sexinin 1983, 1984, 1985, 1987, 1988, 1989, 1994, 1995, 1996-cı illərə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş axiv arayışı əmək haqqı cədvəlinə əsasən 1981-ci il üzrə fevraldekabr; 1982-ci il üzrə yanvar-sentyabr; 1986-cı il üzrə fevral-aprel; 1990-cı il üzrə yanvar, may-dekabr; 1991-ci il üzrə may-iyul; 1992-ci il üzrə fevral-dekabr; 1993-cü il üzrə yanvar, aprel, iyun ayları üzrə əmək haqqı məbləği qeyd edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 93 saylı məktubunda göstərilmişdir ki, İddiaçı, həqiqətən, 13 №-li əmrlə xx.xx.1981-ci ildən burucu sexinə burucu avadanlıqlarına burucu operatoru qəbul edilmiş və öz xahişi ilə xx.xx.2000-ci il tarixdə 02 №li əmrlə işdən azad edilmişdir. İbişova X1 burucu sexində işləyərkən təbii yun, və sintetik materiallardan hazırlanmış sapların burulması ilə məşğul olmuş, zərərli işə görə əmək haqqısını əlavə almış, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın toxuculuq istehsalatı adlanan s-32 səh-199 səh-200, 7-ci bəndinin burucu avadanlıqlarının operatorları peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçı zərərli iş stajı 15 il 4-gün təşkil edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-133871/2024 saylı məktubunda göstərilmişdir ki, “ ... “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 may 2024-cü il tarixlərində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. ... Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin sizə dair 14 may 2024-cü il tarixli 15 saylı arayışında xx.xx.1981xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burucu şagirdi operatoru və burucu avadanlığının operatoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialda mövcud olan Dövlət Arxivinin Bakı Filialının sizə dair əmək haqqı arayışında 1987-1989-cu illər, 1990-cı il üzrə 2 ay, 1991-ci il üzrə 8 ay, 1993-cü il üzrə 9 ay sizə əmək haqqı ödənilmədiyi 1992, 1994, 1995, 1996 cı illərə dair əmək haqqı cədvəllərində isə sizə əmək haqqı hesablanması ilə bağlı məlumatın olmadığı göstərilib. Buna görə də yuxarıda qeyd edilən dövrlər bu səbəblərdən də sizin güzəştli iş stajınız 10 ildən az (6 il 8 ay 26 gün (xx.xx.1981-xx.xx.1986-cı il. xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1993-cü iİ, xx.xx.1993-xx.xx.1993-cü iİ, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9-cu maddəsinə müvafiq olaraq, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə müvafiq olaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın 4-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı xx.xx.1981-xx.xx.2000-ci il tarixədək 18 il 10 ay 24 gün, xx.xx.2002- xx.xx.2005-ci ilədək 03 il 05 ay 01 gün olmaqla ümumilikdə 22 il 03 ay 25 gün təşkil edir. İddiaçının qeyd edilən dövr, xüsusilə Bakı Komvol Kombinatında əmək fəaliyyəti əmək kitabçası, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatından sorğu əsasında əldə edilmiş natamam arxiv sənədləri, eləcə də müəssisə tərəfindən sorğu əsasında təqdim edilmiş işçinin şəxsi vərəqi təsdiq edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək qanunla tələb olunan 20 il ümumi sığorta stajı toplamışdır. Cavabdeh şikayətində iddiaçının tələb olunan güzəştli iş tajının olmadığına istinad etmişdir. Belə ki, cavabdehin mövqeyinə görə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın toxuculuq istehsalatı bölməsində burucu avadanlıqların operatorları vəzifəsi güzəştli vəzifə hesab olunduğundan, iddiaçı isə xx.xx.1981-xx.xx.2000-ci il tarixlərdə burucu şagirdi və burucu vəzifələrində işlədiyindən həmin vəzifə burucu avadanlıqların operatorları vəzifəsinə uyğun deyildir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə iddiaçının işləmiş olduğu "xxxx" ASC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi güzəştli arayışda (Bakı Komvol Kombinatının hüquqi varisi) iddiaçının Bakı- Komvol Kombinatında burucu sexinə burucu avadanlıqlarına burucu şagirdi operatoru qəbul edildiyini, həmin işin təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmaqla zərərli iş hesab edildiyi, zərərli işə görə onun əmək haqqısına əlavələr olunduğu, əlavə məzuniyyət günlərinin verildiyini bildirərək iddiaçının işlədyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sayı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın təsdiq edilmiş barədə Toxuculuq istehsalatı bölməsində burucu avadanlıqlarının operatoru peşəsinə uyğunlaşdırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “ ... güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın 32-ci bölməsində Toxuculuq istehsalatında burucu avadanlığının operatorları vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan (iddiaçının işlədiyi dövr xx.xx.1981xx.xx.2000-ci il dövrünə uyğun) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı” Burucu avadanlığının operatorları zərəərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifə əmək kitabçasında burucu kimi qeyd edilsə də, işəgötürənin verdiyi arayışda iddiaçının məhz burucu avadanlıqlarının operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, burucu peşəsinin təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olarkən açılmış sapdan tozun əmələ gəlməsi və bununla əlaqədar həmin vəzifədə çalışanların sağlamlıqları üçün zərərli hesab edildiyi, dolayısı ilə peşənin zərərli iş olduğu aşkardır. Bu baxımdan burucu avadanlıqların operatorları vəzifəsində çalışanlarla burucu vəzifəsinin əmək funksiyaları eyni olmaqla məruz qaldıqları zərər eyni hesab olunmalı, differensiya aparılmamalıdır. İddiaçının xx.xx.1981-xx.xx.2000ci il tarixədək işlədiyi dövr 18 il 10 ay 24 gün zərərli iş stajı hesab edilməklə güzəştli şərtlərlə yaşa görə pensiya təminatına imkan verir. Beləliklə, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2690/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-2690/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2910/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2910/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver