Məhkəmə qərarları › İş №2-1(103)-2911/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2911/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2911/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4001/2022 saylı, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün fərq məbləğinin hesablanması və ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 22 aprel 2014-cü il tarixdən əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləğinin azlığı ilə əlaqədar dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, çox cuzi miqdarda artım olmuşdur. 12 fevral 2021-ci il tarixdə müraciətinə əsasən, əmək pensiyasının məbləği 267.32 AZN-dən 354.72 AZN-ə artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üçün yenidən hesablanmışdır. Hesablanan fərq məbləği ödənilmişdir. Lakin, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün fərq məbləği hesablanmamış və ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4001/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, İddiaçı yaranmış pensiya fərqi məbləğinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 2 aprel 2014-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müraciətinə əsasən (15 fevral 2021 -ci il tarixində daxil olmuş) aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 2 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə əlavəsi 21,25 manat, rütbəyə görə əlavəsi 30.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143.20 manat olmaqla orta aylıq əmək haqqı 484.45 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11,2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 8 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (484,45 manat) 53 faizi-256.76 manat məbləğində hesablanıb. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2803,02 (1265,40+393,80- 1143,82) manat fərq məbləği Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 15 aprel 2021 -ci il tarixində pensiyasının üzərinə əlavə köçürülüb. Əlillik müddətinin 3 aprel 2021 -ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021- ci il tarixindən dayandırılıb. Eyni zamanda bildirirlər ki, təkrar müayinədən keçməyi ı tarixindən İİ dərəcəli əlilliyi müəyyən olunub. Bununla əlaqədar ci il tarixində daxil olmuş müraciətinə əsasən əmək pensiyası edilib, həmçinin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 1819,37 manat pensiya məbləği hesablanıbdır. 1819,37 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 303,23 manat olmaqla əmək pensiyasının (354,72 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. 01 yanvar 2022-ci il tarixindən pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-35,47 manat məbləğində maddi yardım ödənilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İzahatında həmçinin bildirdi ki, ididaçının İdarəyə pensiyanın yenidən hesablanması ilə bağlı müraciəti xx.xx.2021-ci il tarixində daxil olduğundan pensiyası yenidən hesablanaraq ona keçmiş müddət üçün pensiyasında yaranmış fərq məbləği 3 il əvvəlki dövrlər üzrə yəni xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan müddət üzrə hesablanıb ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 09 iyul 2021-ci il tarixli, **********3 nömrəli imtina məktubu almışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 09 iyul 2021-ci il tarixli, **********3 nömrəli “Keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında” imtina məktubundan görünür ki, ididaçının 28 aprel 2021-ci il tarixli, **********2 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 05 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı ilə məhkəmələrə sözügedən məsələnin nəzərə alınması tövsiyyə edilmişdir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üçün hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus 111145 nömrəli pensiya işinin surətindən görünür ki, iddiaçı onun pensiyasının yenidən hesablanması üçün inzibati orqana ilkin olaraq xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun əmək pensiyası yenidən hesablanaraq keçmiş müddət üçün ödənilməli olan məbləğ xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üzrə ödənilmişdir. Cavabdeh iddiaçının sonuncu müraciətinin xx.xx.2021-ci il tarixində idarəyə daxil olması ilə bunu əsaslandırmışdır. Halbuki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, keçmiş müddət üçün ödənilməli olan pensiya məbləği ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Yəni xx.xx.2017-ci ildən- xx.xx.2020-ci ilədək olan dövrlər üzrə ödəniş aparılmalı idi. İşin hallarından da görünür ki, xx.xx.2018-ci ildən fərq məbləği hesablanaraq ödənilsə də, xx.xx.2017-xx.xx.2018-ci illər arasındakı dövr üzrə yaranmış fərq məbləği də ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçı pensiya məbləğinin bütün növ əlavələrin nəzərə alınmaqla yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciəti xx.xx.2020-ci il tarixdə olduğundan, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla müraciət etdiyi həmin tarixdən üç il əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləği ödənilməlidir. Bu zaman Məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati orqan tərəfindən xx.xx.2018-ci ildən ilkin müraciət tarixinə kimi yəni xx.xx.2020-ci il tarixinədək yenidən hesablanma zamanı yaranmış fərq məbləğinin aparılmış ödənişləri qərarın icrası zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4001/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4001/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aparılmış fərq məbləği üzrə ödənişlər nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar