Məhkəmə qərarları › İş №2-1(103)-2911/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2911/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2911/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)- 2911/2023 (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5757/2023 saylı, 02 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 15.02.2022-ci il tarixli 5 №-li arayışa əsasən 1992-1999-cu illərdə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixində kəskin ürək qan damar çatışmamazlığı nəticəsində dünyasını dəyişmişdir.

3. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, iddiaçının anası X12 xx.xx.2000-ci il tarixində dünyasını dəyişmişdir.

4. X7 xx.xx.1976-ci il tarixində 007691 nömrəli əlillik vəsiqəsi verilmişdir

5. Həkim-əmək ekspert komissiyasının 2541 nömrəli arayışdan görünür ki, X14 İ qrup əlilliyi və kənar şəxsin köməyinə ehtiyacı olması faktı müəyyən olunmuşdur.

6. Bakı şəhəri Nərimanov rayon 20 saylı MKİS tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışın surətindən görünür ki, Arayışda qeyd edilmişdir ki, İddiaçı Xuluflu küçəsi 36 saylı evin 31 nömrəli mənzilində pasport qeydiyyatında olduğu və həqiqətən atası X14 – İ qrup X19 əlili ilə birlikdə yaşayır və anası X12 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra atasına qulluq edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası İ qrup gözdən əlil, 1929-cu il təvəllüdlü atası X7 17 fevral 2000-ci il tarixdən 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq dövrünün müəyyələşdirilməsini, eyni zamanda həmin dövrün ayrıca hesablanaraq sosial sığorta stajına daxil edilməsini və əmək kitabçısında mövcud olan 21 il 9 ay 29 gün sığorta stajının üzərinə hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı Bakı Dost Mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətin məzmunu və əsası ondan ibarət olmuşdur ki, xx.xx.1976-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" zavodunda, habelə müxtəlif zavodlarda fəhlə qismində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə xx.xx.2000-ci il tarixində iddiaçının anası X12 dünyasını dəyişdikdən sonra 1941-1945-ci illərin müharibə veteranı, İ qrup əlil atası X7 dünyasını dəyişənədək, yəni xx.xx.2013-cü il tarixinə qədər qulluq göstərmişdir. Cavabdeh qurum 20 dekabr 2022-ci il tarixli, **********9 №-li məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı bu imtinanı aşağıda qeyd etdiyi səbəblərdən dolayı əsassız olduğunu hesab etmişdir.Belə ki, 1929-cu il təvəllüdlü X14 hərbi xidmət öhdəliyini icra edərkən aldığı xəsarətdən sağ göz almasının itirilməsi, sol gözün kontairakt fəsadı, nevrostansiya və qiportaniya nəticəsində müddətsiz İ qrup əlillik dərəcəsi alaraq kənar şəxsin köməyinə ehtiyacı olması halı müəyyən edilmişdir. İddiaçının köməksiz qalan atası ona qulluq göstərə biləcək kiminsə olmaması səbəbindən xx.xx.2000-ci il tarixli ərizə ilə Nərimanov rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzinə müraicət edərək İddiaçı ona göstərdiyi qulluq ilə əlaqədar pensiya təminatının verilməsini xahiş etmişdir. Atasına qulluq göstərilməsi ilə əlaqədar İddiaçı 1999-cu il tarixdən, yəni anası xəstə ikən öz hesabına məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı 1999-cu ildən 2013-cü il 15 mart tarixinədək birinci qrup gözdən əlil atasına qulluq göstərmişdir. Bu barədə 2000-ci il tarixdə verilmiş Nərimanov rayon İcra Hakimiyyəti 20 saylı Mənzil Kommunal İstismar sahəainin arayışı həmin halı təsdiq edir. İddiaçı atasına qulluq etdiyi dövr 2000-2013cü illəri əhatə etdiyindən həmin fəaliyyət dövrünün yenidən hesablanmalı olduğu qənaətinə gəlmişdir. O, hesab etmişdir ki, X5 ümumi sığorta stajının 35 il 8 ay 27 gün olaraq hesablanmalıdır. 3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya imkan verdikdə sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, ənun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin madədə göstərilən şəxslər şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır.Təqdim etdiyi X1 əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 21 il 9 ay 29 gün təşkil edir.Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır.

9. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən vətəndaş İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti zamanı 1997-ci ilin iyun, oktyabr, dekabr ayları, 1998-ci ilin iyul-sentyabr ayları və xx.xx.1999cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib və bu səbəbdən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər sığorta stajına daxil edilməyib.Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə onun pensiya təminatı hüququna yenidən baxıla bilər.

10. Cavabdeh qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı 30 mart 2023-cü il tarixində etirazla məhkəməyə müraciət edərək iddiaçı X2 “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hesab edilmişdir ki, İddiaçı əmək kitabçasının sürətinə əsasən sığorta stajı 21 il 9 ay 29 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Cavabdeh qurumun keçirdiyi monitorinq nəticəsində vətəndaş İddiaçı əmək kitabçasının sürətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1997-ci ilin iyun, oktyabr, dekabr ayları, 1998-ci ilin iyulsentyabr ayları və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilib və bu səbəbdən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrlər sığorta stajına daxil edilməyib. Cavabdeh qurum hesab edir ki, “Vətəandaşların pensiya təminatı haqqında” və “Məzuniyyətlər haqqında qanunun tələblərinə əsasən İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə hüquqi qiymət verilməlidir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5757/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, X19 veteranı, İ qrup gözdən əlil X4na 17 fevral 2000-ci il tarixdən 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq dövrü sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçısında mövcud olan 21 il 9 ay 29 gün sığorta stajı mübahisələndirilmir. Cavabdeh tərəfindən iddaçının atası X19 veteranı, İ qrup gözdən əlil X7 17 fevral 2000-ci il tarixdən vəfat etdiyi 15 mart 2013-cü il tarixədək göstərdiyi qulluq müddəti sığorta stajına daxil edilməmişdir

13. İddiaçının mərhum atası X14 1976-cı ildən İ qrup X19 əlilidir və xx.xx.2013-cü ildə ölmüşdür. X4 xx.xx.2000-ci ildə aidiyyəti sosial müdafiə mərkəzinə müraciət edərək arvadı X6 xx.xx.2000-ci il tarixdə qəflətən vəfatını nəzərə alıb ona qulluq etdiyinə görə onunla bir ünvanda yaşayan qızı 1959-cu il təvəllüdlü X3 təqaüd verilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2000-ci ildə dərkənar edilmişdir.

14. 20 saylı MKİS tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışda İddiaçı Xuluflu küçəsi 36 saylı evin 31 nömrəli mənzilində pasport qeydiyyatında olduğu və həqiqətən atası X14 – İ qrup X19 əlili ilə birlikdə yaşayır və anası X12 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra atasına qulluq edir.

15. Məhkəmə qeyd edir ki, X4nun İ qrup X19 əlili olması və xx.xx.2013-cü ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Məhkəmə nəzərə alır ki, iddiaçını nümayəndə qismində onun qardaşı Nümayəndə1 məhkəmədə təmsil edərək iddianı müdafiə edir, yəni məhz bacısının atasına qulluq etməsi halını təsdiq edir. Mərhumun əmək qabiliyyətsiz olmaqa ahıllar üçün sosial xidmət müəssisəsinə yerləşdirildiyi və ya digər ailə üzvü tərəfindən qulluq edildiyi müəyyən edilmir. Eyni zamanda iddiaçı atasına qulluq etmək üçün həmin dövrdə öz hesabına məzuniyyətə çıxmaq məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş dəlillərə əsasən iddiaçının atasına qulluq etməsi aydın olduğundan qeyd edilən məsələnin hüquqi fakt qaydasında müəyyən edilməsi həddən artıq formallıq olardı.

16. Odur ki, işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı mərhumla bir ünvanda yaşadığından ona ölümünə qədər məhz qızının qulluq etdiyi aydındır və həmin məsələ ilə bağlı vaxtilə mərhumun sosial müdafiə orqanına müraciət etməsi məhkəmədə şübhə doğurmur. 21. Odur ki, iddiaçının anası mərhum X12 vəfat etdikdən sonra mərhum atası İ qrup gözdən əlil, X19 veteranı X5 vəfat etdiyi vaxtadək ona qulluq etdiyi müddət onun sığorta stajı kimi nəzərə alınmalıdır.

17. Birinci instansiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 3-cü hissəsinin d) bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü, 7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.6.-cı maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5757/2023 saylı, 02 may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, N.Mehreliyeva tərəfindən atasına qulluq etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli Arayış təqdim edilmişdir.Lakin təqdim edilmiş Arayış "ahıl şəxsə qulluq edilməsi müddətinin" sığortaolunanın sığorta stajina daxil edilməsinin əsasını təşkil edə bilməz. Belə ki, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nin 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik normasından da göründüyü kimi Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş akt ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi əsasını təsdiq edən aktlar sırasına daxil deyildir. Həmçinin "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə 2017-ci il 28 aprel tarixli 175 nömrəli qərarına əsasən, 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın (faaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fealiyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vafat etmişdirsə, bu yarımbəndin 1ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Analoji iş ile bağlı Azerbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1989/2020 nömrəli qerarına əsasən şeher (rayon) icra hakimiyyəti orqanlarının nümayendələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə kassatorun dəlilini məhkəmə kollegiyası əsassız sayır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyen olunmuş ve bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanin səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də müəyyən olunmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq əsassız qərar qəbul etmişdir. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

24. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: - əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nin 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: -4.1.6. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - 1. qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; -2. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; -3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.

31. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etmişdir ki, Bakı şəhəri Nərimanov rayon 20 saylı MKİS tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Xuluflu küçəsi 36 saylı evin 31 nömrəli mənzilində pasport qeydiyyatında olduğu və həqiqətən atası X14 – İ qrup X19 əlili ilə birlikdə yaşayır və anası X12 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra atasına qulluq edir.Odur ki, iddiaçı mərhumla bir ünvanda yaşadığından ona ölümünə qədər məhz qızının qulluq etdiyi aydındır və həmin məsələ ilə bağlı vaxtilə mərhumun sosial müdafiə orqanına müraciət etməsi məhkəmədə şübhə doğurmur.Odur ki, iddiaçının anası mərhum X12 vəfat etdikdən sonra mərhum atası İ qrup gözdən əlil, X19 veteranı X5 vəfat etdiyi vaxtadək ona qulluq etdiyi müddət onun sığorta stajı kimi nəzərə alınmalıdır.

32. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, N.Mehreliyeva tərəfindən atasına qulluq etdiyi dövrlərlə bağlı Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli Arayış təqdim edilmişdir.

33. Lakin təqdim edilmiş Arayış "ahıl şəxsə qulluq edilməsi müddətinin" sığortaolunanın sığorta stajina daxil edilməsinin əsasını təşkil edə bilməz.

34. Belə ki, xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nin 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

35. Qanunvericilik normasından da göründüyü kimi, Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş arayış ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi əsasını təsdiq edən aktlar sırasına daxil deyildir.

36. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: - 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərara əsasən; - qulluq etməyə dair qulluqolunanın (faaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fealiyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, -qulluqolunan vafat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

37. Göründüyü kimi, iddiaçının anası mərhum X12 vəfat etdikdən sonra (xx.xx.2000-ci il) mərhum atası İ qrup gözdən əlil, X19 veteranı X5 vəfat etdiyi vaxtadək (xx.xx.2013-cü il) ona qulluq etdiyi müddətin iddiaçının sığorta stajı kimi nəzərə alınması üçün sübut növündə təqdim etdiyi Azərbaycan Respublikası Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli Arayış nə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"niın, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın tələblərinə cavab vermir.

38. Məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli Arayışda əhatə olunan dövr elə Arayışın özündə qeyd edilən dövrdən (xx.xx.2000-ci il tarixli) ibarətdir. 39.Məhkəmə isə həmin Arayışı heç bir əlavə təsdiqedici sübut olmadan xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü ilə kimi dövrə aid etmişdir.

40. İddiaçının nümayəndəsinin həm də iddiaçının qardaşı olaraq iddiaçının ahıl atasına qulluq faktını təsdiq etməsinin isə hüquqi əsasları mövcud deyildir.

41. İddiaçının atasına qulluq etməsi ilə bağlı vaxtilə mərhumun sosial müdafiə orqanına müraciət etməsi dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, bu müvafiq qurumun hər hansı hüquqverici, məsələn müavinət ödənişi, yaxud digər qərar və ya məktubu ilə də təsdiq edilmir.

42. Sonda məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən normalardan da göründüyü kimi, qulluqolunan vəfat etdiyi üçün iddiaçının ahıl və əlil atasına qulluq etməsi ilə bağlı fakt hüquqi əhəmiyyətli faktın təsdiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilə bilər.

43. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq əsassız qərar qəbul etmişdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5757/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5757/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ləğv edilsin, iddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar