Məhkəmə qərarları › İş №2-1(103)-2911/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2911/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2911/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2381/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(112)-1259/2024 saylı, qərarından görünür ki, ЖВ seriyalı 044513 saylı xx.xx.1981-ci il tarixli diplom üzrə İddiaçı 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmişdir.

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X10” Tresti "xxxx" X11 İdarəsi tərəfindən təqdim edilmiş 29-03/187 saylı xx.xx.2008-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən «Xəzərqazmaneftqazsənaye» İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X2 kəşfiyyat Qazma İdarəsinin «Bakı» ÜQQ-da Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi peşəsində işləyib. İdarə halhazırda X10 trestinin "xxxx" X11 İdarəsi adlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı ƏmrQərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 №-li siyahının 10-cu Qazma bölmənin «a» bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir. 1. Şifr ******* «a» – 11297 – Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları;

2. Şifr ******* «b» – 22247 – Bilavasitə buruqlarda məşqul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə); 3. Şifr ******* «b» – 23196 – Buruqların ustaları və onların köməkçiləri; 4. Şifr ******* «b» – 24094 – Buruq qurğularının rəisləri və onların köməkçiləri. Güzəştli iş stajı 12 il 07 ay 04 gündür. Arxiv sənədi 1996-cı il T-2 şəxsi vərəqəsinə əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim olunmaq üçün verilmişdir. X7 X8 İdarəsi SSSR-nin Qaz Sənayesi Nazirliyinin Ümumittifaq «Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin «Xəzərqazmaneftqaz» İstehsalat Birliyi kimi yenidən təşkil edilmişdir (SSRİ Qaz Sənayesi Nazirliyinin 5 dekabr 1978-ci il tarixli 259 orq. Saylı əmri). «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01 aprel 1993-cü il tarixindən İdarənin adı dəyişdirilərək X6 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003- cü il tarixdən ARDNŞ-nin 28 saylı və «Azneft» İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №-li əmri ilə X6 Qazma İdarəsi Qazma sexi kimi "xxxx" DKQİ-nin tərkibinə verilib.

3. Vetko Gray ABB Şirkəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı Vetko Gray ABB Şirkətində xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən mühəndis-mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X - bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 4 il, 7 ay, 25 gün təşkil edir.

4. X14 Korporeyşn Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı X9 Corporation Şirkətində Yarım X13 Qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən buruq ustası vəzifəsində xx.xx.1995 ildən xx.xx.1997 ilə qədər işləmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 28 (iyirmi səkkiz ) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edir.

5. 28 iyun 2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh iddiaçıya əmək pensiyasının 52 yaşının tamam olduğu tarixdən sığorta kapitalına uyğun olaraq aparılmalı olduğuna istinad etməklə inzibati icraatın təzələnməsi barədə iddiaçıya müraciət etmişdir.

6. 12 iyul 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının 50 yaşdan pensiya təyinatı ləğv edilmiş, pensiya 52 yaşdan təyin edilmiş, eləcə də artıq ödəmə müəyyən edildiyi bildirilmişdir.

7. 30 may 2024-cü il tarixli qərardan görünür ki, məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçının əmək pensiyası bərpa edilmişdir.

8. 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinad 50 yaşdan 52 yaşa keçidlə əlaqədar 15898 manat 96 qəpik pensiya məbləği azaldılaraq 8923 manat 82 qəpik məbləğə endirilmişdir. Pensiya təyin edilmə tarixi 21 iyun 2011-ci il tarix olaraq müəyyən edilmişdir.

9. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya pensiya təyinat tarixi 21 iyun 2009-cu il tarix olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 15 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2009-cu il tarixdə 50 yaşı tamam olmuş, həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh pensiyanı azaltmış, qeyd etmişdir ki, 52 yaşdan təyinat aparılmalıdır. İddiaçı hesab edir ki, pensiya təyinatı 50 yaşdan əmək haqqına əsasən aparılmalıdır.

13. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 52 yaşdan sığorta kapitalı əsasında aparılmalı olduğu halda 50 yaşından həyata keçirilmişdir. Nəticədə artıq ödəmə müəyən edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2381/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçının 50 yaşdan pensiya almaq hüququnun olub-olmaması ilə bağlıdır. Cavabdeh şəxsə pensiyanın 52 yaşdan təyin edilməli olduğu qənaətindədir ki, məhkəmə hesab edir ki, cavabdeh təyinatın həmin yaşdan təyin edilməli olması hissəsində qanunsuz və əsassız mövqe nümayiş etdirmişdir.

16. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını xx.xx.1997-ci il tarixədək (həmin dövrdə yaş həddi 50 yaş olmuşdur) tamamladığından, o, Qanunla həmin tarixə müəyyən edilmiş 50 yaş güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququnu qazanmışdır. Beləliklə iddiaçı xx.xx.1997ci il tarixədək 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğundan, onun 50 yaşı tamam olduğu tarixdən pensiya hüququ yaranmışdır.

17. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığını əsassız olaraq iddia etdiyindən, onun barəsində aparılan yenidən hesablamada düzgün olmamışdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməklə 50 yaşdan aparılmış təyinat bərpa edilməlidir.

18. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2381/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Göstərilən səbəbdən də, 2023-cü ilin fevral ayında Mərkəzi Filial tərəfindən iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən hesablanaraq 8025,02 manat məbləğində müəyyən edilib, eyni zamanda ona artıq ödənilmiş pul vəsaiti hesablanıb. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-73439/2023 nömrəli məktubla ətraflı məlumat verilərək, büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından xx.xx.2024-cü il tarixinədək ümumilikdə 12037,50 manat tutulub. Eyni zamanda bildirilir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanaraq artırılması və tutulmuş fərq məbləğinin geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2-1(112)-1259/2024 nömrəli qərarı ilə iddiaçının iddiası pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, cari ilin may ayında iddiaçının əmək pensiyası yenidən hesablanaraq 15898,86 manat məbləğində müəyyən edilib. Eyni zamanda, iddiaçının əmək pensiyası üzrə ona ödənilməli olan ümumilikdə 122182,90 manat (əmək pensiyasından tutulmuş 12037,50 manat ilə birlikdə) pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə (hər ay 7281,64 manat) əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Daha sonra iddiaçı 9 iyul 2024- cü il tarixində Mərkəzi Filiala gəlmişdir. Lakin tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmayıb. Eyni zamanda, iddiaçının əmək pensiyanın yenidən hesablanmasına dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği cari aydan qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 8923,82 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə məhdudlaşdırılmaqla iddiaçıya artıq ödənilmiş vəsait və müvafiq məhkəmə qərarına əsasən hissə-hissə ödənilən pul vəsaiti nəzərə alınmaqla 1 iyul 2024-cü il tarixinə artıq ödəmə məbləği 196990,00 manat təşkil edir. Eyni zamanda, müvafiq məhkəmə qərarı əsasında fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

25. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

1. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;

26. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçının 50 yaşdan pensiya almaq hüququnun olub-olmaması ilə bağlıdır. Cavabdeh şəxsə pensiyanın 52 yaşdan təyin edilməli olduğu qənaətindədir ki, məhkəmə bunu qanuni və əsaslı hesab etmir.

33. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır.

34. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını xx.xx.1997-ci il tarixədək (həmin dövrdə yaş həddi 50 yaş olmuşdur) tamamladığından, o, Qanunla həmin tarixə müəyyən edilmiş 50 yaş güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququnu qazanmışdır. Beləliklə iddiaçı xx.xx.1997ci il tarixədək 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğundan, onun 50 yaşı tamam olduğu tarixdən pensiya hüququ yaranmışdır.

35. Belə olan halda məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığını əsassız olaraq iddia etdiyindən, onun barəsində aparılan yenidən hesablamada düzgün olmamışdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməklə 50 yaşdan aparılmış təyinat bərpa edilməlidir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3365/2024, 2-1(102)- 1843/2024, 2- 1(102)-2274/2024 və 2-1(102)-3502/2024 nömrəli qərardadlarından görünür ki, həmin işlər üzrə məhkəmə oxşar mövqedən çıxış edilmiş, hazırkı növ işlər üzrə məhkəmə təcrübəsi göstərilən istiqamət üzrə formalaşmışdır.

37. Bundan başqa işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun pensiya təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.

38. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

39. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır.

41. Məhkəmə hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir.

42. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi bildirilib. Daha sonra iddiaçı 9 iyul 2024- cü il tarixində Mərkəzi Filiala gəlmişdir. Lakin tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmayıb. Eyni zamanda, iddiaçının əmək pensiyanın yenidən hesablanmasına dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği cari aydan qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 8923,82 manat məbləğində müəyyən edilib.

43. Bununla bağlı yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyasının mövqeyi belədir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.

44. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pensiya təyinatı qərarı 2009-cu il tarixli olmaqla 50 yaşdan əmək haqqı əsasında hesablama cavabdeh tərəfindən müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2381/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2381/2025 saylı, 10 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar