Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2912/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5569/2025 saylı, 16 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 3-8616/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 2602,63 manat müəyyən edilmişdir (hazırkı pensiya məbləği 3784,84 manat). Yenidən hesablamanın səbəbi “37.3.1 yenidən hesablama (45 tətbiq edilməklə)” kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 8616/2024 nömrəli qərarının ləğv edilməsi, həmçinin İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və həmin tarixdə iddia tələbi ərizəsində qeyd etdiyi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Sonuncu müraciəti əsasında aparılmış yenidən hesablanma üzərindən müəyyən müddət keçdikdən sonra pensiya ödənişi həyata keçirilmədi və cavabdeh qurum tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablanmış pensiyanın məbləğinin azaldılması aparıldı. Buna əsas kimi cavabdeh qurum xx.xx.2022 tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutub. Halbuki cavabdeh qurum tərəfindən Qanun səhv tətbiq edilir. Pensiyaya çıxdıqdan sonra iddiaçının qazandığı kapitalı 72 aya bölməkdən imtina edir. İddiaçı bununla qətiyyən razı deyildir, narazılığını əsaslandırır. Öz təşəbbüsü ilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən keçirilmiş İnzibati icraat təzələnmişdir. Nəticədə cari ilin iyun ayında pensiyanın məbləğinin azaldılması aparılmışdır, bununla bağlı İnzibati akt qəbul edilməsi haqqında ona məktub göndərilmişdir və sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasına daha az məbləğdə artım hesablanmışdır, çünki sığorta kapitalı 72dən daha böyük rəqəmə bölünmüşdür. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir. ona görə ki: “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. İddiaçı xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Artırıla bilməz, axı bu həm də pensiya təyin ediləndə aparılmış inzibati icraatın yenilənməsi deməkdir, hansı ki, vətəndaşın etimad hüququnu pozur. 144 ay yalnız 37.3.1-ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. 543 nömrəli qanun geriyə şamil edilsəydi bu halda iddiaçıya pensiya təyin edilməsi də yenidən aparılardı. Əgər 543 nömrəli qanunda yazılsaydı ki, xx.xx.2017 tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması hallarına şamil edilir, o halda cavabdeh haqlı olardı. Əks halda əgər 543 nömrəli qanunu geriyə şamil etsək alınan nəticə odur ki, 543 nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir ? Bununla bağlı 543 nömrəli qanunda göstəriş yoxdur. Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin qüvvədə olan ikinci cümləsi və qüvvədən düşmüş ikinci cümləsi eyni göstərişi nəzərdə tutur - pensiya ödənişi müddəti aylarının sayının artırılmasını. 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi 9-cu maddəyə əsasən pensiyaya çıxma zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edib, qüvvədə olan ikinci cümləsi isə Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan pensiyaçıların 37.3.1-ci maddəyə əsasən pensiyasının yenidən hesablanması zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edir. 20-ci maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edilir. Əgər cavabdehin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin müddəaları xx.xx.2022-dən əvvəl 9-cıı maddəyə əsasən pensiyaya çıxmış bütün pensiyaçıların pensiyasının xx.xx.2022-dən sonra 37.3.1-ci maddəyə görə yenidən hesablanması zamanı tətbiq edilməlidirsə, o halda hansı səbəbdən 627 nömrəli qanunla keçid müddəalarında müəyyən edilir ki: “Əməkpensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.Axı 9-cu maddəyə əsasən pensiya təyin edilən hərbi və xüsusi rütbəli şəxslərin pensiya ödənişi müddəti aylarının sayı artırılıbsa. 01.01,2023-dən etibarən qüvvəyə minmiş 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsinin mənası qalmır. Cavabdehin mövqeyinə görə Qanunverici hansı məqsədlə onu yazıb. Əgər 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi bütün dövrlərdə tətbiq edilməlidirsə, həm keçmişdə, həm gələcəkdə, o halda 627 nömrəli qanunla 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsi niyə yazılıb. Madam ki, xx.xx.2022-dək 9-cu maddəyə əsasən pensiya təyin olunan hərbi və xüsusi rütbəli pensiyaçılara 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi xx.xx.2022 tarixdən sonra gələcək zamanda da tətbiq edilməlidirsə və əgər həmin qüvvədən düşmüş ikinci cümlə yenidən hesablanma hallarını da ehtiva edirsə, belə olan halda, 45-ci maddənin qüvvədə olan ikinci cümləsinin geriyə şamil edilməməsinin yazılması hansı məqsədlə edilib, axı həm qüvvədən düşmüş ikinci cümlə, həm də qüvvədə olan ikinci cümlə pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tutur. Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin xx.xx.2022 tarixdən qüvvədən düşmüş ikinci cümləsi ümumiyyətlə yenidən hesablanma ilə bağlı hər hansı göstəriş nəzərdə tutmur, həmin maddə pensiyaya çıxma yaşı əsasında hesablanma qaydası nəzərdə tutur, həmin maddədə məhz pensiyaya çıxma yaşı yazılıb. Həmin maddə pensiyaya çıxma zamanı tətbiq edilməli olan qaydanı nəzərdə tutur. Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "pensiyaya çıxma yaşı" yazılıb, xx.xx.2022 tarixdən ləğv edilmiş 17 nömrəli Qaydalarda 48-ci,49-cu misallarda isə "pensiyanın yenidən hesablanma yaşı" əsas götürülməklə yenidən hesablanma aparılıb. Pensiyaya çıxma yaşı deyil. 530 nömrəli qanunun keçid müddəaları isə onu nəzərdə tutur ki, kimə xx.xx.2022 tarixdən əvvəl 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi əsasında pensiya təyin edilibsə həmin şəxslər xx.xx.2022 tarixdən sonra yəni, 45-ci maddənin ikinci cümləsi qanundan çıxarıldıqdan sonra, əvvəlki dövrlərdə təyin edilən pensiyanın məbləğinin yenidən hesablanmasını tələb edə bilməz, çünki məhz həmin maddənin qüvvədə olduğu vaxt o şəxslərə pensiya təyin edilib. Ona isə təyin edilən pensiya 45-ci maddənin ikinci cümləsi əsasında olmayıb. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində tələbinin əsasları kimi ona güzəştli şərtlərlə əmək pensiyası təyin edildikdən sonra pensiyanın yenidən hesablanması üçün tələb olunan 6 il iş stajının xx.xx.2022-ci il tarixdən sonra tamam olduğunu və “Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasının ona tətbiq edilməməli olduğunu qeyd etmişdir. Məhkəmədən cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsini, “Əmək pensiyaları haqqında" Qanunun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan Qanunun 37.3.1- ci maddəsinə əsasən pensiyanın hesablanması öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 3403,63 manat məbləğində müəyyən edilmişdir. Həmçinin əmək pensiyalarının 1 yanvar 2024 tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda İddiaçı əmək pensiyasının aylıq məbləği 3784.84 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 2340,50 manat (indeksləşdirilmə nəzərə alınmaqla 2602,63 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3403,63 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda. 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022- ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki. qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki. qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxanda qeyd olunanları nəzərə alaraq hesab edilmişdir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsini qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixinədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Qanunun 37.3.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti"nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 277 aya (106005,13:277 ay (65 il - 47 il 11 ay=205 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya yalnız xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11226,70 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 2602,63 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. "İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün 24 iyun 2024-cü il tarixinədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş 11226,70 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)-5569/2025 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının "əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-8616/2024 nömrəli qərarı ləğv edilməsi, İddiaçı barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2- 1(112)-5569/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-cı maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya huququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar). 9.3-cü (mülki aviasiya uçuş və uçuş- sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddət aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci madəssi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlara dair hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Beləliklə, yuxarıda aevd olunanları nəzərə alaraq hesab edilir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyisiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsini qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Həmçinin, xüsusilə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1 -ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddətinin tənzimlənməsi iiə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya öcənişı müddətinin hesablanması iiə bağlıdır. Beləliklə. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin ediiən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə otmuş 45-ci maddəsinin ikinci cümləsinə uyqun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Məhkəmə bu halları araşdırmamışdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(112)- 5569/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı elektron məhkəmə vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi barədə yekun qərar qəbul edilməsini, eyni zamanda apellyasiya şikayətinə etirazı iddia tələbinin əsasları ilə eyni olduğunu, mübahisə predmetini təşkil edən qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin tətbiq edilməsi barədə hazırkı tarixə formalaşmış məhkəmə təcrübəsinin və Ali Məhkəmə təcrübəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı “Əmək pensiyasının yenidən hesablanması” haqqında 24 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini “Əmək pensiyaları haqqında” Qanunundan çıxarmışdır. Keçid müddəaya gəldikdə isə həmin norma xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsi tutur. Nə qədər ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək, əmək pensiyasının yenidən hesablanması hüququ isə xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...“Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-cı maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya huququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar). 9.3-cü (mülki aviasiya uçuş və uçuş- sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddət aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci madəssi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlara dair hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mövqeyinə əsasən, xx.xx.2022-ci il tarixdən etibarən həmin tarixdən əvvəlki dövr üçün pensiya təyin edilməsi və ya yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) deyil, daha artıq ay sayına (iddiaçıya münasibətdə 277 aya) bölünməlidir. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsinə əsasən, Qanunun 9-cu maddəsinə görə, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 7-ci maddəsinə əsasən, xx.xx.2021ci il tarixdən etibarən kişilərin pensiya yaşı 65 yaş təşkil edir. Bu o deməkdir ki, xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə pensiya təyin edilən şəxsin pensiya kapitalı o halda gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmadan həmin ayların sayına (72 aya) bölünür ki, şəxsin 65 yaşı tamam olsun. Digər hallarda isə pensiya kapitalı pensiyaya çıxma yaşı (məsələn, 60 yaş) ilə pensiya yaşı (65 yaş) arasındakı ayların sayı (məsələn, 5 il, yaxud 60 ay) arasında fərqin üzərinə gəlinən gözlənilən pensiya ödənişi müddəti aylarının sayından (72 ay) ibarət rəqəmə bölünür. xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin 2-ci cümləsi çıxarılmış və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinə əsasən, 1.11-ci maddə həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Qanunun xx.xx.2017xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi əmək pensiyasının yenidən hesablanması halına deyil, əmək pensiyasının təyin olunması halına aid edilən müddəadır. Çünki həmin müddəada “əmək pensiyası yenidən hesablanan şəxs” anlayışından deyil, “əmək pensiyası təyin olunan şəxs” anlayışından istifadə edilmişdir ki, həmin anlayışlar fərqli mənaları ifadə edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında fərq qoyulmuş, əmək pensiyasının yenidən hesablanmasının ilk təyinatdan sonra həyata keçirilən pensiya hesablamalarını nəzərdə tutması barədə mövqe ifadə edilmişdir. Bu baxımdan Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsini xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə tətbiq edərək ərizəçinin pensiyasının yenidən hesablanması qanuni və əsaslı inzibati fəaliyyət hesab edilə bilməz. Bununla yanaşı, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530- VİQD nömrəli Qanunun keçid müddəalarının 2.2-ci maddəsi ilə 1.11-ci maddənin həmin Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına halına tətbiqinin istisna edilməsi həmin Qanun qüvvəyə minənək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması imkanını aradan qaldırmır. Çünki Qanunun xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə qüvvədə olmuş 45-ci maddəsinin 2-ci cümləsi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə çıxarılaraq pensiya hüququ olan şəxslərin hüquqi vəziyyəti yaxşılaşmışdır, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın geriyə qüvvəsinin təsirini (normativ-hüquqi aktın retrospektiv tətbiqini) nəzərdə tutan qayda isə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən qanunla Azərbaycan Respublikasının Konstitusiyası ziddiyyət təşkil etdikdə, Konstitusiya tətbiq edilir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci maddəsi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ilə ziddiyyət təşkil etdiyindən Konstitusiya tətbiq edilməli və 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Bununla yanaşı, həmin “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmçinin, qeyd edilən Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Normativ hüquqi aktların qüvvədə olması ilə bağlı qaydalar “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə tənzim edildiyindən və həmin Konstitusiya Qanunu xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 530-VİQD nömrəli Qanunla bərabər hüquqi qüvvəyə malik olsa da, hüquqi aktların qüvvəsi münasibətində sahəvi akt hesab edildiyindən 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin geriyə təsiri (Qanun qüvvəyə minənədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması halına münasibətdə tətbiqi) baxımından “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 87.2-ci maddəsi əsas götürülməli və həmin müddəaya uyğun olaraq 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinin qüvvəsi geriyə şamil edilməlidir. Belə olan halda isə pensiya kapitalının yalnız gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (72 aya) bölünərək əmək pensiyasının hesablanması qaydası xx.xx.2022ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 2-1(112)-5569/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2912/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2912/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver