Məhkəmə qərarları › İş №2-1(103)-2913/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2913/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2913/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiya ödənişinin ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-2121/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki,1998-xx.xx.2023-cü il tarixədək Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. 10 oktyabr 2023-cü il tarixdən 55 yaşa çatması ilə əlaqədar olaraq xitmətkeçməsinə xitam verilmişdir. İddiaçı qeyd edir ki, 2015-ci ilin oktyabr ayında Qanunun 9.7-2-ci maddəsinə əsasən xidmət etdiyi dövrdə pensiya hüququ yaranmışdır. Ona pensiya təyinatı da aparılmış, pensiya kartına pulun ödənilmədiyi müəyyən edilmişdir. Səbəb olaraq bildirilmişdir ki, xidmət illəri və yaşı az olmuşdur. İddiaçı qeyd edir ki, 2015-ci il tarixdə cavabdehin qərarı ilə pensiya təyinatı aparılmış, ümumi stajı 28 il olmuşdur. İddiaçı qeyd edir ki, ona 2015-ci ilin noyabr ayından bu günə kimi 25 iyul 2024-cü il tarixə kimi ödəniş edilməlidir.

3. Cavabdeh etirazla məhkəməyə müraciət etmişdir.

4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 01 yanvar 2016-cı il tarixdən 11 oktyabr 2023-cü il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-2121/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X1 29 noyabr 2020-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək ödənilməmiş pensiya məbləği üzrə pul vəsaitinin iddiaçıya hesablanaraq ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

9. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Əmrdən çıxarışdan görünür ki, son yaş həddinə çatması ilə əlaqədar iddiaçının fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir.

13. Cavabdehin 31 may 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məlumat vərəqəsində iddiaçının xidmətdə olduğu qeyd edildiyindən, ona qeyd edilən dövrdə pensiya təyinatı aparılmamışdır. 26 noyabr 2015-ci il tarixə tələb olunan 25 il xidmət müddəti olmamışdır. Ona, 11 oktyabr 2023-cü il tarixindən xüsusi rütbəli şəxs kimi yaşa görə pensiya təyinatı aparılmış, xidmət müddəti 35 il 11 ay 24 gün olaraq göstərilmişdir.

14. Pensiya uçot vərəqəsində qeyd edilmişdir ki, iddiaçının ilkin pensiya təyinat tarixi 01 yanvar 2016-cı il tarixdir, 28 il staja uyğun olaraq təyinat aparılıb.

15. 22 dekabr 2015-ci il tarixli qərardan görünür ki, 01 yanvar 2016-cı il tarixdən iddiaçıya yaşa görə pensiya təyin edilmişdir.

16. Məlumat vərəqəsindən görünür ki, təqvim üzrə xidmət ili 21 il 01 ay 29 gün, ali təhsil və güzəştli xidmət illəri ilə birlikdə 28 il 01 ay 03 gün cəmi xidmət ili mövcud olmuşdur. Pensiya təyinatı Qanunun 9.7-2-ci maddəsinə uyğun olaraq həyata keçirilmişdir.

17. 00862 nömrəli məlumat vərəqəsindən isə görünür ki, cəmi iş stajı və xidmət illəri 35 il 11 ay 24 gün müəyyən edilmişdir.

18. Əmək pensiyasının yenidən hesablanması haqqında 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya yeni məlumat vərəqəsi əsasında 1437,28 manat pensiya hesablanmışdır. Həmin qərarda pensiyanın ilkin təyinat tarixi 11 oktyabr 2023-cü il tarix kimi göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının isə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi təmin edilməlidir.

21. İlkin olaraq Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə hesab edir ki, şikayət əsassızdır. Belə ki, iddiaçıya həqiqətən də 22 dekabr 2015-ci il tarixli qərarla 01 yanvar 2016-cı il tarixdən pensiya təyin edilmiş və həmin qərar 11 oktyabr 2023-cü il tarixdən pensiya təyinatı aparılanadək ləğv edilməmiş, hüquqi qüvvəsini itirməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəf elektron sistemdən qərarın ləğvinə dair qeydin olduğu sənəd təqdim etmişdir. Lakin məhkəmə kollegiyası bununla əlaqədar “İnzibati icraat haqqında” Qanunun 57, 59, 64.1, 64.2 və 67-ci maddələrini nəzərə alaraq qeyd edir ki, pensiya təyinatına dair inzibati orqan yazılı və yuxarıda göstərilən rekvizitlərə uyğun olaraq inzibati akt qəbul edirsə, onun ləğvinə dair də göstərilən normalarin tələblərinə uyğun inzibati akt qəbul etməyə borcludur. Şifahi və digər formada inzibati aktın qəbul edilməsinə dair istisna da Qanunun özündə nəzərdə tutulmuşdur ki, hazırkı halda pensiya təyinatının ləğvinə dair inzibati aktla bağlı yazılı inzibati aktdan fərqli forma müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, elektron sənəddən çıxarış və ya hər hansı qeyd 22 dekabr 2015-ci il tarixli iddiaçıya pensiya təyininə dair inzibati aktın ləğvinə, hüquqi qüvvəsini itirməsinə, dəyişdirilməsinə əsas olmamaqdadır. Növbəti pensiya təyin qərarı mahiyyət etibarı ilə əvvəlki inzibati aktın qüvvədən düşmüş hesab edilməsinə əsas yaratmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, 01 yanvar 2016-cı il tarixdən 11 oktyabr 2023-cü il tarixədək 22 dekabr 2015-ci il tarixli qərar qüvvədə olduğundan, onun hüquqi nəticələrinin, yəni təyin edilmiş pensiya üzrə ödənişlərin edilməsindən imtina edilməsindən söhbət gedə bilməz. 22.Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə hesab edir ki, şikayət əsaslıdır və birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, şəxsə təyin olunmuş pensiya ödənişini aparmamaqla cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin etməməsinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-510/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 24-cü bəndində ifadə olunmuş hüquqi mövqe) Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Qanunverici əmək pensiyası təyin edilmiş şəxslərin işləməsinə istisna və buna münasibətdə hansısa məhdudiyyət müəyyən etmir. Lakin cavabdeh tərəfindən göstərilən tələblərə əməl edilmədən işləyən pensiyaçı kateqoriyasına aid olan iddiaçıya münasibətdə əmək pensiyasının ödənişi ümumiyyətlə edilməmiş, sonradan onun müraciəti əsasında yenidən iddiaçıya pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız ödənişin həyata keçirilmədiyi əvvəlki üç illik müddət üçün ödənilməmiş əmək pensiyasının ödənilməsini təmin etməklə və mövcud münasibətə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, sözügedən normanın tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddədə ifadə olunan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq oluna bilər ki, hazırkı işin faktiki halları sözügedən müddəanın tətbiqini istisna edir. (Bax: N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı). Belə ki, 22 dekabr 2015-ci il tarixli qərar ilə 01 yanvar 2016-cı il tarixdən iddiaçıya yaşa görə pensiya təyin edilmişdir.

23. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 26.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və ləğv edilən hissədə iddia tələbi təmin edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-2121/2025 saylı qərarı qismən ləğv edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı X1 xx.xx.2016-cı il tarixdən 29 noyabr 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləği üzrə pul vəsaitinin iddiaçıya hesablanaraq ödənilməsi öhədliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar