Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2914/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2335/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 50 yaşı tamam olan tarixdən, yəni 15 yanvar 2010-cu ildən zərərli iş stajına görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. xx.xx.1979-cu ildə Sumqayıt Üzvü Sintez” İB-də işə qəbul edilmiş və həmin müəssisədə (sonradan müəssisənin adı dəyişdirilmiş və Sumqayıt Etilen-Propilen” zavodu adlanmışdır) hal-hazıradək işləyir. Ümumi iş stajı 43 ildən artıqdır. İşlədiyi istehsal sahəsi zərərli istehsala aiddir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il il tarixli 320 saylı qərarına əsasən 1 №-li Siyahı üzrə işləyən kişilərin 20 il ümumi iş stajı olduqda və 10 il zərərli istehsalda işlədikdə güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə edirlər. Vətəndaşların pensiya təminatı haqqında qanun qüvvədən düşən tarixə qədər (xx.xx.2006-cı il) iddiaçı 1-ci siyahı üzrə pensiya hüququ əldə etmişdir. Buna görə də ona 52 yaşında yox, 50 yaşı tamam olan tarixdə, yəni 2010-cu ilin yanvar ayının 15-də pensiya təyin edilməlidir. Buna görə də cavabdehə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə xahişini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı 20 aprel 2021ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirirlər ki, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 15 iyul 2012-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2335/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 50 yaşı tamam olan tarixdən, yəni 15 yanvar 2010-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdə F.Dzerjinski adına Volqoqrad traktor zavodunun 2 saylı yığım sexinə 2-ci dərəcə ilə mexaniki yığım işləri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1979-cu il tarixdə “Oktyabr inqilabının 50 illiyi adına üzvi sintez istehsalat birliyi”nə təmir-mexaniki sexinə 4-cü dərəcə ilə qazançı qəbul edilib, xx.xx.1979-cu ildə Sovet Ordusuna çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1979-xx.xx.1981-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1981-ci il tarixdə “Oktyabr inqilabının 50 illiyi adına üzvi sintez istehsalat birliyi”nə 2 saylı istehsalatın etilen sexinə 4-cü dərəcə ilə kompressor qurğularının maşinisti vəzifəsinə qəbul edilib, xx.xx.1982-ci ildə həmin sexdə kompressor qurğularının maşinisti vəzifəsi üzrə 5-ci dərəcə verilib, xx.xx.1982-cüi ildə həmin sexdə kompressor qurğularının maşinisti vəzifəsi üzrə 6-cı dərəcə verilib, xx.xx.1986-cı il tarixdə 2 saylı istehsalatın etilen sexində kompressor qurğularının maşinistləri briqadasına briqadir təyin edilib, xx.xx.1987ci ildə 2 saylı istehsalatın etilen propilen istehsalatı üzrə sexinə elektrik qurğularının təmiri üzrə 5-ci dərəcə ilə elektrik montyor vəzifəsinə keçirilib, xx.xx.1988-ci il tarixdə birliyin struktur dəyişikliyi ilə əlaqədar olaraq 5-ci dərəcə ilə elektrik qurğularının təmiri üzrə 07 və 09 sexlər sahələrinə elektrik təchizatı sexinə yüksək təzyiqli polietilen zavodunun ştatına elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə 5-ci dərəcə ilə elektrik qurğularının təmiri üzrə 11 və 12-ci sexlər sahələrinə elektrik təchizatı sexinə yüksək təzyiqli polietilen zavoduna elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə 5-ci dərəcə ilə elektrik qurğularının təmiri üzrə komplektləşdirmə sexinə yüksək təzyiqli polietilen zavoduna elektrik montyor vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə yüksək təzyiqli polietilen zavoduna polietilen şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. Sumqayıt Etilen-Propilen” zavodunda hal-hazıradək işləyir. “Etilen-Polietilen” Zavodunun 25 aprel 2022-ci il tarixli 82 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1981-xx.xx.1988-ci il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun 2 saylı istehsalatın etilen sexində kompressor qurğu maşinisti, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir, göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan neft karbohidrogenləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Etilen-Polietilen” Zavodunun 25 aprel 2022-ci il tarixli 83 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun elektrik təchizatı sexində etilen, polietilen, sintez və konfeksiya sexləri üzrə elektrik montyoru vəzifəsində işləmişdir, göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan neft karbohidrogenləri, plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Etilen-Polietilen” Zavodunun 25 aprel 2022-ci il tarixli 84 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun konfeksiya sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir, göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 52 yaşdanxx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarına əlavə edilmiş Sumqayıt Politexnik Texnikumunu üzrə 22 avqust 1975-ci il tarixli 256-C saylı və 24 fevral 1979-cu il tarixli 32-C saylı əmrlərin təsdiq edilmiş tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər “Metalların kəsmə ilə emalı” ixtisası üzrə gündüz (əyani) təhsil almışdır. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının, təhsil haqqında əmrlərin notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi xx.xx.1997-ci il tarixədək iddiaçının hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla, 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş arayışlardan göründüyü kimi İddiaçı xx.xx.1981-xx.xx.1988-ci il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun 2 saylı istehsalatın etilen sexində işlədiyi kompressor qurğu maşinisti, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan neft karbohidrogenləri istehsalatında, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun elektrik təchizatı sexində işlədiyi etilen, polietilen, sintez və konfeksiya sexləri üzrə elektrik montyoru peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan neft karbohidrogenləri, plastik kütlələr istehsalatında, xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez zavodunun konfeksiya sexində işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi (vəzifəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Beləliklə, iddiaçının 10 ildən artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən imtina məktubunda və iddiaya etirazda və apellyasiya şikayətində iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı xx.xx.1997-ci il tarixədək tələb olunan 20 ildən artıq (21 il 7 ay 8 gün) ümumi stajı, həmçinin 10 ildən artıq (10 il 28 gün) güzəştli stajı qazandığı üçün Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, yaş həddinin xx.xx.1997-ci il tarixədək 50 yaş olması nəzərə aldıqda ona pensiya 52 yaşdan deyil, 50 yaşdan təyin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 50 yaşdan - 15 yanvar 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2335/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2914/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2914/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver