Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2915/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, İddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1151/2021saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1151/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili X1 ərizəsi əsasında geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin qəbul edilərək yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim tərəfindən məhkəmə araşdırması zamanı tələbinin düzgün müəyyən edilmədiyini əsas gətirərək, torpaq sahəsinin alqı-satqısına dair aktının üç tərəfli qaydada bağlanmış hesab olunması faktının məhkəmə qaydasında öz həllini tapdıqdan sonra ümumi qaydada yenidən müraciət etməyi və buna görə də iddia ərizəsini geri götürməyi tövsiyyə etmişdir. Bu səbəbdən də vəkili və nümayəndəsi iddiaçının razılığı olmadan ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə etdiyini bildirdi. Əlavə olaraq iddiaçının iddiasını geri götürmək niyyətinin olmadıgını və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında göründüyü kimi, iddiaçının vəkili və nümayəndəsi X3 23 sentyabr 2021-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarında olan İddiaçı adından X2 verilmiş və 2 saylı Bakı Asan Xidməti Mərkəzində fəaliyyət göstərən notarius tərəfindən təsdiq olunmuş etibarnamədən görünür ki, etibar edən tərəfindən etibar olunan şəxsə bütün dövlət və sair təşkilatlarında, o cümlədən də məhkəmələrdə AR Mülki Prosessual Məcəllənin 74-cü və İnzibati Prosessual Məcəllənin 31-ci maddələrində nəzərdə tutulan hüquqlardan istifadə etmək, o cümlədən də iddia tələblərindən tam imtina etmək hüquqları həvalə olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edərkən qanunla ona verilmiş səlahiyyətlərdən istifadə etmiş və təmsil etdiyi şəxsin adından çıxış etmiş və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1151/2021saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1151/2021saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2915/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2915/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver