Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2917/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X7 və X1 Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınmaları" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X7 və X1 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 593478 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 nikaha daxil olmuşdur. Həmin nikahdan X7 25 oktyabr 2013-cü il tarixdə, X5 isə 19 may 2015-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 112 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi X2 ölümü ilə əlaqədar olaraq kirayə müqaviləsinə dəyişiklik edilməsi, qeyd edilən mənzilin şəxsi maliyyə hesabının A.N.Səmədovun adına keçirilməsi və A.N.Səmədovun 6 nəfər ailə üzvü ilə ilə (özü, həyat yoldaşı, 2 oğlu, bacısı və bacısı oğlu) Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin 23 saylı mənzilinin kirayəçisi sayılması qərara alınmışdır. X13 tərəfindən səlahiyyətli orqanlara təqdim etmək üçün verdiyi xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 ünvan 3 ünvan: ünvan 4malarına etiraz etmir. İddiaçılar yuxarıda qeyd olunan ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər, lakin sonuncu tərəfindən onların tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 065-17390S-3222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, göstərilən ünvana qeydiyyata alınması üçün yaşadığı sahəyə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədlər təqdim edilməmişdir. Qeyd edilən sənədlərin təqdim edilə bilməyəcəyi halda məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, "İddiaçı1 və ailə üzvləri İddiaçı2, X3, X1 ünvan 3 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixli, 112 saylı Səbail Rayon İcra Hakimiyyətinin Sərəncamında qeyd olunduğu kimi, onlar ünvan 3 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanında yaşamışlar. Sərəncamın 2-ci bəndinə müvafiq olaraq doğulduqları vaxtdan həmin mənzilə pasport qeydiyyatına alınmışlar. O, hərbi qulluqçu olduğundan hərbi xidmətilə əlaqədar sonradan Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanından xidməti zərurətlə əlaqədar olaraq pasport qeydiyyatdan çıxarılaraq hərbi hissəyə qeydiyyata alınmışdır. Hal-hazırda ünvan 6 ünvanında qeydiyyatdadır. Hazırda o və ailə üzvlərinin Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2 ünvanına pasport qeydiyyatına alınmaq zərurəti yaranmışdır. Belə ki, o, doğulub-boya başa çatdığı ünvana qeydiyyata bərpa edilməsini və onun ailə üzvlərinin həmin ünvana qeydiyyata alınmasını qanunauyğun hesab edir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana müraciət edərək zəruri sənədləri təqdim etsələr də, cavabdeh qurum müraciətlərini təmin etməkdən imtina etmişdir. Həmin imtina məktubuna əsasən məhkəməyə müraciət edilməsi də tövsiyə edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, 3-cü şəxs həmçinin bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin və 3-cü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruöu İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla, hazırki işdə apellyasiya şikayəti İddiaçı1 tərəfindən verildiyi üçün birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı məhz həmin iddiaçıya münasibətdə yoxlanılır. Belə ki, digər iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı tələbi, "onların və ailə üzvləri X3, X1 ünvan 3 adla Səbail rayonu, Məmmədyarov küçəsi 13, mənzil 2) ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi" barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onların iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 13, mənzil 2-də yaşamadıqlarına, eyni zamanda mənzilin yerləşdiyi binanın yaşamaq üçün yararsız olduğundan cavabdeh inzibati orqanın iddiaçıların həmin mənzilə qeydiyyata alınması üçün müraciətindən imtinasının qanunazidd sayılmaması və iddiaçıların hüquqlarını pozmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdə iddiaçılar qeydiyyata alınmaq istədikləri mənzilə dair hüquqmüəyyənedici sənədi təqdim edə bilmirlər. Bu hal onların həmin mənzilə qeydiyyata düşmələri üçün əsas olan qanunla müəyyən edilmiş ikinci şərtin ödənilməməsi kimi qiymətləndirilir. Bununla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən olunmuşdu ki, iddiaçılar qeydiyyata alınmaq istədikləri mənzildə yaşamırlar. Digər tərəfdən, sözügedən mənzilin yerləşdiyi bina qəzalı və yaşamaq üçün yararsız vəziyyətdədir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən bina “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansındadır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2126/08 saylı 23 sentyabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-930/2007 saylı iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi qismən - X4 və X8 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi də təmin edilməsi vəzifəsinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə həvalə olunması hissəsində ləğv edilməsi, iddia tələbinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə qarşı hissədə rədd edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin qismən təmin edilərək, qətnamənin X4 və X8 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, 13 saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvandakı bina “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu ərazisində yerləşir, hazırda qəzalı vəziyyətdə olan bina xüsusi mülkiyyətdə deyil, binanın yan divarı uçmuş və bina qəzalı vəziyyətdə olduğundan yararsız haldadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinin “4” yarımbəndinə görə, “şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda” əsası müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina etmək üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının apelyanta münasibətdə ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1907/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə- apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1907/2023 saylı 14 aprel 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə- İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2917/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2917/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver