Məhkəmə qərarları › İş №2-1(103)-2918/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2918/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2918/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və onun vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin ödəilməsi» tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icrası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(82)-2945/2017 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə mürаciət еdərək onun xx.xx.1973xx.xx.1974-cü il tarixdən və xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.1973- xx.xx.1974-cü il tarixindən və xx.xx.1996-xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqısı əsasında nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanmda Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1929/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli qərarını ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-1(102)-187/2018 saylı Qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1929/2017 saylı, 28 sentyabr 2017ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən başlanılmış kassasiya icraatına xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 28 mart 2018-ci il tarixli 18/042287 №li məktubda qərarın icra olunması barədə məlumat verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarı icra edilmədiyi üçün cavabdeh barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq iddiaçıya təyin edilmiş pensiyanın dayandırılıb-dayandırılmaması, dayandırıldığı təqdirdə dayandırılmasının səbəbləri barəsində məhkəməyə məlumatın verilməsi tələb edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə məktub ünvanlanaraq pensiya işinin araşdırılması zərurəti yarandığından pensiya ödənişinin dayandırıldığı, araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə pensiya ödənişinin bərpa olunacağı, dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin şəxsin müvafiq kart hesbına köçürüləcəyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021- ci il tarixli 10 saylı qərarının 25-ci bəndinə əsasən məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə alaraq məhkəmə qərarının 30 gün ərzində icra olunması ilə bağlı müddət təyin edilmiş və cərimə olunacağı barədə xəbərdarlıq edilmiş, lakin qeyd olunan müddət ərzində məhkəmə qərarı icra edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(82)-2945/2017 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. (hakim: F.Mədətli). Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (82)-2945/2017 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinin 2- 1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarını icra etməməyə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.Aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, ərizəçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 dekabr 2021-ci il tarixli **********3 nömrəli məktubla cavablandırılmış 13 aprel 2022-ci il və 20 aprel 2022-ci il tarixlərində daxil olmuş eyniməzmunlu müraciətlərinə baxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Ərizəçinin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır. Bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarında ərizəçiyə 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla 52 yaşının tamam olduğu 18 iyul 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən qərar icra edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin hallarında görünür ki, qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2945/2017 saylı, 23 iyun 2017-ci il tarixli qərarının qüvvəyə minməsinə, 09 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə məhkəmə tərəfindən qərarın icra edilmədiyi təqdirdə cavabdehin barəsində cərimə təyin edilməsinə dair müvafiq qərardadın qəbul ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə qərarı icra edilmədiyinə əsasən inzibati orqan barəsində cərimə tətbiq edilməlidir. İşdən göründüyü kimi məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 500 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 500 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2945/2017 saylı 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar