Məhkəmə qərarları › İş №2-1(103)-2918/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2918/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2918/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı 16 may 2025-ci il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(112)-12819/2023 nömrəli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi, 51 saylı yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmə qərarı icra olunaraq mübahisə predmeti olan daşınmaz əmlaka dair İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra X4 və qeyriləri qərardan şikayət vermişdir. Sonradan həmin şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir. Daha sonra ərizəçilər dəqiqləşmə edərək üçüncü şəxs qismində icraata cəlb edilmələrini, məhkəmənin qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, həmin şəxslər çıxarışın verildiyi yaşayış sahəsinə dair orderdə adıçəkilən Etibar Məmmədovun vərəsələridir və iddiaçının evin özəlləşdirməsinə dair müraciətindən xəbərləri olmamışdır. Eləcə də, məhkəmə iclaslarından xəbərləri olmamışdır. Ərizəçilər qeyd edir ki, orderdə adı olan şəxsin ailə üzvləri kimi 1992-1993-cü il tarixlərdə həmin evdə yaşamışdırlar. Sonradan isə, məcbur olaraq yaşayış sahəsindən cəmi bir-iki metr aralıqda özbaşına tikili inşa edərək, orada yaşamışdırlar. Məmmədov Yaşar İsmayıl oğlu 19 avqust 2007-ci il tarixdə, Məmmədov Etibar Yaşar oğlu 26 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Ölməmişdən öncə X10 Yaşarda miras qalmış əmlakı qəbul etməsi barədə ərizə ilə müraciət etmiş, vərəsəlik işi açılmışdır Ərizəçilər hesab edir ki, işin faktiki halları, qanunvericiliyin tələbləri, Konstitusiya Məhkəməsinin qərarının tələbinə əsasən evin kirayəçisi olmuş Yaşar Məmmədov və Etibar Məmmədovun evə mülkiyyət hüquqları mövcud olmuşdur. Onların vəfatından sonra onlara məxsus pay miras qalmışdır. Ərizəçilərin vərəsəlik hüququ mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı 16 may 2025-ci il il tarixli qərardadı ilə ərizəçi X4 və qeyrilərinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçilər apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər 40 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli X-1-170 saylı məktubunda göstərilmişdir ki, “xx.xx.2007-ci ildə vəfat etmiş Məmmədov Yaşar İsmayıl oğlunun vərəsəsi olan Məmmədov Etibar Yaşar oğlu xx.xx.2019-cu il tarixli mirasın qəbulu barədə ərizəsi əsasında tərəfimizdən 162/2019 nömrəli vərəsəlik işi açılmışdır.......”. Məhkəmə işinə təsdiqlənmiş surətləri əlavə edilmiş ərizəçilər tərəfindən Məmmədov Etibar Yaşar oğlundan qalmış mirasın qəbulu haqqında notariata verilmiş 4 ədəd xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Məmmədov Etibar Yaşar oğlu xx.xx.2022-ci ildə öldükdən sonra ondan qalmış mirası hazırkı ərizəçilər notariata ərizə verərək qəbul etmişlər. Qanunvericilik normalarına və işin faktiki hallara əsaslanaraq ərizəçilərin Yaşar Məmmədova, həm də Etibar Məmmədova münasibətdə mübahisələndirilən evə dair vərəsəlik hüquqları mövcuddur. İş materiallarında olan ərizələrdən və 40 saylı notariat kontorunun məktubundan görünür ki, həm mərhum Etibar Məmmədov atası Yaşar Məmmədov öldükdən sonra ondan qalan mirası qəbul etdiyi barədə həm də ailə başçıları Etibar Məmmədov öldükdən sonra ondan qalan mirası qəbul etməkləri barədə notaiusa ərizə vermiş , lakin vərəsəlik şəhadətnaməsi almaq üçün arayış almamış, habelə vərəsəlik şəhadətnaməsi almamışlar. Bundan başqa , məhkəmə Qərardadda göstərmişdir ki, onların mübahisəli evə dair vərəsəlik hüquqları mövcud deyildir. Bu fikri inkişaf elətdirərək məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərar onların hüquqlarına ümumiyyətlə toxunmur. Qeyd edilən hallarla bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı 16 may 2025-ci il tarixli qərardadı onların mövcud vərəsəlik hüquqlarını pozmuşdur. Ona görə də ərizəçilər qərardadın ləğv edilməsini, işə İİİ şəxs qismində zəruri cəlb etmə qaydasına i cəlb edilmələrini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri yeri barədə lazımi qaydada məlumat verilsə də, ərizəçilər məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçilərin nümayəndəsi və vəkili tərəfindən başqa məhkəmə prosesinin olması səbəbindən prosesdə iştirak edə bilməyəcəyi ilə bağlı ərizə ünvanlanmış, iclasın təxirə salınması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iş üzrə gəlməyən ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-12819/2023 saylı 16 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə aşağıdakı qanunvricilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının: -24-cü bəndinə əsasən hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. -25-ci bəndinə əsasən üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. -33-cü bəndinə əsasən İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. -36-cı bəndinə əsasən inzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. -37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. -38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. -42-ci bəndinə əsasən zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. -76-cı bəndinə əsasən ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Qeyd olunanlardan da göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır (Qərardadın 52-ci bəndi). Əgər ərizəçi zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli olduğu halda məhkəmə bunu etməmişdirsə, qəbul edilmiş qərarın ləğvindən söhbət gedə bilər. Şəxsin adi qaydada cəlb edilməli olan şəxs olması isə ərizəçinin tələb etdiyi prosessual hərəkətin yerinə yetirilməsi üçün əsas qismində çıxış etmir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası hesab edir ki, ərizəçilərin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları üçün əsaslar mövcud deyildir. Belə ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa, həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Hazırki işdə isə qəbul edilmiş qərar ərizəçilərin marağını pozsa belə, onların qanunla qorunan maraqlarının pozuntusundan söhbət gedə bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçilərin marağını pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. Buna münasibətdə ilkin olaraq qeyd edilməlidir ki, hazırkı halda üçüncü şəxs qoşulma barədə tələb irəli sürən şəxslər məhz vəfat etmiş şəxsin vərəsələri halına istinadla qoşulma barədə müraciət etmişdir. Belə ki, məhkəmə qərarı qəbul edilərkən mülki məhkəmə icraatında baxılmış mülki işə istinadən həmin şəxslərin hüquqlarının tanınmaması səbəbindən onları cəlb etməmişdir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, İlqar Abbasov küçəsi ev 51 ünvanda yerləşən yaşayış sahəsinin İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddia qaldırılmış, yaşayış sahəsinə dair orderdə iddiaçının özü ilə yanaşı bu gün varisləri olduğu qeyd edilən Etibar Məmmədovun da adı göstərilmişdir. Həmin şəxs 2022-ci il tarixdə vəfat etmişdir. Mülki məhkəmə icraatında 3 instansiya məhkəməsinin qətnamələr və qərarından görünür ki, iddiaçılar Məmmədov Etibar Yaşar oğlu və X4, X6, X3, X5 cavabdeh İddiaçı və qeyrilərinə qarşı iddia ərizəsi ilə müraciət edərək adıçəkilən mənzilin 1 otağının onların istifadəsinə verilməsi və onlarla icarə müqaviləsinin bağlanılmasını, ora köçürülmələrini xahiş etmişdir. İddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilmiş, qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçılar Məmmədov Etibar Yaşar oğlu və ailə üzvləri olan digər şəxslər mənzildə qeydiyyatda olsa da, 2013-cü il tarixdən həmin mənzildən köçmüşdürlər. Həmin ünvanda daha 3 fərdi yaşayış evi mövcuddur ki, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Hazırda mübahisəli mənzildə isə R.Məmmədova yaşamaqdadır. Məhkəmə hesab etmişdir ki, həmin şəxslərin, eləcə də Məmmədov Etibar Yaşar oğlunun mənzildə qeydiyyatda olmasına baxmayaraq istifadə hüquqları 6 aylıq müddət şərti nəzərə alınmaqla artıq mövcud olmamışdır. Son nəticədə də göstərilən iş üzrə Məmmədov Etibar Yaşar oğlunun kassasiya şikayəti təmin edilməmiş, həmin şəxsin istifadə hüququnun itirildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi nəinki hazırkı ərizədə adları çəkilən şəxslərin, həmçinin orderdə adıçəkilən Məmmədov Etibar Yaşar oğlunun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun itirildiyi müəyyən edildiyindən, həmin fərdi yaşayış sahəsinə hər hansı hüququnun olmadığı aşkar edildiyindən, onun ailə üzvləri kimi ərizəçilərin hər hansı qanunla qorunan marağının mövcudluğundan, mövcud olmadığı üçün də hazırkı işin nəticəsində onun pozuntusundan söhbət gedə bilməz. Adıçəkilən şəxslərin yaşayış sahəsinə faktiki marağı isə, həmin şəxslərin üçüncü şəxs qismində qoşulması üçün kifayət etmir. Həmçinin məhkəmə qətnamələrindən görünür ki, nəinki hazırkı ərizəçilərin Məmmədov Yaşar İsmayıl oğlunun vərəsəsi kimi müraciət edən Etibar Məmmədovun belə 51 saylı yaşayış evinə köçürülməsinə əsas ola biləcək hər hansı bir hüququn, eləcə də vərəsəlik hüququnun mövcudluğu müəyyən edilməmişdir Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; Köhnə Mənzil Məcəlləsinin: Maddə 4. Mənzil fondu Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); Maddə 85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun məqsədlərinə cavab verir. Konstitusiyanın qarşılıqlı əlaqədə olan 13, 15, 29 və 59-cu maddələrində təsbit edilmiş xüsusi mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, müqavilə azadlığı, habelə iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi prinsipləri bazar iqtisadiyyatının konstitusiya əsaslarını təşkil edir. Bazar iqtisadiyyatının şərtlərindən biri olan çoxformalı mülkiyyətə keçid zamanı özəlləşdirmə institutu bazar münasibətlərinin yaranması və inkişafına xidmət edən ən mühüm vasitələrdən biridir. Bu konstitusion məqsədlərə nail olmaq üçün qanunverici mülkiyyət münasibətlərinin transformasiyasının hüquqi əsaslarını müəyyən etmişdir. Mənzil münasibətləri sahəsində belə hüquqi əsaslar “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Yuxarıda göstərilən müddəaların, eləcə də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun, elə 1-ci maddəsinin tələbindən görünür ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Şərt və qaydalarla bağlı göstərilən tələblərdən görünür ki, subyekt baxımından həmin əvəzsiz özəlləşmə prosesində mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri çıxış edir. Belə ki, Qanunda da göstərildiyi kimi mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilən sənədlərdən biri qismində çıxış edir. Lakin ərizəçilər həmin müddəaların tələbləri nəzərə almadan hesab edir ki, orderdə adıçəkilən şəxsin vəfat etdiyi halda, onun vərəsələri üçün də hər bir halda həmin hüquq münasibəti davam etdirilir. Qeyd olunmalıdır ki, ərizəçilər nəzərə almamışdır ki, özəlləşdirilməsi tələb edilən mənzil və evlər dövlət və ictimai mənzil fonduna aiddir və həmin mənzillərin özəlləşdirilməsində məqsəd kirayə müqaviləsində və ya orderdə adıçəkilən və müraciət edilən anda faktiki həmin mənzil və orderdə adı çəkilən, çəkilməsə belə ailə üzvlərinin mülkiyyət hüquqlarının müdafiəsini təmin etməkdir. Şəxsin vəfat etməsi və ya istifadə hüququnun itirməsi isə göstərilən mənzil və evlərə hüququn saxlanılması baxımından hər hansı əhəmiyyət kəsb etməkdədir. Məhkəmə kollegiyası ərizəçilərin diqqətinə çatdırır ki, özəlləşdirmə baxımından orderdə adıçəkilən Məmmədov Yaşarın Etibar Məmmədovdan hər hansı hüquqi baxımından üstünlüyü mövcud olmamış, hər iki orderdə adıçəkilən şəxslər olmuşdur. Birinin özəlləşdirmədə iştirak hüququ vəfat etməsi, digərinin məhkəmə qətnaməsi ilə bitmişdir ki, məhkəmə qətnaməsi ilə istifadə hüququ, özəlləşdirmədə iştirak hüququ mövcud olmayan şəxsin, digər əsasla özəlləşdirmədə iştirak hüququ mövcud olmayan şəxsin vərəsəsi kimi hər hansı hüququnun mövcudluğuna istinadı dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsinə dair qanunvericiliyin göstərilən müddəalarının tələbləri ilə uzlaşmamaqdadır. Araşdırma nəticəsində məhkəmə kollegiyası qeyd edir ki, dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi prosesində iştirak etmək hüququna malik şəxslərin dairəsi konkretdir, kirayəçi və onunla birlikdə yaşamış şəxslər həmin hüquqa malikdirlər. Şəxsin vəfati zamanı varisin həmin hüququ davam etdirməsi üçün isə, buna dair yeni kirayə müqaviləsinin həmin şəxsin adına bağlanılmasına əsas ola bilər ki, hazırkı halda həmin kirayə müqaviləsi və ya sərəncam mövcud olmamışdır və ola da bilməz. Belə ki, orderdə adıçəkilən digər şəxslərin hüquqları mövcud olmaqda davam edir ki, vəfat edən şəxsin vərəsələrinin həmin hüququ hansı halda saxlaması göstərilməkdədir. Qeyd olunur ki, dövlət və ictimai mənzil fondunda adları çəkilən şəxslərin siyahısı məhz elə həmin şəxslərlə qohumluq münasibətlərinə əsaslanır. Bu səbəbdəndir ki, orderdə məhz Məmmədov Yaşar və onun ailə üzvlərinin adı çəkilməkdədir və həmin şəxslərin hansı halda hüququ saxlanılması, hansı halda itirməsi konkret müəyyən edilmiş, vəfat halında da hansı prosedur həyata keçirilməlidir göstərilmişdir. Belə ki, 6 aylıq müddət ötdükdə istifadə hüququ itirilmiş sayılır, şəxs vəfat etdikdə isə şəxsin ailə üzvünün razılığı ilə kirayə müqaviləsi davam etdirilir. Nəzərə alınmalıdır ki, kirayə münasibətinin davam etməsi anlayışı ilə vərəsə anlayışı hazırkı halda ərizəçilər tərəfindən eyniləşdirilməyə çalışılmış, nəzərə alınmamışdır ki, hazırda fərdi yaşayış evi xüsusi mənzil fonduna daxil oaln ev olmamış, istər Məmmədov Yaşar və digərlərinin mənzil sahəsində faktiki yaşaması, hüququnun mövcud olması özəlləşdirmə üçün əsas olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq diqqət etmişdir ki, məhkəmə qətnamələrində ərizəçilərdən X1 adı çəkilməsə də, hüququn saxlanılmaması, atasının istifadə hüququnun və icarə müqaviləsinin bağlanılması hüququnun mövcud olmaması baxımından, həmin şəxsin də hər hansı hüququnun mövcudluğundan söhbət getmədiyindən məhkəmə hesab edir ki, ərizə bütünlükdə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hazırkı iddia tələbi üzrə qəbul edəcəyi qərarın X4 və qeyrilərinin maraqlarına toxunmasına dəlalət edən hallar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3190/2023 saylı, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12819/2023 saylı, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar