Məhkəmə qərarları › İş №2-1(103)-2919/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2919/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2919/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Orucova Aysu Əli oızının katibliyi, İddiacının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2021 saylı iş üzrə qəbul etdiyi 24 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “13.08.2013-cü il tarixdən yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2021 saylı iş üzrə qəbul etdiyi 24 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial sığorta (iş) stajına daxil edilməsini istədiyi təhsil illəri "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən qanunun normaları nəzərə alınmalıdır. Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunu - "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali [...] məktəbi bitirmiş şəxslərin təhsil müddəti [...] iş stajına daxil edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikayətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1971-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. TB-İ seriyalı 095261 nömrəli fərqlənmə diplomunun təsdiq olunmuş surətinə əsasən, X3 1988-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1993-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Daşkəsən rayon Məhkəməsinin 2-269/2005 nömrəli 20.12.2005-ci il tarixli qətnaməsi ilə Daşkəsən rayon VVAQ şöbəsi tərəfindən X2 adına verilmiş doğum haqqında şəhadətnaməsində “Əhmədov” kimi qeyd edilmiş soyadına dair qeydiyyatı dəyişdirilməklə, soyadı “Dilavərli” kimi qeyd edilməsi qət edilmişdir. 0021743 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, Dilavərli (Əhmədov) Dilavər Mirzəhəsən oğlu 21.08.1993-cü il tarixdən Kürdəmir rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 22.08.1994-cü il tarixdən – müstəntiq, 27.11.1994-cü il tarixdən Əli-Bayramlı şəhər prokurorluğunun baş müstəntiq, 24.03.1997ci il tarixdən Ağdaş rayon prokurorunun köməkçisi, 29.06.2001-ci il tarixdən Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru, 07.06.2003-cü il tarixdən 22.01.2007-ci il tarixədək Daşkəsən rayon prokuroru, 07.03.2007-ci il tarixdən Yevlax rayon prokurorluğunun prokuror-kriminalist, 12.03.2007-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi, 14.02.2013-cü il tarixdən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi, 16.11.2016-cı il tarixdən 13.09.2018-ci il tarixədək həmin rayon prokurorunun böyük köməkçisi vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.11.2020-ci il tarixli, **********4 nömrəli məktubuna əsasən bildirilmişdir: “Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək prokurorluq orqanlarında qulluq stajınız 25 ildən az olduğundan sizə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübutlar qismində məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2-1(102)-1707/2017 nömrəli qərarın, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin məktublarının və Doğum haqqında şəhadətnamənin surətlərini təqdim etmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır,xx.xx.1971-ci il təvəllüdlüdür, 1988-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1993-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 21.08.1993-cü il tarixdə prokurorluq orqanlarına işə qəbul olunmuş, 22.01.2007-ci il tarixdən 07.03.2007-ci il tarixədək müddətdə sərəncamda olmuş, 13.09.2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı cavabdehə müraciət edərək 13.08.2013-cü il tarixdən, yəni 42 yaşından yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra iddiacı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı prokurorluq işçisi kimi pensiya təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki:“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində “prokurorluq işçiləri” anlayışı verilmişdir. Belə ki, prokurorluq işçiləri prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorlarıdır. Həmin qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 1.2. Prokurorluq işçilərinin qulluq keçməsi "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.” 32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Tələblə iddiaçı 13.08.2018-ci il tarixinədək prokurorluq orqanlarında işlədiyi müddət nəzərə alınmaqla pensiyanın təyin olunmasını xahiş etmişdir. Həmin Qanunun 9.4-cü maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Apelyasiya şikayətinin məzmunundan da aydın olduğu kimi, iddiaçı 2013-cü ilə qədər təhsil müddəti də daxil edilməklə, tələb olunan 25 il qulluq stajının olduğunu bildirərək, həmin ildən, yəni 42 yaşından prokurorluq işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Dəlil olaraq 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanununun tələblərinə əsasən, təhsil müddətinin staj müddətinə daxil edilməklə hesablanmalı olmasını qeyd etmişdir. İddiaçının dəlili ilə məhkəmə kollegiyası razılaşmır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” AR qanununda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilən şəxslərin və bu cür pensiyanın verilməsini mümkün edən şərtlərin dairəsi göstərilmişdir. İddiaçının 1988-1992-ci illərdəki təhsil müddəti “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələbinə uyğun olaraq ümumi iş stajına daxil edilən müddət olaraq müəyyənləşdirilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bu müddətin prokurorluq orqanlarında qulluq stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Sözügedən qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yeganə şərt onun hüququnun yarandığı tarixə qədər prokurorluq orqanlarında azı 25 il iş stajı olmasıdır. İş materiallarından isə görünür ki, iddiaçının prokuroluq orqanlarında staj müddəti ümumilikdə 24 il 01 ay 06 gün ((08.22.1994 – 08.21.1994 = 1 il 01 gün) + (11.27.1994 – 08.22.1994 = 03 ay 05 gün) + (03.24.1997 – 11.27.1994 = 2 il 03 ay 27 gün) + (06.29.2001 – 03.24.1997 = 4 il 03 ay 05 gün) + (06.07.2003 – 06.29.2001 = 1 il 10 ay 08 gün) + (01.22.2007 – 06.07.2003 = 3 il 06 ay 15 gün) + (03.12.2007 – 03.07.2007 = 05 gün) + (02.14.2013 – 03.12.2007 = 5 il 09 ay 02 gün) + (11.16.2016 – 02.14.2013 = 3 il 09 ay 02 gün) + (09.13.2018 – 11.16.2016 = 1 il 09 ay 27 gün) = 24 il 07 ay 07 gün)), əmək pensiyasının təyin edilməsini istədiyi 13.08.2013-cü il tarixinə isə cəmi 19 il 06 ay 07 gün ((08.22.1994 – 08.21.1994 = 1 il 01 gün) + (11.27.1994 – 08.22.1994 = 03 ay 05 gün) + (03.24.1997 – 11.27.1994 = 2 il 03 ay 27 gün) + (06.29.2001 – 03.24.1997 = 4 il 03 ay 05 gün) + (06.07.2003 – 06.29.2001 = 1 il 10 ay 08 gün) + (01.22.2007 – 06.07.2003 = 3 il 06 ay 15 gün) + (03.12.2007 – 03.07.2007 = 05 gün) + (02.14.2013 – 03.12.2007 = 5 il 09 ay 02 gün) + (08.13.2013 – 02.14.2013 = 05 ay 29 gün) = 19 il 06 ay 07 gün)) təşkil edir. Göründüyü kimi, apelyasiya şikayətinin dəlili əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4144/2021 saylı iş üzrə qəbul etdiyi 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Vahid Sadıqov Hakim: Qürbət Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar