Məhkəmə qərarları › İş №2-1(103)-292/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-292/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-292/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRAR İş № 2-1(103)-292/2023 (Açar sözlər: kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində-təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30,000 (otuz min) manatın, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq-6.000 (altı min) manatın və həmçinin özgəsinin pul vəsaitindən faydalanmağa görə, Azərbaycan Respublikası Mərkəzi Bankının pul öhdəliyinin icra ediləcəyi tarixə müəyyən etdiyi illik uçot faiz dərəcəsinə uyğun qaydada hesablanmış faiz məbləğlərinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 sentyabr 2004-cü il tarixində notarial qaydada təsdiqlənmiş AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajı manatın denominasiyasından əvvəl 10.000.000 manat məbləğində X2 almışdır. Həmin qaraja dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 sentyabr 2004-cü il tarixli, 30/1690 reyestr nömrəsi ilə qeydə alınmış X3 X12 Pasportu verilmiş və manatın denominasiyasından əvvəl 13.000 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair 047598 saylı ödəniş qəbz alınmışdır. Təxminən 2008-ci ildə qarajın yerləşdiyi Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın həyətinə gəlmiş və həmin ərazidə Bağırov körpüsünün yeni tunelinin inşa edilməsilə bağlı tikinti işlərinin aparılmasını və qarajın söküldüyünü aşkar etmişdir. Qarajın sökülməsinin səbəbləri barədə yerli sakinlərdən, hadisənin şahidi olmuş şəxslərdən maraqlanmış və onların sözlərinə görə məlum olmuşdur ki, qaraj "xxxx" ASC (hazırkı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin göstərişilə sökülmüşdür. İddiaçı kompensasiya almaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı ərizə ilə inzibati orqana müraciət etsə də, qeyd etdiyi məsələyə aydınlıq gətirilməsi üçün sözügedən əmlak üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyə rəsmi təqdim etməyi xahiş olunsa da, İddiaçı inzibati orqanın göstərişini nəzərə almamış və bununla da onun hansı hüququnun pozulması müəyyən olunmamışdır. İddiaçının tələbinin yönəldiyi inzibati icra orqana qarşı hansı hüququnun pozulması barədə heç bir sübut yoxdur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində - təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30 000 (otuz min) manat, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq kimi 6000 (altı min) manatın və həmçinin özgəsinin pul vəsaitindən qanunsuz faydalanmağa görə xx.xx.2009-cu il tarixindən etibarən kompensasiya ödəniləcək tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5% uçot faiz dərəcəsinə uyğun qaydada hesablanacaq faiz məbləğinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Bağırov körpüsü”ndə aparılan tikinti-quraşdırma işləri çərçivəsində Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısmda 20,6 kv.metr sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi ilə bağlı, kompensasiya qismində - təxmini bazar qiymətlərinə uyğun olaraq əmlakın dəyərinin 30.000 manat, eləcə də bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq kimi 6.000 anatın və həmçinin özgəsinin pul vəsaitindən qanunsuz faydalanmağa görə xx.xx.2009-cu il tarixindən etibarən kompensasiya ödəniləcək tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik 5% uçot faiz dərəcəsinə uyğun qaydada hesablanacaq faiz məbləğinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim Həmid Ağalarov) iddia edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası da işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunmadığından və iddiaçı qərarın ləğv olunub iddianın təmin olunmasını xahiş etdiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində ona münasibətdə qərarı yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayəti vermiş iddiaçını, onun nümayəndəsivəkili, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, satıcı X10 Bakı şəhəri Tİ və MHQİ-nin 30/22416 №-li xx.xx.2004-cü il tarixli 1 №-li arayışına və xx.xx.2003-cü il tarixli, 6/4139 №-li Texniki pasporta əsasən ona məxsus olan Bakı şəhəri, Moskva pr., 80/2 saylı binanın həyətində yerləşən ümumi sahəsi 20,6 kv.metr olan qarajı alıcı İddiaçı satmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 22 sentyabr 2021-ci il tarixli və 29 mart 2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, Bakı şəhəri, Moskva prospekti, 80/2 saylı binanın qarşısında 20.6 m2 sahədə yerləşmiş 7 nömrəli qarajın sökülməsi, həmçinin həmin ünvan üzrə İddiaçı kompensasiyanın ödənilib-ödənilməməsi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 17 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən “Bağırov” körpüsünün yeni tunelin inşa edilməsi ilə əlaqədar həmin ünvan üzrə daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması zamanı qeyd olunan ərazidə 1 kv.metr yaşayış və qeyri-yaşayış sahələrinə hesablanmış və ödənilmiş kompensasiya ilə əlaqədar Xidmətdə hər hansı bir məlumat yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 14 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Moskva prospekti 80/2 saylı binanın qarşısında yerləşən qaraj Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Apellyasiya instansiya məhkəməsində obyektiv həqiqətin müəyyən edilməsi, mübahisəli qarajın mövcudluğunu təsdiq olunması məqsədilə ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin veridiyi xx.xx.2023-cü il tarixli 10/2656 nömrəli rəydə qeyd olunmuşdur ki, qeydiyyatdan keçmiş və əvvəllər mövcud olan qeyri-yaşayış binası (qaraj) faktiki olaraq mövcud deyil. Bu səbəbdən naturada koordinatları müəyyən edilməsi mümkün olmamışdır. Qeydiyyatdan keçmiş və əvvəllər mövcud olan qeyri-yaşayış binası (qaraj) faktiki olaraq mövcud deyil. Sözügedən qeyri-yaşayış binası (qaraj) faktiki olaraq mövcud olmadığından naturada koordinatları müəyyən edilməsi və “Bağırov” körpüsünün tunelinin ərazisi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmadı. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı iddiaçı tərəfindən iddia olunan tikilinin cavabdeh tərəfindən sökülməsi təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı sözgedən tikilinin cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, buna dair biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1942/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertizasının xərci qismində 50 (əlli) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X4, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar