Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-292/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X16 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs “X27” şirkətinin nümayəndəsi X10, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X29” şirkətinin Azərbaycan Respublikasındakı filialı) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-594/2024 saylı qərarından üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X27” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən sahəsi 6 sot olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamı ilə X11 fərdi ev tikintisi üçün ayrılmışdır. Bundan sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamı ləğv edilmiş və həmin sərəncamla E.B.Hacıyevə ayrılmış 600.0 kv.m torpaq sahəsi İddiaçı adına keçirilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində qanunauyğun şəkildə yaşayış evi tikilmiş və xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyatı aparılmaqla seriya FM 031942 saylı çıxarış verilmişdir. Bundan sonra iddiaçı həmin evi “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən oğlu X5 bağışlamış və Seriya RX ******* saylı xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçı qanuni istifadəsində olan 600 kv.m bağbostan kimi istifadədə olmuş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Bakı şəhər 1 saylı Ərazi İdarəsi tətəfındən 25 oktyabr 2022-ci il tarixli **********34 saylı məktubla cavab verilərək bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Torpaq sahəsi yerləşən ərazidə inşa edilən bütün evlər çıxarışlarla təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-14804/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4286/2023 saylı qərardadı ilə “X29” şirkətinin Azərbaycan Respublikasındakı filialı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Təqdim edilmiş sənədlər toplusuna əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli Sərəncamı xx.xx.2002-ci il tarixlidir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********34 nömrəli cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mübahisələndirilən ərazi SOCARın daimi isitifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin, quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor Neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X26 haqqında” Sazişə əsasən “X27” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiət-qoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bundan başqa, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2017 il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq məhkəmədən İddiaçı hazırki iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs “X30” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, müraciətlə əlaqədar Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək həmin ərazinin plan-xəritəsi və torpaq sahəsinin topoqrafik plandan çıxarışın təsdiq olunmuş surəti hazırlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “X26 haqqında” Sazişə və “X23”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən kordinatlar daxilində yerləşir: 1.396130.7138 4476635.6526 2.396150.5831 4476659.4479 3.396168.6552 4476645.3364 4.396150.6635 4476619.9364 5.396138.4397 4476629.2497 Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsi bilavasitə SOCAR-a məxsus vurucu qaz xəttinin mühafizə zolağı daxilində yerləşir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli Qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən “X27” şirkəti sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-594/2024 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs “X27” şirkətinin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs “X27” şirkətinin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müvafiq qərarla şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb etsə də, lakin mübahisə predmeti olan torpaq sahəsinin Şirkətə aidiyyətinin olub-olmamasının yəqinliyini əldə etmək üçün heç bir araşdırma aparmamış, Şirkətin etirazına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin əsl sahibinin kimin olmasını, habelə həmin torpaq sahəsinin ətrafında neft quyusunun mövcudluğunu, bununla da torpaq sahəsinin təyinatını və kateroqiyasını araşdırmadan və məhkəmə üçün qaranlıq qalan məqamları aydınlaşdırmadan, yalnız iddiaçının təqdim etdiyi və hüquqi əsası olmayan Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsaslanmaqla ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Mübahisəli torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X26 haqqında Saziş”ə və “X23”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. İddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Qeyd olunan faktı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi də iddiaçıya təqdim etdiyi etiraz məktubunda təsdiq etmişdir. Lakin, göründüyü kimi məhkəmə bütün bu hallara əhəmiyyət verməmiş, yalnız iddiaçının maraqlarını müdafiə edərək və işə birtərəfli qaydada baxaraq ədalətsiz və qanunsuz qərar qəbul etmişdir Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL” ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə Blokunun xəritəsindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikası 29 aprel 2005-ci il tarixli 901-11 Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı. Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X26 haqqında” Sazişə əsasən, ‘’X27” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin sözügedən sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır. “X27” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Mübahisəli torpaq ərazisi Saziş ərazisinə düşür və məhkəmə Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşdüyünü özündə ehtiva edən Qanunu nəzərə almamışdır. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə X19 Sovetinin xx.xx.1991-ci il tarixli, 9/290 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X31 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur neft-qaz əməliyyatlarının aparılması). Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “X27” şirkətinin X17 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətləri ilə bağlı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cı il tarixli 693 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, YC011/239 saylı razılıq məktubunu nəzərə alaraq Binəqədi rayonu, Şamaxı şossesi ilə Binəqədi – Sulutəpə yolunun kəsişdiyi yerin cənub hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evlərinin tikintisi üçün 9,8 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA08481-2022 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayonu İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 996 saylı və xx.xx.2002-ci il tarixli, 558 saylı sərəncamları onlara əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamların və onlara əlavə edilmiş digər sənədlərin surətindən görünür ki: - Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X11 fərdi ev tikintisi üçün “Binəqədineft” NQÇİ-nin işçilərinə BŞİH-nin 659 saylı xx.xx.1994-cü il tarixli qərarı ilə Sulu-Təpə qəsəbəsində ayrılmış və uzun müddət bağ-bostan kimi istifadə etdiyi ərazidən təqdim edilmiş cizgi əsasında 600.0 kv.m. torpaq sahəsi ayrılmışdır. - Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış X1 ərizəsindən görünür ki, sonuncu xx.xx.1998-ci il tarixli 996 saylı sərəncamına əsasən Sulu- Təpə qəsəbə ərazisindən ayrılmış torpaq sahəsinin öz adına verilməsi haqqında icazə istəmişdir. - X15 tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.1998-ci il tarixli, 996 saylı sərəncamına əsasən Bakı şəhəri, Sulu-Təpə qəsəbə ərazisindən X11 ayrılmış 600 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün maddi imkanı olmadığından həmin torpaq sahəsinin X1 adına dəyişdirilməsinə etiraz etməmişdir. - Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı məktubunda bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinə Naxçıvani küçəsi 10 saylı yataqxanasının 4a saylı mənzilində yaşayan vətəndaş X15 müraciət edərək 1988-ci ildən bəri qəsəbənin Sulu-Təpə sahəsində istifadə etdiyi bağ-bostan sahəsində fərdi yaşayış evi tikilməsinə icazə verilməsinə xahiş etmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, həqiqətən də vətəndaş Hacıyevin mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı vardır. Onun 1988-ci ildən istifadə etdiyi torpaq sahəsi BŞİH-nin sərəncamı ilə fərdi yaşayış evi tikmək məqsədi ilə NQÇİ-nin işçiləri üçün ayrılmış ərazi daxilinə düşdüyündən “Binəqədineft” NQÇİnin Əİ-06-4\655 saylı, xx.xx.1998-ci il tarixli məktubu ilə bu sahədən bir pay torpaq sahəsinin ayrılmasına etiraz edilmir. - Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarilxi 558 nömrəli sərəncamına əsasən İzmir küçəsi 7a saylı binanın 4-cü mənzilində yaşayan X8 ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, aralarında olan və notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinə və etibarnaməyə əsasən, Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün X11 ayrılmış 600 kv.m. torpaq sahəsinin onun adına keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ləğv edilmiş, həmin sərəncamla Sulu-Təpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün E.B.Hacıyevə ayrılmış 600 kv.m torpaq sahəsi İ.M.Paşayevin adına keçirilmişdir. - Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 9-cu döngə, 1 nömrəli xx.xx.2004-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsinin sənədlə ölçüsü 600.0 kv.m-dir, həqiqi sahəsi 602.6 kv.m, tikinti altında qalan sahəsi isə 357.4 kv.m-dir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, 1 saylı fərdi yaşayış evinə dair bütün hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 509 saylı sərəncamından çıxarışına əsasən Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, 9-cu döngə, 1 saylı evdə yaşayan vətəndaş X1 ərizəsini nəzərə alaraq, Binəqədi RİH Başçısının 558 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı əsasında Xocasən qəsəbəsində ona ayrılmış 600 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında tikintisi başa çatdırılmış, MŞBİ-nin 18/03-8/6023 saylı, xx.xx.2004-cü il tarixli məktubuna əsasən Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, 1 saylı yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı 031942 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 6 ünvanında 6 otaq, 114.6 kv.m yaşayış, 277.4 kv.m. olan ümumi sahəsi olan fərdi yaşayış evi X1 xüsusi mülkiyyət hüququ ilə 30/25 nömrəsi ilə xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 277.4 kv.m. olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyət hüququ ilə, fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ölçüsü 0.0175 hektar olan torpaq sahəsi istifadə hüququ ilə xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Müzəffərli (Paşayev) X6 rayonu, Xocasən qəsəbəsi, Sulu-Təpə y/m, R.Allahverdiyev küçəsi, döngə 9, ev 1 ünvanında yerləşən ümumi sahəsi 277.4 kv.m., yaşayış sahəsi 114.6 kv.m., yardımçı sahəsi 162.8 kv.m. olan 6 otaqlı fərdi yaşayış evinin tam mülkiyyətini X5 hədiyyə vermişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3-52/2-1757/2023 saylı məktubu ilə göndərilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamından çıxarışa əsasən ”Binəqədineft” İstehsalat Birliyinin xx.xx.1993-cü il tarixli, 08-8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədineft” İstehsalat Birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sərəncamın göstərilən yerə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. - “SOCAR”-ın xx.xx.2023-cü il tarixli, 14-2/2- 3390/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X26 haqqında” Sazişə əsasən “X27” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 659 saylı qərarında göstərilən Binəqədi NQÇİ-nin razılıq məktubu ilə əlaqədar sorğunuzda qaldırdığınız məsələ ilə bağlı isə bildiririk ki, iş üzrə SOCAR-a ünvanladığınız xx.xx.2023-cü il tarixli 2-1(112)- 4286/2023 nömrəli sorğunuza cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 14-2/2-2428/2023 nöməli məktubda qeyd olunduğu kimi, həmin məktub SOCAR-da aşkarlanmamış və NQÇİ-nin torpaq sahəsinin ayrı-ayrı fiziki və ya hüquqi şəxslərə ayrılmasına razılıq verməsi səlahiyyəti olmamışdır. Eyni zamanda bildiririk ki, Binəqədi Rayon İcra Hakimiyyətinin sözügedən qərarı SOCAR-ın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış müvafiq xəritələrində əks olunmamışdır”. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********62 nömrəli məktubu ilə göndərilmiş ortofoto görüntüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinin ətrafında **********35-10301, **********21-10301, **********21-10301, **********94- 10301 və **********75-10301 reyestr nömrəli daşınmaz əmlaklar qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş ünvan 7 ünvanının ortofoto görüntüsündə əks olunan ən yaxın məsafədə, sağ və sol qonşuluqdakı dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklar ilə bağlı müvafiq sənədlərin təsdiqlənmiş surətindən görünür ki: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 204.8 kv.m. olan 2 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsi ilə birgə **********21-10301 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixindən ********** qeydiyyat nömrəsi ilə X3 xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 274.8 kv.m. olan 23A saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektarlıq torpaq sahəsi ilə birgə **********94-10301 reyestr nömrəsi ilə xx.xx.2019-cu il tarixindən ********** qeydiyyat nömrəsi ilə X12 xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9 ünvanında yerləşən ümumi sahəsi 492.7 kv.m. olan 31B saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 hektarlıq torpaq sahəsi ilə birgə **********75-10301 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixindən ********** qeydiyyat nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubunda bildirilmişdir ki, “elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, tərəfinizdən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmiş, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Qeyd edək ki, tərəfinizdən sənədlər toplusuna əlavə edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli Sərəncamı xx.xx.2002-ci il tarixlidir. Belə ki, xx.xx.2001ci il tarixdən sonra torpaq sahəsinin addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır”. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən sahəsi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli sərəncamının xx.xx.2002-ci il tarixli olması, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi, həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərqin mövcud olması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilər olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 659 saylı qərarı ilə Sulu təpə qəsəbəsində “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən “Binəqədineft” NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə X11 fərdi ev tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, daha sonra həmin torpaq sahəsi X9 və X1 razılıq ərizələrinə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı əsasında İ.M.Paşayevin adına keçirilmişdir. Cavabdeh iddiaçının istinad etdiyi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 558 nömrəli sərəncamı xx.xx.2002-ci il tarixli olduğunu əsas gətirsə də, yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, torpaq sahəsinin ayrılması ilkin olaraq xx.xx.2001-ci il tarixdən əvvəl baş vermiş, yəni xx.xx.1998-ci il tarixli ilkin torpaqayırma sənədi əsasında xx.xx.2002-ci il tarixdə ayrılmış həmin sahə iddiaçının adına sənədləşdirilmişdir (keçirilmişdir). İddiaçı üçün hüquqmüəyyənedici sənəd Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı olmaqla həmin yerli icra hakimiyyəti orqanı eyni sərəncamla iddiaçının adına keçirilmiş olan torpaq sahəsində təqdim edilən layihə əsasında tikintisi başa çatdırdığı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması barədə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 509 saylı sərəncamı qəbul edilmişdir. Cavabdeh hazırkı iddiaya etirazında iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyi, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcud olduğuna əsaslansa da qeyd edilməlidir ki, cavabdeh özü Binəqədi rayon İcra Hakimiyyətinin torpaq sahəsinin iddiaçının adına keçirilməsi barədə xx.xx.2002ci il tarixli 558 nömrəli sərəncamını və ona əlavə olan yerləşmə cizgisini fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qismində qəbul etmişdir ki, məhz həmin sənədlər əsasında inşa edilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnu xx.xx.2004-cü il və xx.xx.2017-ci il tarixdə qeydiyyata almışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsi “X27” şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Çünki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlətdaxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi “X27” şirkətinin torpağı olsa da, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqəsi torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışlar verilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra tikililər, o cümlədən **********35- 10301, **********21-10301, **********21-10301, **********94-10301 və **********75-10301 reyestr nömrəli daşınmaz əmlaklarla bağlı təkcə fərdi yaşayış evləri deyil, həm də həmin evlərin yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Belə olan halda cavabdehin DNŞ-nə aid torpaq sahələrində yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Bu səbəbdən də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal imtina kimi qiymətləndirilə bilməz. Torpaq sahəsinin təqdim olunmuş cizgisindən məlum olur ki, sahənin bir tərəfi yola sərhəddir, digər tərəf qonşu torpaq sahələri ilə həmsərhəddir, eləcə də yaxınlıqdakı yol kəsişməsindən bağın döngə nöqtələrinin məsafəsi müəyyəndir. Torpaq sahəsinin cizgisində sahənin künc nöqtələrinin məlum yoldan hansı məsafədə yerləşməsi aydın göründüyü halda, onun yerinin müəyyən edilməsi üçün əlavə istinad və məsafələrin təqdim olunması zəruri deyil. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərqin mövcud olduğuna istinad etmişdir. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçının qonşuluğunda və ətrafında Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, Saziş hüdudları daxilində olan və neft quyusunun mühafizə zolağında olan digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrindən birinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi yerli icra hakimiyyəti orqanının sərəncamıdır. Digər şəxsin adına olan hüququn qeydiyyatı isə cavabdehin üst qurumu tərəfindən verilmiş hüquqmüəyyənedici sənəddir. Nə qədər ki, cavabdeh yerli icra hakimiyyəti orqanının digər bir sərəncamı əsasında, eləcə də üst qurumu tərəfindən mötəbərliyi hər hansı şübhə doğurmayan şəhadətnamə əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə (9 noyabr 1991-ci il tarixli) Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in xx.xx.2002-ci il tarixli 558 nömrəli sərəncamı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşmədiyindən və bu sahədə yerləşmə cizgisində mövcud olan uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır. Mövcud formalaşmış məhkəmə, o cümlədən yuxarı instansiya məhkəmə qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi də istinad və məsafələrlə, o cümlədən yerləşmə cizgisində olan uyğunsuzluqla bağlı imtinanın qanuniliyini istisna etməkdədir (2- 1(102)-1453/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)- 124/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)-683/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar, 2-1(102)-932/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar). Bundan başqa, iddia olunan torpaq sahəsinin Saziş hüdudları daxilində və ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşir. Lakin torpaq sahəsinin ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə ”Binəqədineft” istehsalat birliyinin 23.12.93-cü il tarixli, 08- 8/1542 nömrəli məktubu nəzərə alınaraq, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədineft” istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə torpaq sahəsi ayrılmış və hazırkı iddia predmeti olan torpaq sahəsinin ilkin ayrılması barədə Binəqədi RİH Başçısının 996 saylı xx.xx.1998-ci il tarixli sərəncamında da məhz Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı və “Binəqədineft” NQÇİ-nin 06/4-655 saylı xx.xx.1998-ci il tarixli razılıq məktublarına istinad edilmişdir. Dolayısı ilə iddia olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 659 nömrəli sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinə ayrılmış Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazsində “Binəqədineft” NQÇİ-nin işçiləri üçün nəzərdə tutulmuş ərazidən ayrıldığı və bu torpaqayırmanın ”Binəqədineft” istehsalat birliyinin xx.xx.1993-cü il tarixli razılığı əsasında baş verdiyi müəyyən olunur. Əksini sübut edən hal isə nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihətexniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi (hazırki halda ləğv olunmuş quyular) obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Mühafizə zonası və Saziş hüdudu olması ilə bağlı, əlavə olaraq o da qeyd edilməlidir ki, ortofoto görüntüsündən görünür ki, ərazi kütləvi formada yaşayış salınmış, faktiki yaşayış məntəqələri kateqoriyası kimi istifadə edilən ərazidir. Üçüncü şəxslər tərəfindən iddiaçının hüquqmüəyyənedici sənədi mübahisələndirilməmiş, ümumi ərazinin, eləcə də, iddiaçının ərazisindən yaşayış sahəsi və ya neft-qaz əməliyyatları ilə bağlı olmayan ərazi kimi istifadəsinə hər hansı maneə yaradılmamışdır. Odur ki, uzun illərdir istifadədə olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitision hüququ olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, “mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X27” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 nömrəli sərəncamına əsaslanır. Həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur”. 2-1(102)-1608/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2- 1(102)-263/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, da oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. “X7 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə, iddiaçının qonşuluğunda yerləşən digər torpaq sahələrinə mülkiyyət hüququ başqa şəxslərin adlarına Dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə iddiaçının qanuni istifadəsində olan topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həm cavabdehin, həm də üçüncü şəxsin apellyasiya şikayətlərində qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla oxşar məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində torpaq sahəsi üzərində kimin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğunun göstərilməməsi texniki səhv olaraq qiymətləndirilməli və bu hal qərarın nə dəyişdirilməsinə, nə də ləğvinə əsas olmadığına görə Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-594/2024 saylı qərarı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxslər “X27” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(112)-594/2024 saylı qərarı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-292/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-292/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver