Məhkəmə qərarları › İş №2-1(103)-2921/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2921/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2921/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2921/2023 (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi”) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili Vəkil Qafar qızının, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47 saylı məktubundan görünür ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin faktiki yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər torpaq sahəsinə uyğun gəldiyi, bundan əlavə, torpaq sahəsinin sənəd üzrə 2500 kv.m qeyd olunsa da faktiki olaraq 2406 kv.m təşkil etdiyi əsas gətirilməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələsinə istinad edilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. A3№1673582 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X1r. - Sabunçu rayonu Kürdəxanı qəsəbə İcra Hakimiyyəti tərəfindən verilmiş İVЖГ381549 №-li, xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mürşüd Bəşir oğlu xx.xx.1993-cü il tarixdə ölmüş, bu barədə xx.xx.1993-cü il tarixdə 7 № ilə ölüm akt qeydi aparılmışdır.

3. Bakı şəhər 17 saylı Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mürşüd Bəşir oğlundan qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 352 saylı sahədə yerləşən torpaq sahəsinə (miras əmlaka) dair İddiaçı adına çıxarışın verilməsi xahiş edilmişdir.

4. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 352 bağ sahəsinin yeri göstərilməklə sxematik xəritə ilə bağın koordinatlarının uyğunsuzluğunun nədən ibarət olduğu, göstərilən bağın koordinatlarının uyğun gəldiyi digər torpaq sahəsi və onun dövlət qeydiyyatına alınıb-alınmadığı barədə ətraflı məlumat verilməsi, həmçinin ərazinin sxematik xəritəsinin (ortofoto), iddiaçının istifadəsində olan bağ sahəsinə texniki baxış keçirilməsinə dair müayinə aktının təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda göstərilən bağ sahəsinin faktiki olaraq 2406,0 kv.metr təşkil etdiyi, bağ sahəsinin üzərində birmərtəbəli yaşayış evi və hovuz tikilisinin mövcud olduğu, sözügedən ərazinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, göstərilən ərazinin bir hissəsinin 353 saylı bağ sahəsi və bölünənlərin ərazisinə uyğun gəldiyi bildirilmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı bağ massivinin arxiv qovluğunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, eyni massivdə yerləşən 353 saylı bağ sahəsinə dair sənədlərin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir.

5. Arxiv qovluğuna əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının X5 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin icarəyə verilməsi haqqında” xx.xx.1981-ci il tarixli, 17677 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ləhiş bağ massivində yerləşən 352 saylı, ümumi sahəsi 0,25 ha olan bağ sahəsi Mürşüd Bəşir oğlunun icarəsinə verilmiş, bağ sahəsinin planı tərtib və təsdiq edilmişdir. İşin faktiki hallarından məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1981-ci il tarixli, 17677№li icarə müqaviləsi əsasında iddiaçının mərhum atasının adına Ləhiş qəsəbəsində 352 saylı, 0,25 ha bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan bağ sahəsinin koordinatlarla göstərilən sahəsinin sxematik xəritə və arxiv cizgisinə uyğunsuzluq təşkil etdiyini və onun digər bağın ərazisinə uyğun gəldiyini səbəb gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən xx.xx.1993-cü ildə vəfat etmiş mərhum X5ndan miras qalmış 2500 kv.m olan 352 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi xx.xx.1993-cü ildə vəfat etmiş mərhum X5ndan miras qalmışdır. Həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 05 iyun 1981-ci il tarixli, 17677 nömrəli müqaviləsi ilə əsasən iddiaçının atasına verilmişdir. Həmin vaxtdan da torpaq sahəsində ev tikərək orada yaşamaqla yanaşı meyvə ağacları əkərək qulluq etmişlər. Hazırda da orada yaşamaqda davam edirlər. İddiaçı Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət edərək qeyd edilən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, Notariat ofisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri ərazi idarəsinə müraciət edərək miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın olması ilə bağlı sorğu vermişdir. Həmin sorğuya cavabdeh təşkilat cavab vermişdir ki, “elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin faktiki yerləşdiyi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər torpaq sahəsinə uyğun gəlir, bundan əlavə torpaq sahəsi sənəd üzrə 2500 kv.m qeyd olunsa da, faktiki 2406 kv.m təşkil edir”. İddiaçı hesab edir ki, cavabdehin istifadəsində olan torpağın digər torpaq sahəsi ilə uyğun gəlməsi cavabı əsassızdır. Belə ki, qeyd olunan torpaq sahəsi 40 ildən artıq müddətdir ki, iddiaçının istifadəsindədir və torpaqla bağlı heç kim ilə mübahisə yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi xx.xx.1993-cü ildə vəfat etmiş mərhum X5ndan miras qalmış 2500 kv.m olan torpaq sahəsi üzərində onun, yəni İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Mürşüd Bəşir oğlundan miras qalmış əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər (353 saylı bağ sahəsi və ya bölünənləri) torpaq sahəsinin ərazisinə uyğun gəlir. Bundan əlavə, torpaq sahəsi sənəd üzrə 2500 kv.m qeyd olunsa da, faktiki 2406 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış bu barədə iddiaçıya **********47 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2406 kv.metrdən ibarət 352 saylı torpaq sahəsi üzərində hüquqların Mürşüd Bəşir oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

10. Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi üzərində Mürşüd Bəşir oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

11. Həmçinin, Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarında yanlışlıq düzəldilərək “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi” “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2406 kv.metrdən ibarət 352 saylı torpaq sahəsi” kimi oxunması qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

13. Cavabdeh mübahisəli 352 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən sahənin bir hissəsinin 353 saylı bağın və onun bölünənlərinin ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin vurğulanmalıdır ki, iddia olunan 352 saylı bağ sahəsinin 353 saylı bağ sahəsinin ərazisinə (onun bölünənlərinə) uyğunluğu müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa isə məhkəmə araşdırması zamanı da ümumiyyətlə 353 saylı bağ sahəsinə dair arxiv əsasları və ya həmin sahənin digər fiziki şəxsə ayrılması ilə bağlı məlumat aşkar olunmamışdır. Odur ki, qeyd olunan dəlillər iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz.

14. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddən fərqli olaraq 2406 kv.m təşkil etməsinə münasibətdə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 2406 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir.

15. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan halda, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi üzərində hüququn iddiaçının atası mərhum Mürşüd Bəşir oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 139- 1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci, 10.2-ci, 12.1-ci, 15-ci, 7.1-ci, 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü, 65-ci, 65-ci maddəsinin 5-ci bəndinə, «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu, 10-cu, 25-ci maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəzinə etirazla oxşar məzmunda əsaslandırılmışdır.

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin - 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. «Torpaq islahatı haqqında» AR Qanunun - 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. - 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. - Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. - Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; - Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. - Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

32. İşin faktiki hallarından məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1981-ci il tarixli, 17677№li icarə müqaviləsi əsasında iddiaçının mərhum atasının adına Ləhiş qəsəbəsində 352 saylı, 0,25 ha bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan bağ sahəsinin koordinatlarla göstərilən sahəsinin sxematik xəritə və arxiv cizgisinə uyğunsuzluq təşkil etdiyini və onun digər bağın ərazisinə uyğun gəldiyini səbəb gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir.

33. Kollegiya qeyd edir ki, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

34. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

35. Həmin Qanunun 15-ci maddəsində isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün hallar sadalanmışdır.Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilən hal Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır.

36. Daha sonra Kollegiya qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

37. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir.

38. Hazırkı iş üzrə iddiaçının 352 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir.

39. Cavabdehin imtina və apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə Kollegiya daha sonra aşağıdakıları bildirir.

40. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.89cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

41. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir.

42. Cavabdeh mübahisəli 352 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, göstərilən sahənin bir hissəsinin 353 saylı bağın və onun bölünənlərinin ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmçinin vurğulanmalıdır ki, iddia olunan 352 saylı bağ sahəsinin 353 saylı bağ sahəsinin ərazisinə (onun bölünənlərinə) uyğunluğu müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir.

43. Bundan başqa məhkəmə araşdırması zamanı da ümumiyyətlə 353 saylı bağ sahəsinə dair arxiv əsasları və ya həmin sahənin digər fiziki şəxsə ayrılması ilə bağlı məlumat aşkar olunmamışdır.

44. Odur ki, qeyd olunan dəlillər iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz.

45. Cavabdehin imtina və apellyasiya şikayətinin “torpaq sahəsinin faktiki ölçüsünün sənəddən fərqli olaraq 2406 kv.m təşkil etməsi” dəlilinə münasibətdə isə bildirilir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən göründüyü kimi, iddiaçı tələbinin həcmini azaldaraq 2406 kv.metr torpaq sahəsi üzərində hüquqlara iddia edir və Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarında yanlışlıq düzəldilərək “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 352 saylı torpaq sahəsi” “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2406 kv.metrdən ibarət 352 saylı torpaq sahəsi” kimi oxunması qərara alınmışdır.

46. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2219/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar