Məhkəmə qərarları › İş №2-1(103)-2924/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2924/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2924/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı “ödəniləcək məbləğin indeksasiya edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(112)-6796/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili işlər orqanlarından tərxis olunmağı ilə əlaqədar ödəniləcək məbləğin indeksasiya nəzərə alınmaqla hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, eyni məzmunlu ərizə ilə Biləsuvar rayon polis şöbəsinə 16 aprel 2009-cu il tarixdə müraciət etmiş, istifadə etmədiyi məzuniyyətlərə dair haqq-hesab cədvəli tərtib edilərək ödəniləcək məbləğ 83,60 manat göstərilmişdir. Həmin məbləğin ödənilməsinə dair kassa-mədaxil orderi də yazılmışdır. Daha sonra iddiaçı həmin məbləğin indeksasiya olunmamasına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdir. 29.11.2019-cu il tarixli məktubda qanunvericiliyin tələbinə zidd olaraq göstərilmişdir ki, 84 manat tərxis olunmağa dair ödəniş hesablanmış, həmçinin DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin mədaxil qaiməsinə əsasən xüsusi geyim formasına görə 263,27 manat məbləğində borcunun olduğu göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(112)-6796/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: H.Ağalarov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilərək icraata qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianı mümkünsüz ona görə hesab etmişdir ki, onun məzuniyyət əvəzi pul kompensasiyanın ödənilməsinə dair iddiası olmuşdur və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1545/2019 saylı, 27.06.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Onun həmin qərardan apelyasiya şikayətinin təmin edilməməsi də qərardadda qeyd olunmuşdur. Bildirmək istəyir ki, onun məzuniyyət əvəzi pul kompensasiyanın ödənilməsi və hesablanmış məbləğin indeksasiyası tamamilə fərqli iddia predmetləridir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsi-vəkilini dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı daxili işlər orqanlarından tərxis olunmağı ilə əlaqədar ödəniləcək məbləğin indeksasiya nəzərə alınmaqla hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.11.2019-cu il tarixli, 2-1(103)-2392/2019 nömrəli qərarına əsasən ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 10.000 (on min) manat tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə ərizə ünvanlayaraq, ona xidmət illərinə görə məzuniyyət pulu, müalicə pulu, son haqq-hesab pulu, çıxılmamış ezamiyyət pulu barədə müraciət etməklə əlavə hər il üçün aylıq vəzifə və rütbə maaşları 4 ildən çox xidmətə görə hər il üçün həmin maaşların 1/5 miqdarında ödənişlərin ödənilməsini xahiş etmiş, lakin cavabdeh orqan 09.08.2018-ci il tarixli 027- 3277OB-3218 saylı cavab məktubu ilə süründürməçiliyə yol verməklə, xidmət illərində təmin olunduğu geyim-formasına görə iddiaçının qaytarmamağını əsas tutaraq, pulların ödənilməsini bu və ya digər dolayısı yollarla çətinə salmışdır. Bundan sonra iddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək, onların qərarlarının və cavabdehin əsassız olmalarını göstərmişdir. Belə ki, polis əməkdaşlarının maddi və sosial təminatının yaxşılaşdırma haqqında 20 aprel 2000-ci il tarixli 73 saylı qərarın 8-ci bəndinə zidd hərəkətlərə yol verməklə cavabdeh aylıq vəzifə, rütbə maaşları və 4 ildən əlavə hər il üçün həmin maaşların 1/5 məbləğində ödənişi ödəməməklə Nazirlər Kabinetinin adıkeçən qərarına zidd hərəkətlər etmişdir. DİN-nin Maddi texniki təminat baş idarəsinə 33 saylı mədaxil qayiməsi ilə xüsusi geyim formasına görə 263.27 manat məbləğində borcun yarandığını və Nazirliyin isə ona 84 manat borcunun olması göstərilmişdir. Maddi texniki təminat baş idarəsinin mədaxil qətnaməsinə əsasən yaranan borc əvəzi 263 manat 27 qəpiyin əvəzi olaraq Biləsuvar RPŞ-yə geyim formasını iddiaçının yaxınları rəsmi qaydada artıq təhvil vermişdir. Beləliklə iddiaçı xidməti illərinə görə son hesablaşma haqq hesab pulu, müalicə olunma ilə əlaqədar ödənişlər, məzuniyyət əvəzi pul və ezamiyyət pulu, bundan başqa vəzifə və rütbə maaşları və 4 ildən əlavə hər il üçün həmin maaşların 1/5 miqdarında ödənişlərin cəmin 10.000 manatdan çox təşkil edir ki, məhkəmə həmin məbləğin alınıb iddiaçıya verilməsi barədə qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən, iddiaçı İPM-in 67-ci, 68-ci, 69-cu, 70-ci, 71-ci, 73-cü və 75-ci maddələrinə istinad edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 10.000 (on min) manat tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1545/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 10.000 (on min) manat cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə iddiaçı apelyasiya şikayəti verərək, 1-ci instansiya məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1545/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, indeksasiya olunması tələb olunan məzuniyyət əvəzi pul kompensasiyası 83,60 manat məbləğin ödənilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı məzuniyyət əvəzi pul kompensasiyası ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan və təmin edilmədiyindən, sözügedən tələbdən asılı olan, həmin məbləğin indeksasiya olunması tələbinə baxılması prosessual cəhətdən mümkün deyil. Başqa sözlə, məhkəmə qərarı ilə ödənilməli olmaması müəyyən edilmiş məbləğin indeksasiyası tələbinə baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddianın predmetini təşkil edən, indeksasiya olunması tələb olunan məzuniyyət əvəzi pul kompensasiyası 83,60 manat məbləğin ödənilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2019-cu il tarixli, 2-1(82)-1545/2019 nömrəli qərarı ilə həmin tələbə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin olunmamışdır. İddiaçının həmin qərardan verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.11.2019-cu il tarixli, 2-1(103)-2392/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçının tələbinə mahiyyəti üzrə baxılaraq artıq hüquqi qiymət verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində daxili işlər orqanlarından tərxis olunmağı ilə əlaqədar ödəniləcək məbləğin indeksasiya nəzərə alınmaqla hesablanmasını tələb etsə də, digər ödəniləcək məbləği müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı tələbi təmin edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2-1(112)-6796/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar