Məhkəmə qərarları › İş №2-1(103)-2924/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2924/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2924/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi və iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bu günədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı cavabdehə müraciət edərək, əmək pensiyasına çıxdıqdan sonra işlədiyi müddət ərzində topladığı sosial sığorta kapitalı nəzərə alınaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, lakin sonuncu tərəfindən onun müraciəti “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 29.2-ci maddələrinə istinadən hesablama apararaq kapitala görə pensiyaya artım hesablanraq həmin artım qədər də azaltmışdır. İddiaçı hesab edir ki, onun onun pensiyası artımla hesablanmalı azaldılmalı deyil. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Filial tərəfindən 21 dekabr 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya əmək pensiyası 1616,10 manat məbləğində (sığorta hissəi – 283,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 1332,41 manat) ödənilib. Ona əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 29878,38 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin və 29.2-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 511,77 manat müəyyən edilib. Eyni zamanda Qanunun 29.2-ci maddəsi nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1332,41) manat artım qədər (228,08) manat azaldılıb, nəticədə qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 1104,33 (1332,41 – 228,08) manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilsin, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bu günədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulsun.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin prosessual və maddi pozuntulara yol verməsi səbəbindən qərar ləğv edilməlidir. Belə ki, “iddiaçıya 21 dekabr 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilib. Filial tərəfindən sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə münasibətdə 1616,10 manat məbləğində əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi – 283,69 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi – 1332,41 manat. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29878,38 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 131 aya bölünərək (29878,38:131(63 il 6 ay-58 il 7 ay=59 ay+(144 ay-72 ay)=228,08 manat) əmək pensiyasının sığorta hissəsinin (283,69 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 511,77 (283,69 +228,08) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1332,41 manat) həmin artımlar qədər (228,08 manat) azaldılıb. Nəticə etibarilə xx.xx.2022-ci il tarixə əmək pensiyasının sığorta hissəsi 511,77 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1104,33 (1332,41- 228,08) manat müəyyən edilmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İş materialları üzrə iddiaçının pensiya işinə dair sənədlərinə surətlərinə və hazırkı mərhələdə təqdim olunmuş idddiaçının fərdi sığortaolunan hesabından çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçıya hərbi qulluqçu kimi 21 dekabr 2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduqdan sonra da 6 ildən də çox çalışmış və onun fərdi hesabının sığorta hissəsində 34638,08 manat pensiya kapitalı qeydə alınmışdır. Konkret halda işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı fərdi hesabında yığılmış həmin pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu tərəfindən onun əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilsə də, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 45-ci və 29.2-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq edilərək, iddiaçının pensiyası həmin kapitala müvafiq artırılıb, həmin miqdarda da azaldılmışdır. Başqa sözlə, onun pensiyasında heç bir artım baş verməmişdir. Cavabdehin hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 29.2 və 45-ci maddələrinin tətbiqində israrlı olaraq hesab edir ki, qərar əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılra görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına əsasən: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); ...;

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. ( maddəyə əlavə edilən bu əlavə 29 iyun 2022-ci il il tarixən qüvvəyə minmişdir).” Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsi baxımından, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd normalarının iddiaçıya münasibətdə tətbiq edilməklə onun pensiyasının fərdi hesabında yığılmış pensiya kapitalına görə yenidən hesablanmalıdır. Ən azından onu demək olar ki, pensiya qanunvericiliyi ilə pensiyaya çıxmış şəxslərə, onların sonrakı əmək fəaliyyətləri nəticəsində ödədikləri məcburi sosial sığorta haqlarını əmək pensiyasına əlavələr şəklində özlərinə qaytarmaq üçün hüquqi imkan yaradılmışdır. Konkret halda isə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, iddiaçının pensiyasını sığorta kapitalına müvafiq artırıb, həmin miqdarda da azaltmaqla, faktiki olaraq onun fərdi hesabında yığılmış sığorta kapitalını silərək sıfırlamış olur ki, bu da onun qanunla qorunan pensiya hüququnun pozulmasıdır. Belə olan halda, İPM-in 70.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 32, 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar