Məhkəmə qərarları › İş №2-1(103)-2925/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2925/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2925/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1974-cü il tarixində Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə və qeyrilərinə qarşı “hərracın qanunsuz sayılması və qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-9242/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı 09.08.2021-ci il tarixində cavabdehlər Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə, Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi Cavabdeh1nə, Cavabdeh2 Bank Olmayan Kredit X5 Cəmiyyətinə qarşı «mənzilə dair keçirilmiş hərracın qanunsuz sayılması və qərarın nəticələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Cavabdeh2 BOKT ASC cavabdehlər İddiaçı və X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində göstərilmişdir ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə əsasən ona illik 28% dərəcəsi olmaqla 60 ay müddətinə 17.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh2 BOKT ASC-yə təqdim etmiş və bu barədə 25 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçının xeyrinə 29 may 2018-ci il tarixə yaranmış əsas borc üzrə 14.156,2 ABŞ dolları, 840,13 ABŞ dolları faiz borcunun və ödənişlərin gecikdirilməsi ilə bağlı hesablanmış 2.635 ABŞ dolları dəbbə pulunun, cəmi 17.631,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh X2 məxsus (ipoteka ilə yüklü edilmiş) sözügedən mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehin 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə əmlakdan çıxarılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanılmış 25 fevral 2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə müqaviləyə əsasən ümumilikdə 15.050 ABŞ dolları məbləğində pul vəsaitinin (14.156.20 ABŞ dolları əsas borc, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları cərimə) tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, İddiaçı tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş və X1 mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 60.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan X2 qaytarılması, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdeh X1 əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-34 71/19 saylı iş üzrə 8 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 13 sentyabr 2018-ci il tarixli qətnamə ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6793/2019 saylı iş üzrə 8 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmiş və apellyasiya instansiyası məhkəməsinin 8 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-803/2020 saylı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilərək, faiz borcunun məbləği 787,42 ABŞ dolları, ümumi borcun məbləği isə 14.997,29 ABŞ dollar (məzənnə üzrə manatla) müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli həmin qətnaməsindən kassasiya şikayəti verilmişdir. Sadalanan məhkəmə aktlarını nəzərə almayan hazırkı cavabdehlər iddiaçının (İddiaçı) hüquqlarını pozaraq ona məxsus əmlakı məhkəmə prosesləri başa çatmamış, yəni məhkəmə qətnamələri və qərarları qanuni qüvvəsini almamış hərrac təşkil edərək Cavabdeh2 BOKT ASC nümayəndəsinə satmışlar. Həmin hərracların heç birindən iddiaçının xəbəri olmamışdır. Cavabdehlərin nümayəndələri iddiaçıdan ona məxsus mənzilin boşaldılmasını tələb etmişlər. Onlara bildirilmişdir ki, iş Ali Məhkəmənin icraatındadır və yazılı şəkildə cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. Daha sonra Cavabdeh2 BOKT ASC tərəfindən mənzilin 60.000 manata hərraca çıxarılmasına dair bildiriş göndərilmişdir. Həmin vaxt iş Ali Məhkəmənin icraatında idi və bu barədə cavabdehlər məlumatlı olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3471/19 saylı iş üzrə 8 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək 150.000 manat müəyyən edilməsinə baxmayaraq, hansısa səbəbdən cavabdehlər həmin mənzili 60.000 manat həddində satışa çıxararaq cavabdehin nümayəndəsinə satırlar. Kassasiya şikayəti Ali Məhkəmənin icraatına 15 mart 2021-ci il tarixdən daxil olmuşdur. İş Ali Məhkəmənin icraatında olan dövrdə hərracın necə keçirildiyi sual doğurur. Dəfələrlə cavabdehlərdən hərracın yekunu barədə sənədlər tələb olunsa da, hər hansı sənəd verilməmişdir. Sözügedən mənzilə dair cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilən hərracın nəticələri ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9242/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9242/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının Hərrac Mərkəzi "xxxx" MMC-yə və Cavabdeh2 BOKT ASC-yə qarşı yönəlməklə mənzilə dair keçirilmiş hərracın qanunsuz sayılması və qərarın ləğv edilməsindən ibarətdir. Göründüyü kimi hazırkı iddia tələbinin yönəldiyi cavabdehlərdən yalnız Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi inzibati orqan olsa da, iddia tələbinin mahiyyəti "xxxx" MMC tərəfindən həyata keçirilmiş hərracın nəticəsinin ləğv edilməsidir. Eyni zamanda iddia tələbi birbaşa olaraq, inzibati orqan olan Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə yönəlsə belə, mövcud qanunvericiliyə uyğun olaraq, həmin iddia tələbinə hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında deyil, icra sənədini vermiş məhkəmə tərəfindən şikayət kimi baxılır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi qərarın ləğvi göstərilsə də, həmin qərarın hansı cavabdeh tərəfindən qəbul edilməsi göstərilməmiş, iddia tələbi bu hissədə qeyri-müəyyən xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qaldırılmalı və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9242/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar