Məhkəmə qərarları › İş №2-1(103)-2925/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2925/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2925/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və buna dair vəsiqənin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-5018 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Laçın rayonu Kürdhacı kəndində anadan olmuş, ixtisasca həkim, Türkiyədə yaşayan vətəndaşdır. 1990-1999-cu illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən X11 Xəstəxanasında həkim-reanimotoloq kimi fəaliyyət göstərmişdir. Birinci Qarabağ müharibəsi zamanı könüllü surətdə döyüş əməliyyatlarının aparıldığı Ağdam, Qubadlı, Füzuli və digər bölgələrə ezam olunmuş, vətən uğrunda döyüşmüş igid oğul və qızlarımızın sağlamlıqlarına qovuşmasında əlindən gələn köməkliyi etmişdir. Eyni zamanda, Vətən müharibəsi zamanı könüllü surətdə Türkiyə Respublikasından vətənə qayıtmış, Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində, eləcə də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki Füzuli rayon Məkrəzi xəstəxanasında, Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra Cəbrayıl rayonu Daşkəsən qəsəbəsində qurulmuş səhra hospitalında, daha sonra isə Qubadlı rayonunda ixtisası üzrə fəaliyyət göstərmişdir. Vətən müharibəsi zamanı yaralılar yüksək tibbi xidmətin göstərilməsində fəal iştirakına görə X10, Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli 4/3-5018 nömrəli məktubda “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Onun Vətən müharibəsində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə xidmət göstərməyi, yaralı əsgərlərə tibbi yardım etməyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən verilmiş arayışlarda tam təsdiq olunur. Daha sonra məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Käbineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati iş materialına əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, N nömrəli, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli N nömrəli məktublarından görünür ki, sözügedən hərbi hissələrin nizami hissə üzrə əmrlər kitabında İddiaçı adı aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin tibbi hissə rəisi Zəfər İsmayılovun arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X5, könüllü olaraq N oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkimreanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır. - AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri Hüseyn Qaçayevin arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X5, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır. - AR Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X9 arayışına əsasən: Verilir: Ondan ötrü ki, həqiqətən Azərbaycan Respubliksı Silahlı Qüvələrinin apardığı X5, TƏBİB-in göndərişi ilə Türkiyə Respublikasından könüllü gəlmiş həkim-reanimatoloq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə qədər X6 Mərkəzində həkim-reanimatoloq vəzifəsində fəaliyət göstərmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərindən daxil olmuş yaralı hərbiçilərə aparılan ilkin tibbi yardımlarda, cərrahi əməliyatlarında fəal iştirak etmiş, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X6 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. - AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş arayış (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq, xəstə və yaralıla ilkin tibbi yardımın göstərməsi barədə) N nömrəli hərbi hissədə araşdırılmışdır. Vətəndaş İddiaçı döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olraq iştirak etməsi bardə heç bir idarə və ya müəssisədən rəsmi sənəd daxil olmadığına görə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparılmamışdır. - AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Vətən Müharibəsi zamanı 27 senyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Vətəndaş İddiaçı Qubadlı rayonu Xanlıq kəndində açılmış N nömrəli hərbi hissənin mobil səhra hospitalında yaralılara ixtisaslı tibbi yardım göstərmişdir. - Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatlarında iştirakınız Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissənin nizamı hissə üzrə əmrlərində öz əksini tapmadığına gorə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçun razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi düzgün olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı irəli sürülmüşdür. Belə ki, iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında rəsmi əmək (xidməti) münasibəti olmasa belə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələri iddiaçını təminata götürmüş, bu fakt iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçı mülki şəxs kimi döyüş bölgəsinə könüllü olaraq getmiş və hərbi hissələrin arayışlarında N oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında döyüş əməliyyatı gedişi zamanı könüllü həkim kimi fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı “Vətən müharibəsi” zamanı könüllü olaraq N oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlarda, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmişdir. TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlarda, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmişdir. İddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri olmasa da (iddiaçı hərbi qulluqçu olmadığına görə), iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına dair kifayət qədər sübutlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 214 №li Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 425 nömrəli, 230 №li Hərbi Hissənin xx.xx.2022-ci il tarixli 198 nömrəli arayışlarından, Füzuli rayon Mərkəzi Xəstəxanasında yaralı hərbiçilərə ilkin tibbi yardım və cərrahi əməliyatlarında fəal iştirak etməsi, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olması barədə Füzuli rayon Mərkəzi Xəstəxanasının arayışdan, həmçinin fəal iştirakına görə X10, Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunması ilə müəyyən edilir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının könüllü olaraq Türkiyyə Respublikasından vətənə qayıtması və döyüş bölgəsinə getməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar