Məhkəmə qərarları › İş №2-1(103)-2928/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2928/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2928/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadından 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 19.09.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və sözügedən məhkəmə qərarı icra edilmişdir. 27.08.2020-ci il tarixdə "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(81)- 3759/2018 nömrəli inzibati işin təzələnməsini, onun üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" MənzilTikinti Kooperativ tərəfindən inşa edilmişdir və həmin bina "xxxx" MTK-ya məxsusdur. Bununla bağlı müvafiq sənədlər mövcuddur: 12 oktyabr 2004cü il tarixli, 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamı, Bakı şəhərinin xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıca aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. Lakin 2020-ci ilin avqust ayında təsadüfən onlara məlum olmuşdur ki, qeyd etdiyi ünvanda yerləşən binanın bir sıra mənzillərinə çıxarış alınmış və həmin mənzillərə dair çıxarışlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-1(81)-3759/2018 saylı qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3, çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 8 saylı mənzilə dair çıxarışın verilməsi barədə iddia ərizəsi təmin edilmiş və bununla bağlı, İddiaçı adına qeyd etdiyi mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarış verilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, iddiaçı və "xxxx" MMC mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, 05 mart 2006-cı il tarixli "xxxx" MTK və "xxxx" MMC arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndində qeyd olunmuşdur ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanmalıdır. Qeyd edilən işə baxıldığı zaman "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqlarına toxunulmuşdur və həmin işdə "xxxx" üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalı idi. Məhkəmədə işə baxılması barədə "xxxx" Mənzil-Tikinti Kooperativi məlumatlı olmamış, müvafiq sənədləri təqdim etmək imkanı olmamış və bununla da hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3759/2018 saylı 19.09.2018-ci il tarixli qərarının ləğv edilərək, iş üzrə icraatın təzələnməsi, "xxxx" MMC-nin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan digər 3-cü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilərək, ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, "xxxx" MMC tərəfindən 3-cü şəxs qismində icraata cəlb edilməsi barədə ərizə qanunsuz olaraq təqdim edilmiş, məhkəmə ərizənin təqdim edilməsinə və ərizəçinin statusuna qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verməmişdir . Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2021 saylı 19 aprel 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilərək, "xxxx" MMC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1362/2021 saylı 21.09.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1140/2021 saylı 19 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları 15.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı, cavabdeh və digər 3-cü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsinin və digər 3-cü şəxs X4 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, MTK tərəfindən 2020-ci ilin avqust ayında mənzillərə çıxarış alınması ilə bağlı DƏDRX-ə müraciət edilmiş və həmin vaxt sözegedən mübahisəli mənzilə məhkəmə qərarı əsasında çıxarışın verildiyi bildirilmişdir. Rəsmi cavab məktubu isə MTK-ya 07.10.2020-ci ildə verilmişdir. MTK şifahi qaydada ona cavab verilən kimi dərhal 3-cü şəxs qismində işə cəlb edilməklə bağlı məhkəməyə ərizə vermişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq MTK-ni hazırki iş üzrə 3-cü şəxs qismində işə cəlb etmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.09.2006-cı il tarixli 3 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının İV mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 210 kv.m. olan 8 saylı mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib haqqını ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin pay dəyəri "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona 27.09.2006-cı il tarixli kassa mədaxil orderi verilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 19.09.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binasının İV mərtəbəsində yerləşən 8 saylı mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 19.09.2018-ci il tarixli qərarı cavabdeh tərəfindən icra edilmiş, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli mənzilə dair çıxarış verilmiş, daha sonra iddiaçı mübahisələndirilən mənzili X1. Hazırda "xxxx" MMC məhkəmə qərarının onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğuna istinad edərək iş üzrə üçüncü şəxs kimi işə cəlb olunmasını və bununla bağlı iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə sözügedən məhkəmə qərarının ərizəçi "xxxx" MTK-nın qanunla qorunan hüquq və maraqlarına toxunduğuna istinad edərək ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun işə cəlb olunması qənaətinə gəlmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1(102)- 1362/2021 saylı 21.09.2021-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin özgəninkiləşdirilməsinə əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 19.09.2018-ci il tarixli qərarından "xxxx" MTK-nın nə vaxtdan məlumatlı olması məsələsinə hərtərəfli qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə təkrar apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 MTK tərəfindən 2020-ci ilin avqust ayında mənzillərə çıxarış alınması ilə bağlı DƏDRX-ə müraciət edilərkən sözegedən mübahisəli mənzilə məhkəmə qərarı əsasında çıxarışın verildiyi əvvəlcə şifahi qaydada 2020-ci ilin avqust ayında bildirilmiş, rəsmi cavab məktubu isə MTK-ya 07.10.2020-ci ildə verilmişdir. MTK şifahi qaydada ona cavab verilən kimi dərhal 3-cü şəxs qismində işə cəlb edilməklə bağlı məhkəməyə ərizə vermişdir. İşdə olan "xxxx" MTK-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi 07.10.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, ünvan 4 ünvanında inşa edilmiş yeni yaşayış binasında yerləşən 12 mənzil və ümumi sahəsi 2116.3 kv.m olan qeyr-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, "xxxx" MTK 2-1(81)-3759/2018 saylı 19.09.2018ci il tarixli məhkəmə qərarı barədə məlumatlı olan kimi 3-cü şəxs qismində işə cəlb olunmaqla bağlı ərizə vermişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir. Hazırda üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunmasını tələb edən “Alyans Z” iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.09.2006-cı il tarixli 3 №-li çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarlılığını mübahisələndirərək və "xxxx" MTK ilə Podratçı”-"xxxx" MMC arasında bağlanmış 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinə istinad edərək qeyd edir ki, "xxxx" MMC tərəfindən mənzillərin satışının həyata keçirilməsi aralarında bağlanmış müqavilənin şərtlərinə zidd olmuşdur, bu səbəbdən həmin müqavilə əsasında çıxarışın verilməsi də qeyriqanuni olmaqla "xxxx" MTK (hazırkı "xxxx" MMC) mülkiyyət hüquqlarına toxunur. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, “Sifarişçi” - "xxxx" MTK və “Podratçı”-"xxxx" MMC arasında bağlanmış 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Sifarişçi”nin tapşırığı ilə “Podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının 237 №-li, 12.10.2004 cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyriyaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m. yaşayış binası və 2220 kv.m. ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə «Obyekt» adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan «Obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «Podratçı»ya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması üçün alıcılarla müqavilə "xxxx" MTK tərəfindən bağlanır. Bundan əlavə "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 17-ci məhəllədə inşa edilən binanın ona məxsus olmasına dair digər sənədlər də - 12 oktyabr 2004-cü il tarixli 237 №-li Bakı şəhər İcra Başçısının sərəncamı, Bakı şəhərinin xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi 23.05.2007-ci il tarixli Torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu, ayrıc aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu – təqdim etmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən təqdim olunan ilkin sənədlər Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 17-ci məhəllədə inşa edilən binanın üzərində onun mülkiyyət hüquqlarının olması barədə nəticəyə gəlməyə imkan verir. Belə olan halda isə, hazırkı iddia tələbinə baxılması və müvafiq qərarın qəbul edilməsi birbaşa onun hüquqlarına toxunan məsələdir. Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edildiyi kimi, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə həmin şəxs məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilə bilər. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3759/2018 nömrəli iş üzrə 19.09.2018-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxsin –hazırkı halda "xxxx" MMC-nin pozulmuş hüquqlarının mövcudluğu işdəki ilkin sənədlərlə təsdiqləndiyindən, onun üçüncü şəxs kimi inzibati məhkəmə icraaatına cəlb edilməsi yolveriləndir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq "xxxx" MMC-nin işə cəlb olunması və icraatın təzələnməsi qənaətinə gəlmişdir. Apellyasiya şikyətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Odur ki, 3-cü şəxs X4 apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3759/2018 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar