Məhkəmə qərarları › İş №2-1(103)-2929/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2929/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2929/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı X2 və vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Azərbaycan X8” QSC) qarşı “əlilliyin bərpa edilməsi” tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19.05.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 19.05.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, 19.05.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində «şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatışmamazlığı, QDÇ İİ d. ÜİX ərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağı ətrafların sağalmayan trofik yaraları» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, «Azərbaycan X8» QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən 44005003AAB6 göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin «Əlillik» alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün "xxxx" QSC tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. öründüyü kimi Xidmət tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqlarım məhdudlaşdırılmışdır. İşin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti X8 QSC Sosial inkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X8” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəsi ləğv edilmişdir. “Azərbaycan X8” QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X8” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X8” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 4405003AABPX saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-3044/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 19.05.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 2- 1(103)-1136/2021 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)3044/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1759/2021 saylı, 06.10.2021-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 21(103)-1136/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apelyasiya məhkəməsi cavabdehin və üçüncü şəxsin, iddiaçının hazırkı tələbi üzrə maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-etməmələrini araşdırmamış, iddiaçıya 19.05.2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamış, nəticə etibarı ilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul etmişdir.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, 23 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, əlillik vəziyyəti, X8 QSC Sosial İnkişaf İdarəsi MDX X12 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AAB6 saylı göndəriş “X8” QSC Sosial inkişaf idarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. - X10 ASC-nin Əhmədli tibbi sanitar hissəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 4405003AABPX saylı forma 088 saylı arayışdan görünür ki, İddiaçı insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə. əkərli diabet tip ikinci orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə əsas diaqnozu ilə, ümumi xəstəlik əsası ilə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 13.05.2017-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 19.05.2017-ci il tarixdə 4405003AABPX saylı forma 88 arayış əsasında 19.05.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik, diaqnoz – şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatmamazlığı, QDÇ İİ d. ÜİX gərginlik stabil stenokardiyası İİİ f.s tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi – İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağ ətrafların sağalmayan torfik yaraları göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı 13.02.2019-cu il tarixdən 06.03.2019-cu il tarixədək ÜİX gərginlik stabil stenokardiyası, infarktdan sonrakı kardioskleroz diaqnozu ilə Akademik C.Abdullayev adına X6 İnstitutunda stasionar müalicədə olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı 26.08.2019-cu il tarixdən 05.09.2019-cu il tarixədək ÜİX gərginlik stabil stenokardiyası, infarktdan sonrakı kardioskleroz diaqnozu ilə Akademik C.Abdullayev adına X6 İnstitutunda stasionar müalicədə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzi tərəfindən verilmiş 642 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin göndərişi əsasında 24.05.2018-ci il tarixdən 08.06.2018-ci il tarixədək şəkərli diabet tip İİ. Diabetik angiopatiya. Hipertoniya xəstəliyi İİ dər. QDC İİ dər. ÜİX diabetik polineyropatiya. Asteno nevrotik sindrom diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarından göründüyü kimi birinci isntansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 istinad etməklə belə hesab etmişdir ki, həmin dövr qüvvədə olan yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlilliyin altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt reimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə) Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya X10 ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndərişi əsasında 19.05.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik “Azərbaycan X8” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyindən, Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin edilməsindən yuxarıda göstərilən əsasla imtina edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqan “Azərbaycan X8” QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AABPX saylı göndərişin əsassız hesab edilməsinə istinad edərək, iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Lakin işin birinci instansiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq, “Azərbaycan X8” QSC tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli, MC02/02-118 saylı məktubda “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin etibarsız hesab edilməsi barədə sərəncam vermədiyi qeyd edilmişdir. Eyni zamanda üçüncü şəxs tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan 29.01.2019-cu il tarixli, MC02/02-45 saylı məktubda yazılmışdır ki, “təqdim etdiyiniz sıyahılarda adları göstərilən şəxslərə dair (iddiaçı da həmin siyahıdadır-qeyd Ali Məhkəmə) rəsmiləşdirilmişdir göndərişlərin əsaslığına şübhələr olduğu üçün sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfinizdən uyğun hesab olunmur”. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əlilliyinin ləğv edilməsinə əsas olan üçüncü şəxsin müvafiq məktubunda hər hansı bir maddi hüquq normasına istinad edilməmiş sadəcə olaraq, əlillik təyinatlarının ləğv edilməsinin uyğun hesab olunmasının yeganə səbəbi kimi “rəsmiləşdirilmiş göndərişlərin əsaslığına şübhələr olduğu üçün” qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, üçüncü şəxsdə bu məsələ ilə bağlı konkret və mötəbər faktlar olmamış, ancaq göndərişlərin əsaslılığına şübhələrin nədən ibarət olması və nə üçün yaranması isə ümumiyyətlə göstərilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuş, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar iş materiallarında mövcud olmamış, işin məhkəmə icraatları zamanı məhkəməyə təqdim edilməmişdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3044/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar