Məhkəmə qərarları › İş №2-1(103)-2929/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2929/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2929/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X2rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X2rşı “əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Orqanlarında xidmət etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X11 Alayının (bundan sonra – cavabdeh) 3-13-34/Ə(ş/h)357/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli əmrinə əsasən iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə (Səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) xidmətdən xaric edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 10 aprel 2023-cü il tarixli 135 №-li Rəyinə əsasən İddiaçı DİN-in 25 №-li xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İ qrafasının 13a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da gələcək xidmətə yararsız hesab edilir. Diaqnoz: Alimentar piylənmə İV dərəcə (Morbid piylənmə)-çəki 144 kq; 49 kq artıq. Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 16 avqust 2023-cü il tarixli 430 №-li Rəyinə əsasən İddiaçı DİN-in 25 №-li xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İ qrafasının 13a maddəsinə İ təyinat qrupu üzrə Xüsusi-həkim komissiyasında şəhadətləndirilərkən DİO-da gələcək xidmətə yararsız hesab edilir. Diaqnoz: Alimentar piylənmə İV dərəcə (Morbid piylənmə)-çəki 152 kq; 52 kq artıq. Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ.

5. İddiaçı bundan sonra adıçəkilən əmrlə razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş işdən azad olunma barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxmağa görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X11 Alayına işə daxil olmuşdur. Onu xx.xx.2023-cü il tarixdə eşitdiyinə görə işdən azad ediblər. Lakin bu günə kimi ona işdən çıxma barədə əmrin surətini verməmişlər. O, cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə “DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı (səhhətinə görə) bəndinə əsasən DİO-da xidmətdən xaric olunmuşdur. Onun yenidən xidmətə qəbulu imkan xaricindədir. O, imtina ilə razı deyildir. Ona bu barədə heç bir xəbərdarlıq olunmamışdır. Hətta onun işə vaxtı-vaxtında gedibgəlməyi barədə sənədləri də vardır. Ona ancaq məktublarla bildirmişlər ki, o, işdən çıxmışdır. Onu “Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə o, cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbihəkim komissiyasının rəyinə əsasən işdən azad ediblər, lakin belə bir rəy yoxdur. Həmçinin onun səhhətində hər hansı problem olmayıb ki, o işə getməsin. O, davamlı olaraq işdə olmuşdur. Hətta bununla bağlı sənədi də var.

8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, sabiq polis serjantı İddiaçı xx.xx.2023cü il tarixdə DİN-nin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında keçirilmiş müayinə zamanı bədən çəkisinin 144 kq (normadan 49 kq artıq) olması, eləcə də “Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ” xəstəlik müəyyən edilmişdir. (Diaqnoz: “Alimentar piylənmə İV dərəcə (morbil piylənmə) xx.xx.2023-cü il tarixdə yenidən keçirilmiş müayinə zamanı bədən çəkisinin 152 kq (normadan 52 kq artıq) olması müəyyən edilmişdir. Qeyd olunan diaqnoza əsasən Xüsusi Həkim Komissiyası tərəfindən İddiaçı DİO-da xidmətə yararsız olması barədə xx.xx.2023-cü il tarixli 430 nömrəli rəy verilmişdir (əsas: DİN-in 23.01,2023cü il tarixli “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirmə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsinə dair” 25 nömrəli əmrinin xəstəliklər cədvəlinin 13a maddəsi) DİN XİHK-nın xx.xx.2023-cü il tarixli 430 nömrəli rəyi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi əsasən (səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) M.X9 Nazirliyi X11 Alayının xx.xx.2023-cü il tarixli 3-13-34/Ə(ş/h)357/2023 saylı əmrinə əsasən xidmətdən xaric edilmişdir. Bundan sonra iddiaçı “əmrin ləğvi və işə bərpa” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edilir: İddia ərizəsindən göründüyü kimi iddiaçının əsas məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-13-34/Ə(ş/h)357/2023 saylı əmrin ləğv edilməsi, yəni iddiaçının polis orqanlarında işə bərpa olunmasıdır. İddiaçının mübahisələndirdiyi əmr ona xx.xx.2023-cü il tarixdə elan edilmişdir. İddiaçı xidmətdən xaric edilməsi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. Belə olduğu halda hazırkı iddia mümkün hesab edilə bilməz. İddia mahiyyəti üzrə də əsassızdır. Xüsusi Həkim Komissiyası tərəfindən İddiaçı DİO-da xidmətə yararsız olması barədə xx.xx.2023-cü il tarixli 430 nömrəli rəyindən aydın olur ki, iddiaçının bədən çəkisinin 152 kq, yəni normadan 52 kq artıq olması görünür. Eləcə də onun səhhətində “Şəkərli diabet İİ tip. Hipertenziya İİ mərhələ” xəstəlik müəyyən edilmişdir. (Diaqnoz: “Alimentar piylənmə İV dərəcə (morbil piylənmə) İddiaçı daxili işlər orqanlarında xidmətə yararlı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Əsasnamənin 1.11-cü maddəsinə əsasən vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür. Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir. İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. «a» bəndinə aşağıdakılar aiddir: İV dərəcəli alimentar piylənmə; düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm. sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar); şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz). Şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan birinin olması halları da aiddir; proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar. Polis əməkdaşları “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda daxili işlər orqanlarında xidmətdən xaric edilə bilərlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndində isə səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda Daxili işlər orqanlarının əməkdaşının xidmətdən xaric edilməsi göstərilmişdir.

12. Göründüyü kimi cavabdeh mübahisələndirilən əmrin verilməsi üçün faktiki və hüquqi əsaslara istinad etmişdir.

13. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

29. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

32. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən verilmiş işdən azad olunma barədə 3-13-34/Ə(ş/h)357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmağa görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

33. Azərbaycan Rüspublikasının Daxili İşlər Nazirliyi X11 Alayı tərəfindən verilmiş 3-13- 34/2-5939/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, iddiaçının anası Nümayəndə xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə “Polis orqanlarından işdən çıxarılma və işsizlik. 14 illik iş stajının məhv edilməsi. Pensiyaya çıxa bilməmək” barədə elektron müraciət ünvanlamışdır. Daha sonra müraciətdə qeyd olunan mobil telefonla əlaqə saxlanılan zaman iddiaçının anası Nümayəndə müraciətin etibarsız sayılmasını xahiş etdiyindən, müraciətin icrası dayandırılaraq Alayın katibliyində işə alınmışdır.

34. Həmçinin, iddiaçının anası Nümayəndə xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə oğlu İddiaçı işə bərpa olunması ilə bağlı ərizə ünvanlamışdır.

35. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X11 Alayı tərəfindən qəbul edilmiş 3-13- 34/Ə(ş/h)357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin mübahisələndirilməsindən ibarətdir.

37. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

38. Göründüyü kimi, iddiaçının mübahisələndirilən inzibati aktdan ən azı xx.xx.2023cü il tarixdə (elektron müraciətin tarixi) məlumatlı olması və 24 noyabr 2023-cü da iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X11 Alayı tərəfindən qəbul edilmiş 3-13-34/Ə(ş/h)357/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin mübahisələndirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilən müddəti ötürmüşdür.

39. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

40. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

41. Beləliklə iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur.

42. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar