Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2929/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddiа tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük noyabr Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyasının qanun çərçivəsində düzgün hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1219/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə yenidən müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ərizələrini kağız daşıyıcısında təqdim etdiyindən, məhkəmə qərardadları da kağız daşıyıcıda ona təqdim edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024cü il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilməklə, qanunla müəyyən edilən 10 günlük müddət ötürülmüşdür. Göründüyü kimi iddiaçı məhkəmə qərardadını qeyd edilən tarixdə alsa da, qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə iclasında İddiaçı iştirak etdiyi qeyd edilmiş, qəbul edilən qərardad barədə məlumatı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair “ərizə” ilə müraciət etməli, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırda iddiaçı apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə ərizədə qeyd edilən əsaslarla razı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə göstərilən səbəblər prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmuş, onun tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmamışdır. Əksinə iddiaçı birinci instansiya məhkəməsinin qərardadı barəsində məlumatlı olmasına baxmayaraq, müddətin ötürülməsi səbəblərini yalnız prosessual normalara istinad etməklə əsaslandırmağa çalışmışdır. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya qeyrimümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2929/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2929/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver