Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2930/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4132/2025 saylı, 15.04. 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı faktiki qeydiyyat və yaşayış ünvanının Bakı şəhəri, Suraxanı rayonuna dəyişməsilə əlaqədar şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınması öhdəliyinin Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək faktiki qeydiyyat və yaşayış ünvanını Bakı şəhəri Suraxanı rayonuna dəyişməsilə əlaqədar şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 520/2-A208-068/2024 saylı məktubu ilə onun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasından imtina edilmişdir. İddiaçı hesab edir imtina qanunsuz və əsassızdır. Belə ki, onun həyat yoldaşı X6 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində partlayışlarla törənmiş zədə səbəbi ilə şəhid olmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı şəhid ailəsi üzvü olmaqla, faktiki qeydiyyat və yaşayış ünvanını Bakı şəhəri Suraxanı rayonuna dəyişməsilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmaq hüququ vardır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin bildirilir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Cavabdeh iddiaçının yaşayış yeri üzrə Bakı şəhərində ardıcıl olaraq 5 il qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməəsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4132/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı bir nəfər ailə tərkibi (qızı) ilə şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 4132/2025 saylı, 15.04. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. - 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİ № 178223 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 ilə xx.xx.1998-ci il təvəllüdlü X2 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Ərə “Aslanov”, arvada “Aslanova” soyadı verilmişdir. - Tovuz regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 145591 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.20020-ci ildə hərbi əməliyyatlar nəticəsində partlayışlarla törənmiş zədə nəticəsində vəfat etmişdir. -xx.xx.2024-cü il tarixli, 003390 nömrəli Vəsiqəədən görünür ki, X2 şəhid ailəsi üzvüdür. -Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubu əsasında təqdim edilmiş Tovuz Rayon İcra Hakimiyyəti başçısının “Vətən müharibəsi əlilinin və şəhid ailələrinin mənzil növbəsinə götürülməsi barədə” 27 dekabr 2023-cü il tarixli, 199 saylı Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq İddiaçı şəhid ailəsi kimi 2 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. -Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab məktubuna əsasən təqdim edilmiş 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 139 saylı MKİS-in xx.xx.20224-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvü X3 ilə Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadırlar, lakin göstərilən ünvanda yerləşən mənzildə yaşamırlar. -146 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 15 nömrəli arayışdan görünür ki, X3 həqiqətən də Bakı şəhəri, 146 nömrəli tam orta məktəbin İİİ sinfində təhsil alır. -Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X3 Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadırlar. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, iddiaçının və və onun ailə üzvü (qızının) adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir.
52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əri X6 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində partlayış zamanı həlak olmuş və iddiaçı hazırda “şəhid ailəsi” statusuna malikdir (bu, işin mübahisə olunmayan hallarına aiddir). İddiaçı Tovuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ailə tərkibi ilə birlikdə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüşdür. Sonradan iddiaçı ailəsi ilə birlikdə (cəmi 2 nəfər) Bakı şəhərinə kpçmüş və hazırda Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Şahin Məhərrəmov küçəsi ev 129 ünvanda yerləşən 10 saylı mənzil qeydiyyatda olmaqla Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 36 V ünvanında faktiki yaşayır və övladı X3 da Bakı şəhəri, 146 nömrəli tam orta məktəbin İİİ sinfində təhsil alır. İddiaçı yaşayış və qeydiyyat yerini dəyişməsi ilə əlaqədar hazırkı tələbi ilə cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasını iddiaçının Bakı şəhərində son 5 ildə Bakı şəhərində qeydiyyatda olmaması və yaşamaması ilə əsaslandırmışdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Lakin cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsindən imtina əsaslarından hər hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı şəhid ailəsinin üzvüdür, Bakı şəhəri Suraxanı rayonu ərazisində faktiki yaşayır və qeydiyyatdadır, özünün və övladının mülkiyyətində mənzil, fərdi yaşayış evi aşkar edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Tovuz Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2023-cü il tarixli, 199 saylı Sərəncamına əsasən şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülsə də, lakin müvafiq yaşayış sahəsi ilə təmin edilməsinə dair sübut təqdim edilməmişdir. Odur ki, bu hal iddiaçının faktiki yaşayış sahəsi üzrə şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına mane olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4132/2025 saylı, 15.04. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.