Məhkəmə qərarları › İş №2-1(103)-2932/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2932/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2932/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin bölgü sixeminin tərtib edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2023 saylı xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 0.04347 ha torpaq sahəsində yerləşən 3a nömrəli 1 mərtəbəli binada yerləşən 54.26 kv metr olan, 27 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzilin bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 0.04347 ha torpaq sahəsində yerləşən 3a nömrəli 1 mərtəbəli binada yerləşən 54.26 kv metr olan, 27 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Mənzilə dair texniki pasport verilmişdir. İddiaçı həmin mənzilin bir hissəsini (yarısını) faktiki olaraq satmışdır. Hazırda mənzildə İslam Həsən-zadə yaşayır. Evin kommunal xidmətlərini müvafiq sənədlərə əsasən adıçəkilən şəxs ödəyir. İddiaçı evin bölgüsünün rəsmiləşdirilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 1 iyun 2022-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, arxiv cizgisinə əsasən sözügedən mənzilin kommunal şəraiti payçıların ümumi istifadəsində olduğundan və mənzilin arxiv texniki pasportuna əsasən bir girişçıxışı olduğundan, bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdlr. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Mənzil 2007-ci ildən fasiləsiz olaraq iddiaçının istifadəsindədir. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 154.1, 157.1, 157.8-ci maddələrinə, Azərbaycan Respubliklası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2.2.2, 14, 33, 25, 38, 45, 68-ci maddələrinə əsaslanaraq, iddiaçı hesab edir ki iddiası təmin olunmalıdır. Cavabdeh məhkəməyə ünvanlanmış iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, iddiaçının müvafiq müraciətinin məhkəməyə daxil olmadığını arxiv cizgisinə əsasən sözügedən mənzilin kommunal şəraiti payçıların ümumi istifadəsində olduğuna və mənzilin arxiv texniki pasportuna əsasən bir giriş-çıxışı olduğundan, bölgü sxeminin tərtib edilməsi mümkünsüz olduğuna görə ərizənin icrasının mümkünsüz olduğunu qeyd edərək İPM-in 35.1-ci maddəsinə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadıın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş, işə mahiyyəti üzrə baxmaq əvəzinə formal mülahizələrlə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməklə səhv nəticəyə gəlmişdir. Çünki, iddiaçı olaraq onun hüquqlarının pozulması açıq– aydındır. İddia ərizəsi kifayət qədər əsaslandırılmışdır və mahiyyəti üzrə baxıla bilər. Lakin məhkəmə tərəfindən bu hallara lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev şikayətin əsassız olduğunu, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsi cavabdehin səlahiyyətinə aid olan məsələ olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia - inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsi nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.3-cü maddəsinə əsasən isə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərinjdə hüququn əmələ glməsi üçün əsas sayılır. İş materialları üzrə iddiaçının iddia ərizəsinə, ona əlavə olunmuş sənədlərə, apellyasiya şikayətinə və cavabdehin iddia ərizəsinə etirazına və s. əsasən müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin tam mülkiyətçisidir. O, mülkiyyətində olan həmin mənzilin bir hissəsini faktiki olaraq satmışdır. Yəni, alqı-satqı rəsmişləşdirilməmiş, o cümlədən, cavabdeh qeydiyyat orqanına nə müvafiq müraciət olunmuş, nə bu barədə reyestrdə müvafiq qeydiyyat aparılmış, nə də ki ona alqı-satıqının iki tərəfi arasında mənzilin satılmış hissəsi ilə bağlı razılaşdırılmış bölgü sxemi təqdim olunmuşdur. Göründüyü kimi, mənzilin faktiki olaraq satılmış hissəsi ilə bağlı bölgü sxeminin tərtib olunması məsələsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanmasına əsaslar mövcüd olmamışdır. Belə olan halda, İPM-in qeyd edilən 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının öhdəliyin icrası haqqında iddia tələbi əsasaslandırılmış iddia kimi qiymətləndirilməsi mümkünsüzdür. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarə ilə birinci instansiya məhkəməsinin qəradadı ilə iddianın mümkün sayılmaması barədə gəlinmiş nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, işə mahiyyəti üzrə baxılmasının mümkün olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2084/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar