Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2932/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı Adıgözəl qızının iştirakı ilə, İddiaçı Adıgözəl qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna alınma və mənzil veriəlnədək kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5737/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Adıgözəl qızı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 azyaşlı oğlanlarını onunla birlikdə yaşamasını nəzərə alaraq, onu hərbi qulluqçu ailəsi olaraq mənzil uçotuna alınması və mənzil veriləcək günədək dövlət büdcəsi hesabına hər ay kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh N №-li hərbi hissədə qeydiyyatda olduğunu bilə-bilə, onları hərbçi ailəsi olaraq nəinki məzillə təmin etməmiş, mənzil uçotuna alınmaları üçün cavabdeh heç bir səy göstərməmişdir. Ərinin xidmət göstərdiyi DSX-nin N № li hərbi hissənin maliyyə sektorunun əməkdaşının son vaxtlar ona bildirdiyinə görə, sağ olduğu müddətdə xidmət yerində ona müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün aylıq əmək haqqına kompensasiya əlavə edilmişdir. Lakin xx.xx.2023cü il tarixdən başlayaraq əri işçi siyahısında olmadığı üçün konpensasiya verilməsi hərbi hissə tərəfindən dayandırılmışdır. Təəssüf ki, hərbi hissə bununla öz vəzifəsini bitmiş hesab etmiş, 20 il işləmiş hərbi qulluqçular şəxsi evlə təmin edildikləri halda, nəyə görə isə ərimin 21 ildən artıq müddətdə DSX-də qulluq göstərməsi nəzərə alınmayaraq, biz şəxsi evlə təmin edilməmişik. xx.xx.2023-cü il tarixdən bu günədək müddətdə mənzilin kirayə haqqı üçün kompensasiya verilməmişdir. Ümumi qəbul edilmiş qaydalara görə mənzil verilənədək bu kompensasya qeydiyyatda olduğu Cavabdeh tərəfindən ayrılmalıdır. Lakin İcra Hakimiyyəti tərəfindən xx.xx.2023cü ildən bu günədək ona kompensasiya ödənilmədiyi səbəbindən o və 2 azyaşlı uşaqları çox maddi çətinlik çəkməkdə davam edirik. Hərbi strukturun əməkdaşı olmuş, daha səmərəli işi ilə dəfələrlə medallar alması ilə fərqlənmiş, baş zabit kimi vəfat etmiş İlqar Xudaverdiyevin ailəsinə yaşamaq üçün mənzil ayırmaması, ona rəsmi vaxtında hər hansı məlumat verilmədən kirayə haqqı ödənişinin dayandırması, kompensasiyanın dayandırıldığı gündən sonrakı müddət üçün ödənişin davam etdirilməsindən ötrü Xəzər RİHB-na təqdimat verməməsi faktı, nəinki Respublika, hətta Beynəlxalq Qanunlarda qeyd edilən Uşaqlara üstünlük verən təməl hüquqlarını inadla müdafiə etməməsi nəticəsində, həm onun, həm də iki azyaşlı uşağının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki. hərbi qulluqçu olmuş mərhu X2 hərbi qulluqçu kimi mənzil uçotuna alınması ilə bağlı Cavabdehnə müraciət etməmiş və o, mənzil uçotuna götürülməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmın edirlər. Həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndində qeyd olunur ki, hərbi qulluqçuların, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Hazırki iddia predmeti üzrə Cavabdeh qismində cəlb edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5737/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Adıgözəl qızının hərbi qulluqçu ailəsi olaraq 2 azyaşlı oğlanları birlikdə mənzil uçotuna alınması və mənzil veriləcək günədək dövlət büdcəsi hesabına hər ay kirayə haqqının ödənilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 5737/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki; X2 ilə İddiaçı Adıgözəl qızı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci ildə Eynaz və Ömər, adlı əkiz uşaqları doğulmuşdur. X1 Sərhəd Xidmətinin N № li hərbi hissəsinin hərbi qulluqçusu olmuş, xx.xx.2013-cü il tarixli 0298 № li əmrlə “Azərbaycan Respublikası silahlı qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə, xx.xx.2014-cü il tarixli, 0300 № li əmr ilə “Azərbaycan Respublikası sərhəd mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə, xx.xx.2019-cü il tarixli 0238 № li əmr ilə, “Azərbaycan Respublikası silahlı qüvvələr 10 il qusursuz xidmətə görə medalı ilə təltif edilmiş, xx.xx.2022-ci il tarixli əmr ilə “3-cü dərəcəli kapitan” növbəti hərbi rütbəsi verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə hərbi xidmət dövründə vəfat etmişdir. N №-li hərbi hissəsinin Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortalanan hesab olunmasına dair 15 №-li xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2003-cü ildən fəaliyyətdə olmuş hərbi hissənin baş zabiti, sığortaolunan İlqar Xudaverdiyevcü ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Hadisə ilə bağlı olan qəsdən törədilmiş cinayətin əlamətlərinə dair məlumatlar yoxdur. Hadisənin sığortaolunanın özünə qəsd etməsi nəticəsində baş verməsinə dair məlumatlar yoxdur. İ.Xudaverdiyev ölən zaman həmin hərbi hissənin hərbi qulluqçusu olmuş, ehtiyata və ya istefaya buraxılmamış, hərbi xidmət yeri üzrə və ya Yerli İcra Hakimiyyəti üzrə mənzil uçotuna alınmamışdır. İddiaçı vəfat edən ərinin ailə üzvü kimi özü və iki uşağı ilə birlikdə mənzil uçotuna alınması və kirayə pulunun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mərhum həyat yoldaşı hərbi qulluqçu kimi mənzil uçotuna alınması və kirayə pulunun verilməsi ilə bağlı Cavabdehnə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Maddə 28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) kündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. «Hərbi xidmətkeçmə haqqmda» Əsasnamənin: Maddə 147. Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 JV2-li Fərmanında qərara alınmışdır ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının mərhum əri İ.Xudaverdiyev 2003-cü il tarixdən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olmuş, hərbi xidməti zamanı bir sıra medallarla, o cümlədən “qusursuz xidmətə görə” medalı ilə təltif edilmiş və hərbi xidməti dövründə, yəni xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı hazırda iki azyaşlı uşağı ilə birlikdə hərbi qulluqçunun ailə üzvü kimi mənzil uçotuna alınmaını və mənzil verilənədək kirayə xərcinin ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və 15 il xidmət etmiş hərbi qulluqçunun yerli icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmaq hüququ vardır Həmçinin Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Eyni zamanda, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinin xidmətinin davam etdiyi dövrdə vəfat etməsi nəzərə alınaraq onun xidmət etdiyi dövrdə xidmət etdiyi hərbi hissə üzrə və ya yerli icra hakimiyyəti orqanı üzrə mənzil növbəsinə alınmaması, onun ailə üzvlərinin bu hüqundan məhrum edilməsi ilə nəticələnməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, vəfat edənə kimi 20 ildən çox qüsursuz xidmət etməsi, eyni zamandan onun və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlakının olmaması, başqa sözlə iddiaçı və azyaşlı uşaqlarının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs olmaları nəzərə alınaraq hərbi qulluqçunun qazanılmış hüququ onun ailə üzvlərinə da şamil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hərbi qulluqçu hərbi xidmətdə olduğundan, onun sahibkarlıq fəaliyyəti məşğul olması, digər mənbələrdən gəlir əldə etməsi qanunla qadağan edildiyindən və faktiki olaraq mümkün olmadığından onun ailə üzvlərini mənzillə təmin etməsi mümkün deyildir və həmin kateqoriyadan olan şəxslərə dövlət dəstəyinin nəticəsi olaraq qanunvericilikdə həmin şəxslərin mənzil təminatının dövlət hesabına həyata keçirilməsi ilə bağlı normalar təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun malik olduğu mənzil uçotu hüququ, həmçinin hərbi xidmət dövründə həlak olmuş hərbi qulluqçunun ailə üzvlərinə də şamil edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzil verilənədək kirayə haqqının ödənilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir:
1. Bakı şəhərində – 150 manat. Göründüyü kimi, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Bakı şəhəti üzrə hər ay 150 manat məbləğində kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5737/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5737/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.