Məhkəmə qərarları › İş №2-1(103)-2933/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2933/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2933/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “üçüncü şəxsin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2- 1(112)-6505/2022 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “X2 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzildə iddiaçının bacısı X6 və onun ailə üzvləri qeydiyyatdadır. Onların mənzil təminatını müvəqqəti yaxşılaşdırmaq məqsədilə, iddiaçı həmin mənzili müvəqqəti olaraq onların istifadəsinə vermişdir, həmçinin müvafiq sənədləşmə işləri ilə əlaqədar müvəqqəti olaraq onların həmin mənzilə qeydiyyata alınmasını təmin etmişdir. Bacısı nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmiş, tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Uzun müddətdir ki, bacısının keçmiş əri olan X5 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, başqa ünvanda yaşayır. R.Eyyubovun həmin mənzilə istifadə hüququ mövcud deyil, hazırki vəziyyətdə isə onun həmin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan mənafeyi baxımından məqsədəmüvafiq deyil. Bunu nəzərə alaraq üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına dair ərizə ilə cavabdeh inzibati orqana müraciət olunmuş, lakin inzibati orqan müraciətə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6505/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X5 məhkəmə icraatına zəruri olaraq üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-6505/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Üçüncü şəxs X5 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-6505/2022 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh olaraq polis orqanının üzərinə vəzifə qoyarkən polis orqanının əsas olmuş sənədlərinin məhv olunmasına dair, DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 №-li qərarı üzrə arxivdə saxlandıqdan sonra yandırılaraq məhv edilməsi kimi cavabı ilə kifayətlənmişdir. Halbuki, nümayəndənin 20 illik praktikasına əsasən kifayət qədər işlər aparmışdır ki, hətta 1990-cı illərdə qeydiyyata alınmış şəxslərin fərdi uçot kartoçkaları mövcud olur ki, onların saxlama müddəti 75 ildir. Bundan başqa, 2015-ci ildə arxivə verilmə barədə qərar olsa da, yandırılaraq məhv edilməyə dair akt surəti sorğu cavabına əlavə edilməmişdir. Məhkəmə mülkiyyət hüququna dair çıxarışın qeydiyyat tarixinin xx.xx.2021-ci il tarixi olmasına, pasport qeydiyyatının isə 10 il əvvəl həyata keçirilməsinə əhəmiyyət verməmişdir. Bundan əlavə, iddiaçının xx.xx.2022-ci ildə də qeydiyyata alınmasına da diqqət yetirməmişdir. Halbuki, məhkəməyə boşanma barədə iddia verməmişdən əvvəl iddiaçı və onun bacısı mülkiyyət hüququna dair saxta hüquqi kombinasiya etməsi aşkardır. Belə ki, məhkəməyə boşanma barədə iddia ərizəsi verilməsi ərəfəsində 04 mart 2021-ci ildə artıq mülkiyyət hüququ ilə bağlı hüquqi zəmini hazırlayıb ki, məhkəmədə birgə nigah dövründə əldə edilmiş əmlakın bölgüsü məsələsi olmasın. xx.xx.2021-ci ildə də Nəsimi Rayon Məhkəməsinin boşanma barədə qətnamə qəbul etməsi də bu işlərin əvvəlcədən hazırlanmasına sübutdur. Çıxarış isə xx.xx.2021-ci ildə qeydiyyatdan sonra verilib. Bundan başqa, 15 ildən artıq mövcud olan mobil nömrəsi 070 *** ** ** nömrəsi ilə əlaqə saxlanılaraq məhkəməyə çağırılmağı təmin edilə bilərdi. Bu isə öz növbəsində məhkəmədə iştirakının təmin edilməməsinin ciddi prosessual pozuntusudur. Məhkəmə qeydiyyata əsas olmuş sübutları polis orqanından tələb edir, lakin pasport qeydiyyatından 10 il sonra aparılmış mülkiyyət hüququnun qeydiyyatı haqqında sübutları daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən tələb etmir. Bu hissədə maddi hüquq norması tətbiqinə istinad edilə bilər, lakin qeydiyyatın həqiqiliyi prezumpsiyası anlayışından istifadə oluna bilərdi, bu halda da müvafiq sübutlarla artıq mülkiyyətçinin yaranmış istifadə hüququ ilə bağlı hüquqları məhdudlaşdırılırdı. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə, o cümlədən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin, o cümlədən üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, X6 (xx.xx.1972-ci il təvəllüdlü), X5 (xx.xx.1975-ci il təvəllüdlü), X7 (xx.xx.2007-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********8 qeydiyyat nömrəli xx.xx.2021-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. - AZ-İ 411584 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X5 və X6 arasında olan nikaha 30 avqust 2021-ci il tarixində xitam verilmişdir. İddiaçının Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinə ünvanlanmış ərizəsinə əsasən, iddiaçı A.X1 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsi xx.xx.2022-ci il 082-13440 nömrəli məktubu ilə bildirmişdir ki, üçüncü şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər “Sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q36- 001-15 nömrəli qərarı üzrə arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Üçüncü şəxs iddiaçının bacısının keçmiş əridir. Mənzildə faktiki yaşamır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən mənzildə qeydiyyatda olan şəxs həmin mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasın qeyd edir ki, Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2-1(112)-6505/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar