Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2934/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1348/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2022-ci il tarixdə icra edilməsi cavabdeh inzibati orqana göndərilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8558/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 saylı iş üzrə qəbul edilmiş 01 dekabr 2021-ci il tarixli qərarına izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ödənilən pensiya sığorta hissəsindən və qulluq illərinə görə əlavədən ibarətdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8558/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən pensiyanın sığorta hissəsinin yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə öhdəlik olaraq qoyulub. Cavabdeh isə məhkəmə qərarını icra edərkən qulluq illərinə görə pensiyanın əlavəsini də yenidən hesablamışdır. Cavabdeh qurum Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını düzgün icra etməmişdir. Cavabdeh qurumun öhdəliyi pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını təmin etmək idi. Hərbi xidmətə görə aldığı qulluq illərinə görə pulunu azaltmaq deyildi. Nəticədə pensiyanın ümumi məbləği artmamışdır və məhkəmə qərarının icrası onun üçün faydalı nəticə yaratmamışdır. Əksinə hərbi xidmətə görə qazandığı pulu azaldılıb. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun 26.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.2-ci bəndinə əsasən pensiyanın əlavəsi yalnız işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqı artırıldıqda və pensiyanın sığorta hissəsi indeksləşdirildikdə yenidən hesablana bilərdi. Cavabdeh qurum məhkəmə qərarının icrasını düzgün aparmamışdır. Çünki onun məhkəmə qərarının icrası nəticəsində hərbi xidmətə görə aldığı qulluq illərinə görə pensiyasının əlavəsini yenidən hesablayaraq azaldıblar. Halbuki məhkəmə qərarı yalnız pensiyasının sığorta hissəsinin yenidən hesablanması barədədir. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(112)-8558/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra 6 ildən çox işlədiyindən fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə pensiya kapitalı əsasında əmək pensiyasının hesablanması nəticəsində dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəyi, bu halda hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün müraciət etməli olduğu izah olunmuşdur. Daha sonra iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərar ilə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən müraciət edərək, sığorta kapitalı əsasında aparılan yenidən hesablanmanın ləğv edilərək, fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktub ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət edilən tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yeni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablandığı, ləğv edilməsinin isə qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı 15 may 2001-ci il tarixdən Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 650,23 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib. -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-406,93 manat. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2238,36 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (22338,36:72=310,26 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 553,56 (243,30+310,26) manat, qulluq stajına görə əlavənin məbləği (406,93 manat) həmin artım qədər (310,26 manat) azaldılıb. Bununla da, iddiaçının əmək pensiyasının sığorta hissəsi 553,56 manat, qulluq stajına görə əlavəsinin məbləği isə 96,68 manat təşkil edir, pensiya məbləğinin 10 faizi-65,02 manat maddi yardım ödənilir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin olunmaması və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçı ona pensiya təyin olunduğu gündən sonra işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququna malikdir. Pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır. Bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçının pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsinə zərurət yaranmışdır. Birinci instansiya məzhkəməsi iddiaçının qərara izah verilməsi ilə bağlı ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, qərara izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8558/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarına “İddiaçı pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” kimi izah verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Qərara izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8558/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərarına “İddiaçı pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılmamaqla, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” kimi izah verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2934/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2934/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver