Məhkəmə qərarları › İş №2-1(103)-2936/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2936/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2936/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “tutlmuş pulun geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məcburetmə haqqında iddia (İPM m.33.1) ərizəsi, daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək son nəticədə “pensiya məbləğinin təyini zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci və 46-cı maddələrini nəzərə almaqla, pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...10 yanvar 2023-cü ildə güzəştli şərtlərə pensiyaya çıxmalı olduğu halda, 2014-cü ildə 10 yanvar 2013-cü il tarixdən ona əmək pensiyası təyin edilmiş dir. Pensiyaya çıxjından sonra da müxtəlif işlərdə işləyərək pensiya kapitalı toplamış, 6 il işlədikdən sonra, bu müddət ərzində qazandığı pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və 25 iyul 2020-ci ildə onun müraciətinə əsasən DSMF tərəfindən müəyyən edilmişdir ki, 2013-cü ildə ona az pensiya hesablanmış, bu hal nəzərə alınaraq 1 oktyabr 2020-ci il tarixdən 31 dekabr 2022-ci qədər az hesablanmış həmin pensiyası ona ödənilmişdir. Lakin, 12 aprel 2023-cü il tarixdə onun telefonuna DSMF-dən gəlmiş SMS-də iddiaçıya 1964.31 manat artıq məbləğ ödənildiyi, pensiyanın aylıq məbləğinin azaldılaraq 385.96 manat olmaqla, hər ay bu məbləğdən 38.60 manat məbləğində pul tutulacağı bildirilmişdir. Dəfələrlə cavabdedhə müraciət etməsinə baxmayaraq, DSMF-dən düzgün izah ala bilməmiş, hər dəfə onun müraciətinə şablon cavablar yazılmış, həmin cavablarda pensiya kapitalı müxtəlif və fərqli məbləğlərdə göstərilmişdir. Belə ki, cavabdehin iş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, ona pensiya təyin edilərkən xx.xx.2006 -xx.xx.2013-cü il tarixləri arasındakı fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital 2338,56 manat hesablanmışdır. Lakin cavabdehin təqdim etdiyi hesabdan çıxarışdan bəlli olur ki, həmin illər üzrə pensiya kapitalı ikı qat artıq olmuşdur. Hesab edir ki, pensiyası yığılmış kapitala uyğun hesablansaydı daha düzgün və ədalətli olardı...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı.Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 il 8 ay təşkil edirdi. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 30,30 manat (25.67 il x 170 manat 144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 54,14 manat müəyyən edilmiş, üzərinə xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı iddiaçının işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2338,56 manat sığorta kapitalına uyğun 16,24 manat (2338,56 :144) və baza hissəsi (85,00 manat) əlavə edilərək 155,38 manat (54,14+16 24+85,00 indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 248,08 manat)) ödənilməli olduğu halda, iddiaçıya 148,73 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 237,73 manat)) əmək pensiyası ödənilib. Bundan başqa, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq xx.xx.2013-cü il tarixinə 187,82 manat (01.06 2020-ci il tarixinə 298,06 manat) müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyasının üzərinə keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 4296,25 manat pul vəsaiti hesablanmışdır. Həmin 4296,25 manat pul vəsaiti xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Araşdırma zamanı iddiaçının xx.xx.2020-ci il tarixində işdən azad olmağıyla əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 3283,77 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 3283,77 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 (64 il 6 ay-64 il 4 ay =2 ay +(144 ay-35 ay) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı) aya bölünməklə (3283,77/111=29,58 manat) qanuni əmək pensiyasının (248,08 manat) üzərinə əlavə edilərək (248,08+29,58=277,66 manat (indeksləşdirilərək və Qanunun 26.4cü maddəsinin tələbi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 385,96 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 3156,92 manat sığorta kapitalı 111 aya bölünərək (3156,92/111=28,44 manat) düzgün olmayan əmək pensiyasının (298,06 manat) üzərinə əlavə edilməklə (298,06+28,44=326,50 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 450,48 manat)) iddiaçıya ödənilmişdir. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 1964,31 manat artıq pul vəsaiti ödənilib.İddiaçı iddia əizəsində qeyd etdiyi kimi, artıqvermənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia cavabdehin qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə tutulmuş pulun qaytarılması tələbi hissəsində iddia təmin edilmiş və İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsinə əsasən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «... Birinci instansiya məhkəməsinin qərarı qanuna zidd və əsassızdır. Belə ki, inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir.. Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Buna görə də həmin artıq ödənilmiş 1964,31 manat pul vəsaitinin cari ilin may ayından etibarən hissə-hissə hər ay (38,60 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Həmçinin, həmib Qanunun 29.1-1 -ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Birinci instansiya məhkəməsinin sözügedən qərarında qeyd etdiyi ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1 -ci maddəsi” sözügedən qanunun hal-hazırkı redaksiyasında mövcud deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı və onun vəkili isə onunla razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi istisna edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsi isə nəzərədə tutur ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçının ərizəsinə əsasən ona DSMF-nin Xətai rayon şöbəsinin 68 nömrəli xx.xx.2014-cü il taixli qərarı il 10 yanvar 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin mübahisələndirilən hallarından görünür ki, 12 aprel 2023-cü il tarixdə sözügedən pensiya təyinedicisinin prosessual hüquq varisi olan, hazırkı cavabdeh iddiaçının telefonuna “SMS” xəbərdarlıq göndərərək, 1964.31 manat məbləğində ona artıq pensiya məbləği ödənildiyi və pensiyanın aylıq məbləği azaldılaraq 385.96 manat olmaqla, hər ay bu məbləğdən 38.60 manat məbləğində pul tutulacağı bildirilmişdir. Cavabdehin iddia ərizəsinə etirazına, apellyasiya şikayətinə və iddiaçının iş materiallarına əlavə olunmuş pensiya işindən çıxarışlara əsasən müəyyən olunur ki, sözügedən məbləğin iddiaçının pensiyasından cari ilin may ayından etibarən hissə-hissə hər ay (38,60 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Halbuki, cavabdeh inzibati orqanın həmin hərəkətlərinə pensiya qanunvericiliyinin nəzərdə tutduğu imperativ normaları baxımından qiymət verildikdə müəyyən olunur ki, tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş pensiya məbləğinin son üç ilə görə tutulması iki əsasla həyata keçirilməsi mümkündür: 1) pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2)əgər belə razılıq yoxdursa, yalnız məhkəmə qərarı əsasında. Cavabdeh orqan isə Qanunun qeyd olunan imperativ tələblərinə riayət edilməsini özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirməklə, iddiaçının pensiyasından tutulmasına üstünlük vermişdir. Belə ki, iş materiallarına əsasən iddiaçının müvafiq razılığının m.vcudluğuna dair sənədsübut mövcud deyil. Ona göndərilən SMS xəbərdarlıq isə razılıq sənədi xüsusiyyətlərini özündə kəs etdirə bilməz. Ən azından, tutulmadan narazı qalan iddiaçının cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq ondan tutulmuş pulların geri qaytarılmasını tələb etməsi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan razılığının mövcud olmadığını sübuta yetirir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçının aldığı pensiya məbləğinə gəldikdə, həmin məbləğ dövlət tərəfindən müyyən edilən minimum pensiya məbləğindən çox artıq deyil və mövcud şəraitdə istehlak qiyməti indekslərinə münasibətdə, ona ödənilən pensiya məbləğinin onun aylıq tələbatı çərçivəsində xərcləmiş olduğu heç kimsədə şübhə doğurması ağlabatan görünmür. Ən azından, qeyd olunan Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlili və sübutu məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir…” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Beləliklə də, cavabdeh tərəfindən iddiaçıdan artıq ödənilmiş pul kimi müəyyən etdiyi 1964,31 manat pul vəsaitinin iddiaçıdan tutulmasına başlanılması onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə idddianın təmin olunaraq əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsinə əsasən yenidən hesablanmas vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi, “Əmək pensiyaları haqqında” Qanununda belə bir 29.1.1-ci maddəsinin mövcud olmadığını, 29.1-1-ci maddədən ibarət olması ilə bağlı dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Qanunun sözügedən “29.1.1” maddəsində 29.1” rəqəmlərindən sonra “ tire (defis) işarəsi deyil “nöqtə” işarəsinin qoyulması, buraxılan təxniki səhv kimi qiymətləndirilməlidir. Qanunun həmin 29.1-1 maddəsi isə onu nəzərdə tutur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, onda istinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsi, 29.1-1”-ci maddəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1670/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, onda istinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun “29.1.1”-ci maddəsi, 29.1-1”-ci maddəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar