Məhkəmə qərarları › İş №2-1(103)-2937/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2937/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2937/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın və qərarın təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-5557/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021ci il tarixli qərarına əsasən müəssisədə keçirilmiş yoxlamanın nəticəsi üzrə aktın iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsi” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 16 mart 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın və həmin akta əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilibedilməməsi ilə bağlı qərarın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 25 may 2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli Qərar ilə İddiaçı MMC-də malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə cəmiyyətə məxsus olan ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə sənədləşdirilməyən mal qalığının mövcudluğunun araşdırılması və müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Lakin operativ vergi nəzarəti tədbiri ilə qeyd olunan obyektdə malların həcminin və çeşidinin çox olması eyni zamanda əldə edilmiş və təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən malların adlarında ölçü vahidlərinin göstərilməməsi səbəbindən həmin malların üzləşdirilməsini və yoxlamanın nəticəsinin rəsmiləşdirilməsini qərarda göstərilən müddətdə başa çatdırmaq mümkün olmamışdır. Vergi Məcəlləsində “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” Qərarların müddətinin artırılması və ya dayandırılması (təxirə salınması) müəyyən edilmədiyi, eyni zamanda İddiaçı MMCdə operativ vergi nəzarətinin keçirilməsi üçün müəyyən edilən müddət başa çatması səbəbindən əlavə vaxt tələb olunduğu üçün qərarda göstərilən müddətdə vergi ödəyicisinə yeni “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın açılmasına zərurət yaranmışdır. Bu məqsədlə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli xidməti məktub əsasında xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar açılmışdır. Operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda qeyd edilən müddətdə yekunlaşdırılmadığı üçün nəticəsi aktla rəsmiləşdirilməmiş və Vergi Məcəlləsinin 49.1-ci maddəsində müəyyən edilən qərarlardan hər hansı biri çıxarılmamışdır Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-5557/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, yoxlama keçirilən zaman verilən müddət bitdiyinə görə və aydınlaşmamış məsələlər qaldığına görə ilkin yoxlamanın müddəti uzadılmamış və yekunlaşmamışdır. Buna görə də ilkin yoxlamanın aktı yoxdur, ilkin yoxlamadan bir gün sonra yenidən eyni əsaslarla yoxlama keçirilmiş, həmin yoxlamanın qərarı və aktı təqdim edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirərək iddia vermiş və iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın birinci hissəsində göstərilənlərlə bağlı tərtib edilən aktın və həmin akta əsasən vergi ödəyicisinin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı qərarın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavab olaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli **********4197 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə cəmiyyətə məxsus olan ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə sənədləşdirilməyən mal qalığının mövcudluğunun araşdırılması və müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Lakin operativ vergi nəzarəti tədbiri ilə qeyd olunan obyektdə malların həcminin və çeşidinin çox olması eyni zamanda əldə edilmiş və təqdim edilmiş elektron qaimə fakturalarda göstərilən malların adlarında ölçü vahidlərinin göstərilməməsi səbəbindən həmin malların üzləşdirilməsini və yoxlamanın nəticəsinin rəsmiləşdirilməsini qərarda göstərilən müddətdə başa çatdırmaq mümkün olmamışdır. Vergi Məcəlləsində “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqında” Qərarların müddətinin artırılması və ya dayandırılması (təxirə salınması) müəyyən edilmədiyi, eyni zamanda İddiaçı MMCdə operativ vergi nəzarətinin keçirilməsi üçün müəyyən edilən müddət başa çatması səbəbindən əlavə vaxt tələb olunduğu üçün qərarda göstərilən müddətdə vergi ödəyicisinə yeni “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın açılmasına zərurət yaranmışdır. Bu məqsədlə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********444900 nömrəli xidməti məktub əsasında xx.xx.2021-ci il tarixli **********9744 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar açılmışdır. Operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixli, **********4197 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda qeyd edilən müddətdə yekunlaşdırılmadığı üçün nəticəsi aktla rəsmiləşdirilməmiş və Vergi Məcəlləsinin 49.1-ci maddəsində müəyyən edilən qərarlardan hər hansı biri çıxarılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən edilir ki, iddianı predmetini təşkil edən akt və qərar mövcud deyildir. Belə olan halda hazırkı iddiaya mahiyyəti üzrə qiymət verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddia tələbi üzrə hansı hüquqlarının pozulduğu müəyyən edilməməkdədir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(112)-5557/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar