Məhkəmə qərarları › İş №2-1(103)-2937/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2937/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2937/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına X8 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X4) “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.İddiaçı Heydər Əliyev adına X11 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RİH-nin X1 Belinski hazırki (Y.Əliyev küçəsi) küçəsində 1 №li TTİ-nin yaxınlığında fərdi evin tikilməsi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasına dair xx.xx.1999cu il tarixli 15 saylı və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 24.3 kv.m., köməkçi sahəsi 22.4 kv. m-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsinə dair xx.xx.2006-cı il tarixli 368 saylı - sərəncamlarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Xətai RİH-nin xx.xx.1999-cu il tarixli 15 saylı sərəncamı ilə X1 Belinski hazırki (Y.Əliyev küçəsi) küçəsində 1 №li TTİ-nin yaxınlığında fərdi evin tikilməsi üçün 0.06 ha torpaq sahəsi ayrılmış, eyni zamanda, xx.xx.2006-cı il tarixli 368 saylı sərəncamı ilə ona məxsus həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 24.3 kv.m., köməkçi sahəsi 22.4 kv.m-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Müəyyən edilmişdir ki, M.M.Əliyevə ayrılmış torpaq sahəsinin 166 m. hissəsi “Azəriqaz” İB-nin istismarında olan “Qazanlar QPS-30-cu sahə QPS” 352 mm diametrlik yüksək təzyiqli qaz kəmərinin 38 metrlik məsafəsində və Heydər Əliyev adına X8 istismarında olan neft kəmərlərinin 46-46.5 metrlik məsafəsində mühafizə zonasında yerləşir. Həmin ərazi neft kəmərlərinin mühafizə zonasına düşür, insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Odur ki, torpaq sahəsinin əksər hissəsi neft kəmərlərinin mühafizə zonasına düşdüyündən Xətai RİH tərəfindən verilmiş sərəncamlar əsassızdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 15 saylı və xx.xx.2006-cı il tarixli 368 saylı sərəncamlarına görə X11 neft kəmərlərinin mühafizəsini həyata keçirə bilmir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmək istənilən qanunsuz tikili, eyni zamanda fiziki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. 'Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmənin müddətlə bağlı olan yanaşması əsassızdır. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. İddiaçı Heydər Əliyev Adma X8 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, X7) "cavabdehin hərəkətlərinin və məktubunun qanunsuz və əsassız hesab edilməsi, hərəkətlərin nəticələrinin aradan qaldırılması" tələbi ilə məhkəməyə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.İş zamanı müəyyən edilmişdir ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 15 saylı və xx.xx.2006-cı il tarixli 368 saylı sərəncamları vardır. xx.xx.2024-cü il tarixdə iddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.1999-cu il tarixli 15 saylı və xx.xx.2006-cı il tarixli 368 saylı sərəncamlarının etibarsız hesab edilməsinə dair müraciət etmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli 15 saylı və xx.xx.2006-cı il tarixli 368 saylı sərəncamları qəbul etdikdən sonra iddiaçıya hazıradək də heç bir məlumat verməmişdir. Bu səbəbdən də iddiaçı sərəncamları mübahisələndirə bilməmişdir. Məhkəmə (hakim) mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etməyə, əlavə məlumat və sübutlar tələb etməyə borclu olduğu halda, heç bir araşdırma aparmadan əsassız olaraq iddianı mümkün saymamışdır. Hazırki iddia tələbi üzrə mövcud təcrübənin dəyişdirilməsinə zərurət yaranmış, məhkəmələrin hazırki iddia tələblərinə yanaşmaları dügün deyildir. Belə ki, həmin torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasında yerləşir, üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və Heydər Əliyev adma X9 neft kəmərlərinin mühafizəsini həyata keçirməyə ciddi maneələr yaradır...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə istinadən, cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üçüncü şəxs X3 “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə, xx.xx.1997-ci il tarixli, 1015 nömrəli sərəncamının etibarsızlığının tanınması tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri ödənilmir. Birincisi ona görə ki, 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi nəzərdə tuturdu ki, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə 1 il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsi isə nəzərdə tuturdu ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Mübahisələndirilən sərəncamların qəbul olunduğu vaxt qüvvədə olmuş mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddia müddəti artıq ötmüşdür ki, belə olan halda da qanun imperativ qaydada nəzərədə ttur ki, iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, 28 dekabr 1999-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsi ilə də nəzərədə tutulurdu ki, 243-5-ci maddəsi də nəzərdə tuturdu ki, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Eyni zamanda, 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər və həmin Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilən 10 illik müddət də artıq buraxılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Göründüyü kimi, iddiaçı həm qüvvədən düşmüş, həm də də qüvvədə olan qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürmüş, 25 il keçdikdən sonra, cavabdeh yerli icra hakimiyəti orqanının üçüncü şəxs barəsində olan əlverişli inzibati aktlarının (sərəncpamlarının) etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da hüquqi müəyyənlik prinsipinə uyğun hesab oluna bilməz. Ən azından, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi nəzərədə tutur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə də, “İnzibati icraat haqqında qanunvericilik isə xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimləndiyi nəzərə alınmaqla, konkret halda, mübahisələndirilən sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə, iddiaçı tərəfindən iddia müddətini buraxıldığı halda, iddiaçının həmin sərəncamın etibarsızılığının tanınması barədə hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən İPM-in qeyd olunan 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin müddətlə bağlı yanaşmasının əsassız olduğunu və qanunsuz olaraq iddianın mümkün sayılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7896/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7896/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar