Məhkəmə qərarları › İş №2-1(103)-294/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-294/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-294/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə bərpa edilmə tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2554/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ididaçı 2009-2013-cü il tarixlərdə Bakı Asiya Universitetində Tarix müəllimliyi üzrə əyani formada təhsil almışdır. 2015-ci il tarixdə universitet fəaliyətini dayandırmış və tələblərin digər təhsil müəssisələrinə yerləşdirilməsini xahiş etmiş, Nazirlik tərəfindən xahiş təmin edilmiş və 270 tələbə digər universitetlərə yerləşdirilmişdir. 2012- 2013-cü il tarixdə ailə həyatı qurduğuna görə iddiaçının iki akademik borcu və dövlət imtahanın kəsri qaldığına görə Bakı Asiya Universitetindən xaric edilmişdir. Nazirliyə bərpa ilə bağlı müraciət etsə də məsələ müsbət həllini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2554/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmənin qərarı əsassız və qanunsuz olduğundan qərarı ləğv edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı 2013-cü ildə ATM-dən xaric edildikdən sonra, 2015-ci ildə Bakı Asiya Universiteti fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür. İddiaçının təhsil aldığı “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr Azərbaycan Universitetinə köçürülmüşdür. Lakin köçürülən tələbələrin siyahısında iddiaçının adı Bakı Asiya Universiteti tərəfindən Təhsil Nazirliyinə təqdim edilmədiyindən onun adı köçürülən tələbələrin siyahısına əlavə edilməmişdir. Bildiririk ki, Bakı Asiya Universiteti tərəfindən verilən siyahı üzrə təhsil alan tələbələr digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Bakı Asiya Universitetində təhsil alan tələbələrin siyahısında iddiaçının adı qeyd edilmədiyindən onun köçürülməsi mümkün olmamışdır Həmin dövrdə qüvvədə olan “Ali təhsil müəssisələrini bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların 4.1-ci bəndinə əsasən Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Bu Qaydaların 4.2-ci bəndinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə rektorun əmri ilə həyata keçirilir. Hazırda qüvvədə olan Qaydaların 2.3-cü bəndinə əsasən, ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, X4 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə qəbul olunan tələbələr universitetin rektorun əmri ilə tələbələr sırasına daxil edildikdən sonra, həmin tələbənin adı “Tələbə-məzun” elektron məlumat sisteminə yerləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı N.Ağazadə isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəlyin icrası haqqında iddia vasitəsilə ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarına əlavə olunmuş X2 birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı 2008-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 244 bal XH altqrupunda 212 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır. Eyni zamanda, X2 məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda və ona əlavə olunmuş tələbə anketində fəaliyyəti dayandırılmış Bakı Asiya Universiteti tərəfindən 21 yanvar 2013-cü il tarixdə “Tələbə-Məzun” məlumat sisteminə daxil edilmiş məlumatlara, eləcə də Bakı Asiya Universitetinin məhkəmə sorğusuna ünvanladığı 16 fevral 2022-ci il tarixli cavab məktubuna və cavabdeh Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim etdiyi sənədlərə və Bakı Asiya Universiteti ilə iddiaçı N.Ağazadə arasında 30 noyabr 2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən müəyyən olunur ki, 1991-ci il təvəllüdlü iddiaçı N.Ağazadə: - Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialınının “Xarici dil” ixtisasına daxili əmrlə qəbul edilmiş; - 10 sentyabr 2009-cu il tarili M/75 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla, ödənişli əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına 2-ci kursa köçürülmüş; - 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan xaric edilmiş; - 15 sentyabr 2011-ci il tarixli 105 nömrəli əmrlə ixtisasını dəyişərək tədris forması əyani olmaqla ödənişli əsaslarla Bakı Asiya Universiteti Tarix müəllimliyi ixtisasına köçürülmüş və 30 noyabr 2011-ci il tarixdə onunla həmin universitet arasında tələbə qismində qəbulu barədə müqavilə bağlanmış və təhsil haqqı ödənilməklə, tələbə bileti ilə təmin edilmişdir; - 06 mart 2013-cü il tarixli 141 nömrəli əmrlə Bakı Asiya Universitetindən akademik borca görə xaric edilmişdir. Konkret halda, işin mübahisələndirilən halları ondan ibarətdir ki, akademik borca görə xaric edilmiş iddiaçının cavabdehdən Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi müraciəti, sonuncu tərəfindən imtina ilə qarşılanır və bunun əsası kimi, “Ali təhsil müəssisələrini bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydalarının qeyd olunan 4.1-4.2; 3.2-ci müddəalarına, daha sonra, İPM-in inzibati orqanın diskression səlahiyyətini ehtiva edən 73-cü maddəsinin normalarına istinadən, iddiaçının tələbini qəbul etmir. “Qaydalar”ın adıçəkilən müddəalarından isə göründüyü kimi, tələbələr sırasından xaric olunmuş şəxslər: -xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə öz ixtisası üzrə rektorun əmri ilə bərpa olunmaq hüququna malikdir; - tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi X4 tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmadığı halda aparılır. Bununla əlaqədar məhkəmə kollegiyası birincisi, onu qeyd edir ki, “Qaydalar”ın sözügedən müddəalarında inzibati orqanın diskresion səlahiyyətini əks etdirən göstərişlərinin mövcudluğu müəyyən olunmur. Digər tərəfdən, konkret halda, iddiaçının ali təhsil müəssisələrindən birinə köçürülməsinin təmin olunması tələbi, yaranmış faktiki vəziyyətdən irəli gəlmişdir. Belə ki, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan, habelə, rəsmi internet saytı (https://az.wikipedia.org/wiki/Bak%C4%B1_Asiya_Universiteti#cite_noteedu.gov.az1edu.gov.az-1) üzrə məlumatlarına əsasən müəyyən olunur ki, 2015-ci ildə Təhsil Nazirliyinə müraciət edərək, Bakı Asiya Universiteti Elmi Şurada ali məktəbin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edildiyini bildirərək, təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmiş və Təhsil Nazirliyi tərəfindən Universitetin həmin müraciəti təmin olunaraq 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir. Konkret halda, Təhsil Nazirliyinin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən də göründüyü kimi, iddiaçı 2013-cü ildə xaric edildikdən sonra, Bakı Asiya Universiteti 2015-ci ildə fəaliyyətini dayandırmış və həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 941 saylı əmri ilə digər ali təhsil müəssisələrinə köçürülmüşdür. Göründüyü kimi, iddiaçının akademik borcuna görə universitetdən xaric edilməsəydi, onun nazirliyin qeyd olunan əmri çərçivəsində digər ali təhsil müəssisələrindən birinə köçürülcəyinin labüdlüyü aydın görünür . Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, “Qaydalar”ın istinad edilən müddəalarının hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi düzgün sayıla bilməz. Belə olan halda, həmin “Qaydalar”ın 4.1-ci bəndinə görə ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci bəndinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Həmin Qanunun 5.6-cı bəndinə əsasən dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Beləliklə də sübuta yetirilir ki, cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərkən, qanunvericiliklə üzərinə düşən öhdəliyinə uyğun hərəkət etməmiş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə onu nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin, həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2554/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2554/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar