Məhkəmə qərarları › İş №2-1(103)-294/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-294/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-294/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-2919/2023 **********919 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, təqdim ediən orderin arxiv çıxarışında ayrılan bağ sahəsinin nömrəsi və ölçüsü haqqında məlumat qeyd edilməmişdir.Həmçinin, idarədənin arxiv əsaslarında order nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə, torpaq sahəsi qonşu-sahə ilə ümumi hasar daxilində yerləşir, sənəd üzrə 1200 kv.m olsa da, faktiki 1013.6 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir.

2. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-14778/2023 **********78 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsinə Ləhiş bağ massivində yerləşən 5404 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X8 ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir, həmin müraciət daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********20 nömrəli, xx.xx.2023-cü il tarixli Bildirişlə cavablandırılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5403 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 84 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1989-cu il tarixdə vəfat etmiş atası X1 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5403 saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etmək xahiş edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Arxivininn Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-02209/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır.

5. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarından görünür ki, Ləhiş bağ massivində 81 saylı kooperativin 34 üzvü təsdiq edilmiş və onlara bağ sahələrinin ayrılması nəzərdə tutulmuşdur. 23. X7 – qeyd edilmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X9 Bağlar sahəsindəki 81 saylı kooperativ tərəfindən X6 təqdim edilmiş 23 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ona Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 81 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5403 saylı bağ ayrılmışdır.

7. Cavavbdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq Ləhiş bağ massivi 81 nömrəli BTK-nın üzvlərinin Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı ilə təsdiq edilmiş siyahısı təqdim edilmiş, həmin siyahıda 23-cü sırada X4 adı qeyd edilmişdir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivində yerləşən 5403 saylı bağın texniki göstəricilərinə görə torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m, faktiki 1013,6 kv.m torpaq sahəsi 186,4 kv.m azdır. Vətəndaşın nümayəndəsi tərəfindən göstərilən 5403 saylı bağ 5404 saylı bağ sahəsi ilə birlikdə ümumi hasarlar daxilindədir. Bağların ara sərhədləri şərti olaraq ayrılmışdır. Bağ sahəsində heç bir tikili yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5403 saylı 0,12 ha torpaq sahəsinə dair hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Soveti İcariyyə Komitəsinin 6/249 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "5403" saylı torpaq sahəsi ona ayrılmışdır. Belə ki, Bakı şəhər İcariyyə Komitəsinin X2 və İstismarı Birliyi 81 nömrəli kooperativ tərəfindən 21 iyul 1989-cu il tarixli sözügedən sərəncama əsasən ona verilmiş 23 nömrəli orderə əsasən, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0,12 ha olan torpaq sahəsi ayrılması öz təsdiqini tapır. Tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhər Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən "5403" saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan onun məktubuna xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. Səbəb olaraq isə təqdim edilən orderin arxiv çıxarışında ayrılan bağ sahəsinin nömrəsi və ölçüsü haqqında məlumat qeyd edilmədiyi göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5403 saylı 1013,6 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi” kimi dəyişdirilmişdir.

12. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “5403” saylı 0.12 ha torpaq sahəsinə dair hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, təqdim edilən orderin arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Eyni zamanda sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 1013.6 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********19 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin xx.xx.2007ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5403 saylı 1013,6 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ləhiş bağ massivi 81 nömrəli BTK-nın üzvlərinin Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı ilə təsdiq edilmiş siyahısında 23-cü sırada X4 adı var və 5403 saylı bağ sahəsi ona ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən X6 Ləhiş bağ massivində 81 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Qərarın və orderin həqiqiliyi, eləcə də iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, təqdim edilən orderin arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan:

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 28.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 29.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Ləhiş bağ massivi 81 nömrəli BTK-nın üzvlərinin Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı ilə təsdiq edilmiş siyahısında 23-cü sırada X4 adı var və 5403 saylı bağ sahəsi ona ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən X6 Ləhiş bağ massivində 81 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Qərarın və orderin həqiqiliyi, eləcə də iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur.

30. Torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlərdə 1200 kv.m qeyd edilsə də, faktiki 1013.6 kv.m təşkil edir.Cavabdehin müraciəti təmin etməkdən imtinasının bir səbəbi də bu olmuşdur.Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5403 saylı 1013,6 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

31. Apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, təqdim edilən orderin arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir.

32. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya verilmiş orderin idarənin arxivində aşkar edilməməsində iddiaçının təqsiri yoxdur.Əks halda məhkəmə iddiaçının üzərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.-ci maddəsinə zidd olaraq (İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ) əlavə yük qoymuş olar.

33. Təqdim edilən orderin arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, iş/v-83-də olan 23 nömrəli Orderin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı mərhum atası X6 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən torpaq sahəsinin nömrəsi 5403, sahəsi 0,12 hektar göstərilib.

34. Bundan əlavə apellyasiya şikayətində göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur.

35. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahəsi ilə bir hasarın içərisində olan bağ sahəsinin sahibi X8 notarial təsdiq edilmiş ərizə ilə bildirmişdir ki, bağ sahələrinin ayrıayrılıqda özəlləşdirilməsinə etirazı yoxdur.

36. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, Ləhiş bağ massivi 81 nömrəli BTK-nın üzvlərinin Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı ilə təsdiq edilmiş siyahısında 23-cü sırada X4 adı var və 5403 saylı bağ sahəsi ona ayrılmışdır.Beləliklə, İddiaçı onun mərhum atası X6 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5403 saylı 1013,6 kv.m torpaq sahəsinə dair hüququn məxsus olması barədə arayışın verilməsi üçün qanuni əsaslar yaranmışdır.

37. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5403 saylı 1013,6 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

38. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair” hissə istisna olmaqla-yəni “hüququn məxsus olması” kimi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6940/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair” hissə istisna olmaqla-yəni “hüququn məxsus olması” kimi nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar