Məhkəmə qərarları › İş №2-1(103)-2940/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2940/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2940/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Milli Monitorinq Departamentinə qarşı “cavabdehin 03.11.2019-cu il tarixli 01136 saylı aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Milli Monitorinq Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 03.11.2019-cu il tarixli 01136 saylı aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, məhkəmənin 21.04.2021-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsinə inzibati xəta haqqında qərarın mübahisələndirilməsi üçün şikayətlə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin iddiaçının nümayəndəsi iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Milli Monitorinq Departamentinə qarşı “cavabdehin 03.11.2019-cu il tarixli 01136 saylı aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçı barəsində 03.11.2019-cu il tarixli, 01136 saylı inzibati tənbeh vermə haqqında akt və ya hər-hansı qərar qəbul edilməmişdir. Ümumiyyətlə inzibati xəta haqqında hər-hansı qərarın mübahisələndirilməsi üçün inzibati xəta haqqında işə baxmış orqanın oldugu yer üzrə rayon məhkəməsində şikayət əsasında baxılmalı olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da göründüyü kimi iddiaçının tələbi cavabdeh tərəfindən barəsində tərtib edilmiş 03.11.2019-cu il tarixli, 01136 saylı inzibati xətanin törədilməsi haqqında aktın ləğv edilməsi ilə baglıdır. İşə baxan məhkəmə iddianı qeyri mümkün sayarkən qərardadını inzibati xəta haqqında aktın heç bir hüquqi nəticə dogurmadıgından yalnız həmin akt əsasında barəsində inzibati xəta haqqında qərar qəbul edildiyi təqdirdə şikayətlə aidiyyəti ümumi məhkəməyə müraciət hüququndan istifadə edə biləcəyini izah etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsində əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17- ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyil və bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5103/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar